Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?

Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır? Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar. Məsələn, namaza başlamazdan əvvəl həyətdən bir az torpaq, qum gətirmək, canamazın üstünə təmiz parça ya kağız qoyub, həmin torpağı onun üstünə səpmək və üzərinə səcdə etmək mümkündür. Yaxud namazdan əvvəl balaca bir daş, kərpic qırığı, saxsı parçası tapıb, onun üzərinə səcdə etmək də olar. Əgər bunlar da mümkün olmasa, təmiz kağızın üzərinə də səcdə etməyə icazə verilir. Asfalt (qır) üzərinə də zərurət halında səcdə etmək icazəlidir. Bu da mümkün olmasa, insan öz paltarnın ətəyinə və ya paltarın qoluna alnını qoya bilər. Əlbəttə, bütün bunlar mərhələ ilə, yəni ondan əvvəlki material tapılmadığı halda keçərlidir.



Yeni il keçirmək olarmı?

Yeni il keçirmək olarmı? Yeni il etibari (şərti) bayramdır, yəni əslində ilin əvvəlinin həqiqi mənası yoxdur. Çünki yaradılış baxımından zamanın elə bir xüsusi anı yoxdur ki, həmin an ilin əvvəli sayıla. Hazırda yer üzündə bir neçə təqvimdən istidafə edilir və hər təqvimin özünəməxsus yeni ili vardır. Bu təqvimlərin hər biri hansısa tarixi hadisəni əsas götürərək tərtib edilmişdir. Yeni ili keçirməyin öz-özlüyündə heç bir eyibi yoxdur, ancaq bu şərtlə ki:
1- Bu mərasimin keçirilməsi düşmən əqidəsinin təbliğinə səbəb olmasın.
2- Süfrələri haram qidalar bəzəməsin. .
3- Həmin mərasimdə fəsad və əxlaqi pozuculuq baş verməsin.
4- Günaha yol açmasın...



Şəriət baxımından falçıya getmək olarmı?

Şəriət baxımından falçıya getmək olarmı? Sualda deyilir: “Camaatın bəzisi kimlərinsə arasında məhəbbət yaratmaq və kimlərinsə arasında kin-küdurət yaratmaq üçün və ya itən bir əşyanı tapmaq üçün dua yazana müraciət edir. Ondan istəyilər ki problemlərini həll etsin. Bu iş şəriətdə düzgündürmü?” Cavab: “ Adətən bu işlər digərlərinə zərər yetirməklə nəticələnir. Ona görə haramdır. Həmçinin sehrdən istifadə edib, kiminsə sirrini açmaq və digər fəsadlar törətmək haramdır. Hətta belə olmasa da bu işlər tövsiyə olunmur və onlardan uzaq durmaq lazımdır. Möminlər də preoblemlərin aradan qaldırılması və bəlaların gəlməməsi üçün Allah təvəkkül etməklə, məsumları vasitə qərar verməklə və habelə yalnız məsumlardan nəql edilən dualardan istifadə etməklə bunu edə bilərlər.”



Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?

Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı? İslaminSesi.info - Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?
Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik.



Rəqs etməyin hökmü nədir?

Cavab: İslam müqəddəslərinin hədislərinə görə, rəqs etmək batil əyləncə və ləğv (lağlağı iş) sayılır. Rəqs edən insanın əl-ayaq hərəkətləri də mənasız hərəkət kimi qəbul edilir. Ona görə də, əksər fiqh alimlərinin fikrincə, rəqs etmək demək olar ki, hər bir halda bəyənilməz və günah əməldir. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi böyük günahdır. Amma batil və mənasız əməl olmaq etibarilə kişilərin kişi məclisində oynamasını da icazəli bilmirlər. Bəziləri qadınların qadın məclisində rəqs etməsini caiz bilirlər, lakin bu, birmənalı deyil. İstisna hal kimi əksər müctəhidlər qadının öz əri qarşısında rəqs etməsini qeyd edirlər. Alimlərin bir çoxunun fikirncə, yalnız qadının öz əri üçün rəqs etməsi günah sayılmaz.



Qüsl alan zaman dabanların altını da yumaq lazımdır?

Cavab: Qüsl alan zamanı bədənin zahirdə görünən hər yeri su ilə islanmalıdır. Əgər iynə ucu boyda yer quru qalsa, qüsl batildir. Dabanların altını da yumaq vacibdir. Əgər unutqanlıq üzündən və ya başqa səbəb üzündən ayaqların altı yuyulmasa, həmin qüsllə qılınan namazlar öz qüvvəsini itirmiş sayılar. Əlbəttə, bu zaman qüslün ardıcıllığını qroumaq şərtdir. Yəni əvvəlcə baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfi tamamilə yuyulmalıdır. Bu zaman ayağı qaldırıb altını da yumaq lazımdır. Bundan sonra bədənin sol tərəfi – ayağın altı da daxil olmaqla – tam yuyulmalıdır.



Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb?

Zina edən şəxsin daşqalaq olunmasının hökmü harada yazılıb? Cavab: Şəriətdə buna “rəcm” deyirlər. Rəcm hökmü Qurani-Kərimin ayələrində yoxdur. Bu barədə fiqh məzmunlu hədislərdə buyurulub. Buna görə də, rəcm hökmü bu gün alimlər arasında müəyyən müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Belə ki, bəziləri hökmün Quranda olmadığını əsas gətirərək, danırlar. Hətta bəzi mənbələrdə belə rəvayətlərə rast gəlirik ki, guya Quranda rəcmlə bağlı ayə var imiş və Peyğəmbərin (s) zamanında müsəlmanlar həmin ayəni oxuyub əməl edirmişlər. Lakin sonralar ya Peyğəmbərə (s) gələn vəhylə, ya da başqa hər hansı səbəbdən həmin ayə nəsx olmuş (öz qüvvəsini itirmiş) və Qurandan çıxarılmışdır. Amma bu kimi rəvayətlərin mötəbərliyi ciddi şübhə altındadır və Quranın təhrifdən uzaq olması prinsipinə tam ziddir.



Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi?

Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi? Cavab: Şəriətə görə, cənazə soyuduqdan sonra ona meyyit qüslü verilənə kimi kimsə toxunsa, boynuna qüsl gəlir. Buna “məssi-meyyit qüslü”, yəni cənazəyə toxunmaq qüslü deyirlər. Əsasən, cənazəni yuyan adamların boynuna bu qüsl gəlir. Amma qüslə səbəb olan bu hal başqası ilə görüşməklə və sairə yollarla ötürülə bilməz. Yəni insan məssi-meyyit qüslü etməzdən qabaq istədiyi adamla əl verib, qucaqlaşıb görüşə bilər; bunun o biri adam üçün heç bir problemi yoxdur. Boynunda məssi-meyyit qüslü olan adam Quran oxuya bilər, məscidə girə bilər, amma namaz qılmaq üçün qüsl almalıdır.



Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı?

Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı? Cavab: Bu kimi hallarda əvvəla, buraxılan səhvin nədən ibarət olması fərq edir. Əgər məclisi idarə edən şəxs İslamın əsas prinsiplərini pozan, insanları günaha salan səhvə yol veribsə, bunu yumşaq şəkildə söyləmək lazımdır. Ola bilər ki, molla bu səhvi qətiyyən pis niyyət olmadan, unutqanlıq ya bilməməzlik üzündən edib. İrad bildirərkən həddi aşmamaq və kobudluq etməmək, yaş həddini gözləmək də çox vacibdir. Unutmamalıyıq ki, ruhanilərin abrının aparılmasını Allah sevməz. Əgər mollanın səhvi xırda məsələdədirsə və o səhv heç kimin əqidəsinə, ibadətinə mənfi təsir göstərməyəcəkcə, açıb-ağartmağa dəyməz. Zərurət halında bunu məclisdən sonra, təklikdə və yumşaq tərzdə onun diqqətinə çatdırmaq olar.



Hansı Beş halda hədiyyəni geri almaq olmaz?

Hansı Beş halda hədiyyəni geri almaq olmaz? Sual: Hansı hallarda başqasına verdiyimiz bəxşişi (hədiyyəni) ondan geri ala bilərik?
Ayətullah əl-üzma Sistaninin cavabı: Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):
1. Hədiyyəni qürbət qəsdi ilə vermiş olsa.
2. Hədiyyəni qohumuna vermiş olsa. (Burada nəsəb və qan qohumu nəzərdə tutulur: ata, ana, qardaş ... və onların övladları)
3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa. İstər hədiyyə verdikdə “əvəz” şərt edilsin, istərsə də edilməsin.
4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmış olsun.
5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin.




Öncəki
Sonrakı