NƏDƏN QİYAMƏT GÜNÜ “YƏVMÜL HƏSRƏT\" DƏ ADLANIR?


Həsrətli gün

Qiyamət gününün növbəti adı - “həsrət günü”dür. Qiyamət günü bir gündür ki, artıq iş-işdən keçib. Əgər bu dünyada insanın vəziyyəti yaxşı olubsa, artıq o axirətdə sevinc durumundadır. Əgər bu dünyasını elə-belə başa vurubsa, bu dünyasından istifadə etməyibsə, bu dünyasında sınaqlarını verməyibsə, o gün onun üçün həsrətli bir gün olacaq, çox ağrılı bir gün olacaqdır!
Bir gün olacaq, insan həsrət keçirəcək ki, kaş mən dünyamdan istifadə edərdim! Kaş mən dünyamdan vaxtında, zamanında, istifadə edərdim və kaş mənim qəlbim dünyanın yalançı vəziyyətinə aldanmayaydı!.
Burada nəzər salaq mübarək Kitabımızın 19-cu surəsinin 39-cu ayəsinə. Buyrulur ki, “(Günahkarları, pozğun insanları, fəsad törədənləri), çəkindiriniz həsrət günündə olacaq o mənfi durumlarından”. Onların yadına salın ki, o gün həsrətdə olacaqlar.
O gün bir gün olacaq ki, artıq nəsə etmək imkanı olmayacaq, odur ki, o günü indidən yadda saxlamaq lazımdır.
Bu mövzu günümüz üçün fövqəl əhəmiyyət kəsb edən məsələlərdəndir. Təəssüflər olsun ki, yaşadığımız mühitdə, zamanda, toplumda dünyaya bağlılıq bir dəyər kimi təqdim olunur və əksinə, insanların gün ərzində aldığı məlumatlarda, əldə etdiyi informasiyalarda əbədiyyətlə bağlı, bu dünyanın müvəqqətiliyi ilə bağlı demək olar, heç bir şey olmur.
Günümüzün insanına fəsadı dünyanın bəzəyi kimi, bu dünyanı isə bir daimi şey kimi göstərirlər. Belə isə, bu ayələr əslində insanı ayıltmalıdır. Bu ayələr onun üçündür ki, insan ayıla və billə ki, bura müvəqqəti, hələlik bir yerdir. İnsan özü ilə bağlı durumda bu dünyanın müvəqqətiliyini unutsa, nəticə etibarilə əbədiyyəti əldən vermiş olar.
Vay olsun o hala ki, insan bu dünyaya aldana və özü ilə Rəbbi arasında olan münasibətə ikinci dərəcəli məsələlər kimi baxa. Vay olsun insanın o halına ki, özü ilə insanlar arasındakı münasibətlərə, toplumda onun öhdəsinə düşən məsuliyyətlərə etinasız yanaşa, ancaq elə bu dünyası üçün çalışa, əlləşə və bu dünyanın hələliyini, müvəqqətiliyini, ötəriliyini unuda!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter