Həzrət Ayətullah Behcətin tövsiyə etdiyi dua ...


Həzrət Ayətullah Behcətin tövsiyə etdiyi dua ... Həzrət ustad mərhum Ayətullah Behcətin tövsiyə etdiyi dua: Kimsə dünyadan necə gedəcəyini bilmir... Böyük alim, dəyərli arif Ayətullah Şeyx Məhəmmədtəqi Behcətin vəfat idönümü münasibətilə Cənab Rəhbərin mətbuat xidməti ustadın Ayətullah Xameneiyə tövsiyə etdiyi dua haqqında yazıb.
Dörd il öncə Qum Elm Hövzəsinin ustad və tələbələri ilə görüşdə bir hədisin şərhi zamanı Cənab Rəhbər, Ayətullah Behcətin tövsiyə etdiyi duanı yada saldı. Bu Qəriq duası idi: “Ya Əllah, ya Rəhman, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik” (یا الله یا رحمان یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک). Həmin vaxt Cənab Rəhbər buyurmuşdu: “Kimsə deyə bilər ki, bizim dinimiz möhkəmdir və bu dua imanda aşağı təbəqəyə aiddir. Əslində necədir? Hər bir insan öz iman mərtəbəsindən süqut edə bilər. Dua bunu nəzərdə tutur ki, Pərvərdigara, məni hazırkı iman məqamımda möhkəm qərar ver. İnsan ali iman dərəcəsinə qalxıb bu dərəcədə dayana bilsə həyatı şirin, ölümü rahat olar. Bizim üçün çətinliklərdən biri ölüm çətinliyidir. İmam Səccad (ə) Allah-Taaladan imanının hifzini istəyir. (امتنا مهتدین غیر ضالین، طائعین غیر مستکرهین غیر عاصین) Daim doğru yolda olmuş bir insanın belə dua etməsi göstərir ki, yol təhlükəlidir.


Alverdə baha satmaq haramdırmı?


Alverdə baha satmaq haramdırmı? Baha satmaq:
Ticarətin bəlalarından biri də baha satmaqdır. Baha satmaqdan əldə olunan pul haramdır. İmam Sadiq (ə) buyurur: “Mömini aldatmaq haramdır. Malın qiyməti barədə satıcının sözünə inanan şəxsi aldatmaq haramdır.”
Nəql edirlər ki, bir dükanda fərqli qiymətə libaslar vardı. Satıcı namaz zamanı məscidə getdi. Dükanda qardaşı oğlunu qoydu. Bir bədəvi ərəb dükana gəldi və 400 dirhəmlik libas istədi. Satıcının qardaşı oğlu ona 200 dirhəmlik libas verdi. Kişi bunu bəyənib aldı. Yolda satıcı ilə rastlaşdı. Satıcı libası neçəyə aldığını soruşdu. Kişi 400 dirhəmə aldığını dedi. Satıcı dedi ki, bunun qiyməti 200 dirhəmdən artıq deyil. Ona dedi ki, libası qaytarıb pulunu alsın. Bədəvi kişi dedi ki, bu libas bizim yerlərdə 500 dirhəmədir və mən razıyam. Satıcı dedi: “Din yolunda xeyirxahlıq bütün dünya malından yuxarıdır.” Sonra onu dükana apardı, 200 dirhəmini geri qaytardı. Qardaşı oğlunu bu işi gördüyünə görə danladı. Qardaşı oğlu dedi ki, alıcı bu alverdən razı idi. Satıcı dedi: “Özünə rəva bilmədiyini başqasına rəva bilirsən?!” Doğrudan da malın qiymətini gizləmək, satıcıya bildirməmək zülmdür. Tacir Allahı yaddan çıxarmamalı, insafı gözləməlidir. Müştərinin qiymətdən xəbərdar olub-olmaması mühüm deyil, əsas odur ki, Allah həqiqəti bilir. Sənə ruzi verən Allahdırsa, qiyməti bilən Allahın hüzurunda onu aldatma.


Ticarətdə möhtəkirlik nə deməkdir?


Ticarətdə möhtəkirlik nə deməkdir? Möhtəkirlik
Bəyənilməyən yolla var-dövlət qazanmaq yollarından biri də möhtəkirlikdir. Möhtəkir bir malı yığıb saxlayır, xalqın ehtiyacı olduğu halda bazarda qıtlıq yaradır. Qiymətlər qalxdıqdan sonra həmin malı baha qiymətə satır. Buna möhtəkirlik deyirlər. İslam möhtəkirliyi qadağan edir, haram iş sayır. Çünki möhtəkirlik xalqa, müsəlman cəmiyyətinə zərərlidir. Əqli baxımdan da bu iş xoşa gələn deyil. İmam Sadiq (ə) buyurur: “Kim mənim ümmətim üçün bir gece bahalıq arzulasa Allah onun 40 il xeyir əməlini batil edər.” İslam dini malı toplayıb saxlamağı qadağan edir. Şəriət hakiminin ixtiyarı var ki, qanuni yolla möhtəkirliyin qarşısını alsın. Bu barədə Həzrət Əli (ə) Malik Əjdərə yazır: “Bazar əhli, tacirlər xalqın ehtiyaclarını ödəməkdə mühüm rol oynayırlar. Amma onların arasında elələri var ki dar baxışlıdır, pis müamilə edir, paxıldır, möhtəkirliklə məşğul olur. Yanlız öz xeyrini düşünür. Malı istədiyi qiymətə satır. Bu mənfəətpərəstlik və malın baha satılması bütün cəmiyyətə zərər vurur, hakim üçün böyük eybdir. Möhtəkirliyin qarşısını al. Həzrət Peyğəmbər (s) möhtəkirliyə yol verməyib. İslam cəmiyyətində alış-veriş ədalətlə yerinə yetirilməlidir, qiymətlər satıcı və alıcıya ziyan vurmamalıdır. Sən qadağan etdikdən sonra möhtəkirliyi davam etdirəni cəzalandır, başqalarına ibrət olsun.” ...


İslam maarifində halal işin əhəmiyyəti haqda nə buyurulur?


İslam maarifində halal işin əhəmiyyəti haqda nə buyurulur? Halal işin əhəmiyyəti:
İslamda halal ruzi qazanmaq üçün çalışmaq çox tövsiyə olunmuşdur. Dinimizdə ən pak qazanc doğru-düzgün ticarət yolu ilə əldə olunan qazancdır. Bəzi insanlar müəyyən işləri özlərinə yaraşdırmırlar. Nəticədə dolanışıq ehtiyaclarını ödəyə bilmir, başqalarına möhtac olurlar. İmam Sadiq (ə) ona ehtiyacından danışan, ticarətlə məşğul olmaq istədiyini bildirən şəxsə buyurdu: “Yük daşımaq da olsa işlə məşğul ol ki, başqalarına möhtac olmayasan.”
Peyğəmbər (s) buyurur: “Zahirən əskik sayılan bir iş xalqa əl açmaqdan yaxşıdır.” Peyğəmbər (s) halal ruzinin, doğru işin duaların qəbul olmasına təsiri barədə buyurur: “Duasının qəbul olmasını istəyən şəxs çalışsın ki, işi halal olsun, xalqa möhtac qalmasın. Bir şəxsin qarnında haram, boynunda xalqın haqqı olsa onun duası qəbul olmaz.” Başqa bir məqamda həzrət buyurur: “Haram yeməklə ibadət etmək qum üzərində ev tikmək kimidir.” Aydın məsələdir ki, evin bünövrəsi olmasa bu ev uzun müddət davam gətirməz. Haramdan çəkinməyən insanın ibadətində də fayda yoxdur.” Deyilənlərdən nəticə çıxara bilərik ki, İslam müsəlmanlara halal ruzi qazanmaq üçün çalışmağı tapşırır, halal ruzi duanın qəbul olma şərtidir, haram yeyənin ibadəti qəbul olmaz.


Namazda süstlük göstərməyin bir çox amilləri nələrdir?


Namazda süstlük göstərməyin bir çox amilləri nələrdir? Namazda süstlük göstərməyin bir çox amilləri vardır, o cümlədən:
1. Bizim namazla bağlı olan problemimiz budur ki, özümüzü namaz qılmağa möhtac hiss etmirik. Ona ancaq İlahi bir vacibat kimi baxırıq. 2. Namazda süstlıük göstərməyimizə səbəb olan amillərdən biri isə günahdır. Allah buyurur ki, şeytanla dost olmayın, onun əmrlərini yerinə yetirməyin. Çünki şeytana itaət edən, Allaha itaət etməz. 3. Dünyaya bağlı olmaq insanı namazdan soyudar. İnsan hər nə qədər dünyaya bağlı olarsa, Allahdan uzaqlaşar. 4. Namazda süstlük göstərməyin amillərindən biri də cavan və yeniyetmə olan zaman ruhi zərər görməsidir. 5. Namazda süstlük göstərməyə səbəb olan amillərdən biri də səbirsiz olmaqdır. İmam Əli (ə) buyurur: “Hər kim itaətdə səbir edər, Allah ona 600 dərəcə yazar, bu dərəcələr arasındakı fasilə yerlə ərş arasında olan fasilə qədərdir”.
Namazı əvvəl vaxtda qılmaq zahirən çətin görünsə də, səbirlə bu iş daha asan olar. Bu bizim Qiyamət günü tək nicat vasitəmiz ola bilər. Ona görə də onu yerinə yetirməyə səy göstərək.


İslam yolunda 3 şəhid vermiş səhabə qadının heyrətləndirici sözləri nələr oldu?


İslam yolunda 3 şəhid vermiş səhabə qadının heyrətləndirici sözləri nələr oldu? ÜÇ ŞƏHİD VERMİŞ QADININ HEYRƏTLƏNDİRİCİ SÖZLƏRİ
Ühüd savaşında çoxlu sayda müsəlman şəhid oldu. Peyğəmbər (s) və Əli (ə) ağır yaralandılar. Düşmənlər Peyğəmbərin (s) öldürülməsi haqda şayiə yaydılar. Bu xəbər Mədinə qadınlarını çox narahat etdi. Onlar evlərindən çıxıb bu məlumatı araşdırmağa başladılar. Bu zaman qadınlardan biri cavan oğlanın döyüş meydanından qayıtdığını gördü. Onun qabağına qaçıb soruşdu: \"Peyğəmbərdən (s) nə xəbər var?”
Həmin gənc Peyğəmbərin (s) sağ-salamat olduğunu bildiyinə görə qadının verdiyi suala cavab vermək əvəzinə dedi: \"Ey bacım! Sizin atanız şəhid oldu”. Ənsardan olan qadın bir azca narahat oldu və özünə gələndən sonra yenə soruşdu: \"Peyğəmbərdən (s) nə xəbər var?” Cavan oğlan ikinci dəfə həmin sualın cavabını verməyib əvəzində dedi: \"Bacım, sizin qardaşınız da şəhid oldu”. Qadın yenə də bir azca kədərləndi, ancaq özünə gələndən sonra soruşdu: \"Səndən soruşuram, görəsən Peyğəmbər (s) sağdır?” Cavan yenə də qadının cavabını verməyərək: \"Ey bacım! Sizin əriniz də şəhid oldu” dedi. Ənsar qadını bu dəfə qəzəblə: \"Mən qohumlarından kimin öldüyünü və kimin salamat qaldığını bilmək istəmirəm. Xahiş edirəm ki, Peyğəmbər (s) barəsində mənə bir söz deyəsən”. Yalnız bundan sonra o kişi cavab verdi: \"Peyğəmbər (s) sağ-salamatdır”. Bu sözlərdən sonra qadının üzü güldü və söylədi: \"Bizim verdiyimiz qurbanlar hədər getmədi”.(İslam tarixindən dastanlar, 2-ci cild, səh.45.)


Axirətdə nəyə daha çox ehtiyac var?


Axirətdə nəyə daha çox ehtiyac var? Axirət ehtiyacı
Dünya əhlinin çoxu xoşbəxtliyi təkcə dünyəvi ləzzətlərdə görür, öz axirətindən qəflətdədir. Hansı ki mütəfəkkirlər, hikmət əhli insanın axirət xoşbəxtliyi üçün saleh əməli şərt sayır. Davamlı, diqqətə layiq olan əməl insanı dünya və axirət xoşbəxtliyinə aparan saleh əməldir. Təqvalılar mövlası Həzrət Əli (ə) buyurur: Doğrudan da, ölümdən sonra öncədən göndərilən saleh əməldən başqa bir şey yoxdur. O zaman saleh əməldən başqa bir şey insanın ehtiyacını ödəməz. Bacardığın qədər saleh əməldən azuqə topla!
Əmirəlmöminin (ə) buyurur: Həqiqətən, axirət üçün çalışsan, oxun hədəfə dəyib.


Dünya sevgisi və Dünya zərərləri haqda İslam maarifinin baxışı


Dünya sevgisi və Dünya zərərləri haqda İslam maarifinin baxışı İslam maarifinin dünya sevgisi və dünya zərərləri haqda baxışı:
A) Dünya sevgisi: Allah-Taala öz bəndələrini dünyaya bağlılıqdan çəkindirir. Çünki dünya sevgisi, dünyaya əsarət insan üçün ən böyük bəladır. Dünyaya maraq insanda tamahkarlığı gücləndirir, Allah və axirəti yaddan çıxarır. İnsanın axirət üçün çalışması, dünya bər-bəzəyinə aldanmaması onun düşüncəsini göstərir. Bu halda insan Allah qarşısında üzü qara qalmır. Hafiz Şirazinin təbirincə, torpaq məstliyinə aldanmayanlar həqiqəti görmək gücü alıb. Əmirəlmöminin (ə) buyurur: Allahla görüşdə dünya sevgisindən zərərli iş olmaz.
B) Dünya zərərləri: İslam təlimlərində dünya işlərinə ifrat diqqət günah və xətaların səbəbidir. Dünyaya məşğulluq insana Allahı unutdurur. Bu hal insanı əbədi axirət səadətindən məhrum edir. İnsan məhşər günü anlayır ki, necə böyük bir neməti əldən çıxarıb. Bu neməti dəyərsiz dünya ləzzətlərinə satıb. Qurani-Kərim Allahdan üz çevirən, mənəviyyatdan bəhrələnməyən insanları dünyaya aldanmış insanlar adlandırır. Belə insanlar dünya ilə axirət arasında seçim aparmalı olduqları zaman dünyanı seçir, Allahdan qəflətdə qalırlar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, əgər dünya üçün çalışsan, öz alış-verişində zərər etmisən.


Allahın hüzuru dedikdə nə başa düşülür?


Allahın hüzuru dedikdə nə başa düşülür? Allahın hüzuru::
İnsan həyatının mahiyyətini məad, ölümdən sonrakı həyat təşkil edir. Qiyamət günü yaşından, cinsindən asılı olmayaraq bütün insanlar Allahın hüzurunda toplanar. İnsanın kiçik və böyük əməllərinin hesabı aparılar. Yaxşı olardı ki, insan onun axirət rüsvayçılığına səbəb olacaq əməllər barədə düşünəydi. Xeyir aqibət ardınca olan şəxs dünyanın bər-bəzəyinə aldanmaz. O daim öz axirəti barədə düşünür, saleh işlər görür ki, Allah qarşısında üzüqara olmasın. Həzrət Əli (ə) xəbərdarlıq edərək buyurur: Həqiqətən, siz axirətə doğru gedəcəksiniz, Allahın hüzurunda dayanacaqsınız.


Böyük məqsəd insanın əsl ehtiyacı!


Böyük məqsəd insanın əsl ehtiyacı! Böyük məqsəd
Bəziləri dünya həyatına elə məşğul olur ki, yaranışın əsas məqsədini yaddan çıxarır. Onlar diqqətini yalnız dünyəvi işlərə yönəldir. Bəzən insan unudur ki, yaranışında məqsəd qısa dünya həyatı yox, bu həyatda əbədi axirət üçün azuqə toplamaqdır. Bu yolda dünyanın yalanlarına aldanmamaq, iman və etiqadı, saleh əməli gücləndirmək lazımdır. Çünki Allah dərgahında bəyənilən əməl səmimi ibadət və saleh əməldir. Təqvalılar mövlası buyurur: Həqiqətən, siz var-dövlətdən qabaq saleh əmələ ehtiyaclısınız.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter