Həzrət Peyğəmbər (s) və İmam Həsənə (ə) və İmam Hüseynə (ə) hansı İrsİ qoydu?


İmam Həsən (ə) üçüncü hicri ilində Ramazan ayının 15-də dünyaya gəlmişdir. Peyğəmbəri-Əkrəm (s) vəfat edəndə onun yeddi yaşı var idi. İmam Həsənin (ə) ömrünün ən bərəkətli dövrü babasınıın sağ olduğu dövrlər idi. Babasının ona və qardaşına olan məhəbbətini hamı hiss edirdi və hətta deyilənə görə bu məhəbbət həddini aşmışdı.

Həzrət Peyğəmbər (s) bu iki nəvəsini o qədər sevirdi ki, onları reyhanə (xoş ətri olan gül) adlandırır və onları iyləyirdi.

Cabir ibni Abdullah nəql edir: \"Rəsullah (s) vəfatından üç gün əvvəl İmam Əliyə (ə) buyurmuşdu: \"Salam olsun sənə ey iki xoş ətirli gülün atası! Sənə bu iki dünya gülümə görə sifariş edirəm ki, tezliklə həyatın bünövrəsi sınacaqdır. Allah məndən sonra sənin himayəçindir”.

Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra İmam Əli (ə) belə buyurdu: \"Peyğəmbərin (s) mənə buyurduğu bu iki bünövrənin biri bu idi”. Həzrət Fatimə (s.ə) dünyadan gedəndə isə İmam Əli (ə) buyurdu: \"Bu da Peyğəmbərin (s) buyurduğu ikinci bünövrə”.

Zəhəbi nəql edir: \"Peyğəmbər (s) namaz qılan zaman İmam Həsən (ə) gəlir və o Həzrətin ya belinə, ya da boynuna dırmanardı. Peyğəmbər (s) də onu aram halda qaldırardı ki, yıxılmasın. Bu dəfələrlə baş vermişdi və Həzrət namazını bitirən zaman buyururdu: \"Həqiqətən o, mənim bu dünyadakı xoş ətirli gülümdür və həqiqətən mənim bu balam seyyid və ağadır”.

İbni Abbas belə nəql edir: \"Bir gün biz Peyğəmbərin (s) xidmətində idik. Fatimə (s.ə) ağlar halda yanımıza gəldi və Peyğəmbər (s) onu bu halda görəndə soruşdu: \"Atam-anam sənə fəda olsun, qızım, niyə ağlayırsan?” Fatimə (s.ə) buyurdu: \"Həsənlə Hüseyn bayıra çıxdılar, ancaq bilmirəm hara gediblər?”. Həzrət Peyğəmbər (s) buyurdu: \"Ağlama, Allah onlara qarşı bizdən də daha mehribandır”. Əllərini göyə qaldırıb, buyurdu: \"Allahım! O ikisini himayə et və qoru”. Bu zaman Cəbrayil (ə) nazil olur və deyir: \"Ey Muhəmməd! Qəmli olma ki, o ikisi Bəni-Nəcar bağında yatıblar. Allah onlara mələk hakim etmişdir ki, o ikisini qorusun”. Bu zaman Həzrət Peyğəmbər (s) baxmayaraq ki, yanında insanlar var idi, ayağa qalxdı və Bəni-Nəcarın bağına getdi. Həsənlə (ə) Hüseynin (ə) bir-birini qucaqlayan halda yatdığını gördü. Onları qoruyan mələk qanadının birini onların altına salmışdı və o biri qanadı ilə onlara kölgə salırdı. Peyğəmbər (s) özünü onlara çatdırdı və onları öpməyə başladı. O vaxta qədər ki, yuxudan ayıldılar. Sonra Həsəni (ə) sağ çiyninə və Hüseyni (ə) sol çiyninə otuzdurdu. Əbu Bəkr Peyğəmbəri (s) bu halda görüb dedi: \"Ey Rəsullah (ə), bu uşaqlardan birini mənə verin ki, hər ikisini aparmaq sizə çətin olmasın”. Həzrət Peyğəmbər (s) buyurdu: \"Bu ikisinin miniyi yaxşı minikdir. Ona minənlər də yaxşı insanlardır. Ataları isə hər ikisindən də yaxşıdır”. Həzrət Peyğəmbər (s) bu halda məscidə qədər gəldi və orada olanlara buyurdu: \"Ey müsəlmanlar! Sizə ən yaxşı baba və nənəsi olanları tanıdımmı?” Dedilər: \"Bəli”. Buyurdu: \"Həsən və Hüseyndir. Babaları - Allahın sonuncu Rəsuludur (s) və nənələri də behişt qadınlarının seyyidəsi Xədicədir (s.ə). Ey müsəlmanlar! Sizi ən yaxşı ata və anası olanları tanıdımmı?” Dedilər: \"Bəli”. Buyurdu: \"Həsən və Hüseyndir ki, ataları Əli ibni Əbitalib (ə) və anaları isə Muhəmmədin (s) qızı Fatimədir (s.ə). Ey müsəlmanlar! Sizə ən yaxşı əmisi və bibisi olanları tanıdımmı?” Dedilər: \"Bəli”. Buyurdu: \"Həsən və Hüseyndir ki, əmiləri Cəfər ibni Abdullah və bibisi Əbitalibin qızı Hanidir. Sizə ən yaxşı dayısı və xalası olanları tanıdımmı?” Dedilər: \"Bəli”. Buyurdu: \"Həsən və Hüseyndir ki, dayıları Peyğəmbərin (s) oğlu Qasim və xalaları Peyğəmbərin (s) qızı Zeynəbdir”. Sonra buyurdu: \"Allahım! Sən bilirsən ki, Həsənlə Hüseyn behiştdədirlər. Ataları behiştdədir, anaları behiştdədir, baba və nənələri behiştdədir, dayı və xalaları da behiştdədir. Əmi və bibiləri də behiştdədir. Hər kim onları sevir - behiştdədir və hər kim onlara düşməndir, cəhənnəmdədir”.

Əllamə Məclisi nəql edir: \"Bir gün Peyğəmbəri (s) yemək yeməyə dəvət edirlər. Həzrət yolda oynayan Həsəni (ə) gördü və onu tutmağa çalışdı. Həsən (ə) qaçırdı və babası da onu tutmağa çalışırdı. Peyğəmbər (s) gülürdü və nəhayət Həsəni (ə) tutdu və bir əlini onun çənəsinə, o birisini başına qoyaraq, üzündən öpdü və buyurdu: \"Həsən məndəndir və mən də ondanam. Allah onu sevən hər kəsi sevər”.

Əbi Rafeh nəql edir: \"Həzrət Fatimə (s.ə) Həsənlə (ə) Hüseyni (ə) xəstə atasının yanına gətirmişdi. Həmin xəstəlik Peyğəmbərin (s) vəfatına səbəb oldu. Xanım ərz etdi: \"Bu ikisi sənin oğlanlarındır. Onlara bir şey irs qoy”. Peyğəmbəri-Əkrəm (s) buyurur: \"Həsənə öz ağalığımı bağışladım, ancaq Hüseynə isə uzaqgörənliyi verdim”.

Həzrət Peyğəmbər (s) həyatınıın son günlərində bu hədisi qoyub getdi. Bu hədisdə belə deyilir: \"Ey insanlar! Mən Allahın görüşünə çağırılmışam. Onu qəbul etmişəm. Mən sizin yanınızda iki ağır şey qoyub gedirəm. Allahın kitabı və itrətim. Allahın kitabı göydən yerə enmişdir, itrətim isə mənim ailəmdir. Həqiqətən, Lətif Allah mənə xəbər verdi ki, bu ikisi bir-birindən ayrılmasın ki, hövuzun (Kövsər) kənarında mənə daxil olsun. İndi baxın məndən sonra mənim bu sifarişimi necə yerinə yetirəsəksiniz”. (Səqəleyn hədisi).

Bu məşhur hədis həm Əhli-beyt (ə) məktəbində və həm əhli-təsənnün mənbələrində müxtəlif şəkillərdə bəyan edilmişdir. Peyğəmbəri-Əkrəm (s) yaxşı ki, bu əziz nəvələrinin necə şəhid olduğunu dünya gözü ilə görmədi, yəqin ki, buna taqəti çatmazdı. Çünki bu insanlar Peyğəmbərin (s) yadigar qoyub getdiyi iki əmanətə xəyanət etdilər. (\"Həvzəh”ə istinadən)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter