Həzrət Fatİmənin (s.ə) Qİyamət günü məqamı necə olacaq?


Qiyamət günü - gələcəyin ən dəhşətli və ağır anlarıdır. Məsumlar (ə) nə zaman ki, onun haqqında düşünürdülər, bihuş olurdular. Həzrət Fatimə (s.ə) də bu cür idi və vaxtının çox hissəsini o haqda düşünərdi. İmam Əli (ə) buyurur: \"Bir gün Allahın Peyğəmbəri (s) Fatimənin (s.ə) yanına gəldi. Onu qəmgin gördü. Buyurdu: \"Qızım! Niyə qəmginsən?” Fatimə (s.ə) buyurdu: \"Atacan! Qiyamət gününü yada salanda mənə əziyyət verir”. Peyğəmbər (s) buyurur: \"Bəli qızım! O gün - böyük gündür. Ancaq Cəbrayil (ə) Allah tərəfindən mənə xəbər gətirdi ki, mən diriləcək ilk insan olacağam. Sonra İbrahim (ə) və həyat yoldaşın Əli ibni Əbitalib (ə). Ondan sonra Allah Cəbrayili (ə) 70 min mələklə bir yerdə sənin ardınca göndərəcəkdir. O, sənin məzarının üzərinə nurdan yeddi günbəz qərar verər. O zaman İsrafil (ə) behişt libaslarını sənin üçün gətirər. Sən onları geyinəcəksən. Zuqayil (ə) adlı başqa bir mələk nurdan olan bir miniyi sənin üçün gətirəcəkdir. Sən o miniyə minəcəksən. Zuqayil (ə) də onu aparar. Bu zaman 70 min mələk təsbih bayraqları ilə sənin önündə gedərlər. Bir qədər gedəndən sonra 70 min huruleyn sevincli və bir-birinə bu müjdəni verən halda səni qarşılamağa tələsərlər. Hər bir mələyin əlində nur verən bir məşəl vardır. Onlar sağ tərəfdə dayanıblar. Səninlə bir yerdə hərəkət edirlər. O zaman ki, məzarından uzaqlaşırsan, Məryəm binti İmran 70 min huruleynlə səni qarşılamağa gələcək və sənə salam verəcəkdir.

Onlar sənin sol tərəfində dayanacaqlar və səninlə bir yerdə hərəkət edəcəklər. Allaha və Onun Rəsuluna ilk iman gətirən qadın olan anan Xədicə əllərində təkbir bayraqları olan 70 min mələklə səni qarşılamağa gələcəkdir. O zaman ki, insanlar toplumuna yaxınlaşırsan, Həvva, Asiya ilə 70 min huruleynlə yanına gələr və səninlə bir yerdə gedərlər. Fatiməcan, o zaman ki, insan toplumunun ortasına çatacaqsan, ərşin altından bir nəfər hamının eşidə biləcəyi səslə fəryad çəkərək deyəcəkdir: \"Gözlərinizi yerə dikin, nəzərlərinizi yerə salın ki, Peyğəmbərin (s) qızı Fatimə Siddiqə (s.ə) və onun yanındakılar keçib getsinlər. O zaman İbrahim Xəlildən (ə) və Əli ibni Əbitalibdən (ə) və ... başqa heç kim sənə baxmayacaqdır”.

Cabir ibni Abdullah Peyğəmbərdən (s) gələn hədisdə bu hadisəni belə bəyan edir: \"Qiyamət günü qızım Fatimə behişt miniklərindən birində məhşərə daxil olacaqdır. Üzərində nurdan olan günbəz olacaqdır ki, bayırdan içərisi və içəridən də bayırı görünəcəkdir. Bu nurdan olan günbəzin daxili fəzası İlahi əfv və xarici İlahi rəhmət şüasıdır. Yuxarısında nurdan tac görünəcəkdir. Dürr və yaqutdandır ki, ulduz kimi parıldayar. Miniyin hər iki tərəfində, həm sağ və həm də sol tərəfində 70 min mələk görünər. Miniyin ipi Cəbrayilin (ə) əlində olacaqdır. Yüksək səslə nida edər: \"Nəzərlərinizi yerə dikin. Bu Muhəmmədin (s.ə.) qızı Fatimədir ki, keçib gedir”. Bu zaman hətta peyğəmbərlər (ə), şəhidlər ədəb göstərərək gözlərini yerə dikəcəklər ki, Fatimə (s.ə) keçib getsin”.

Həzrət Peyğəmbər (s) davam edərək, buyurur: \"Sonra nurdan olan bir minbəri sənin üçün quracaqlar ki, yeddi pilləsi olacaqdır. Bir pillədən o biri pilləyə qədər olan məsafədə mələklər sıraya düzülər ki, əllərində nurdan bayraq tutublar. Həmçinin minbərin sağ və sol tərəfində huruleynlər sıraya düzüləcəklər. O zaman ki, minbərin yuxarısına qalaxacaqsan, Cəbrayil (ə) gələcək və deyəcək: \"Ey Fatimə! Nə istəyirsən, Allahdan istə””.

Qiyamət günü Həzrət Fatimənin (s.ə) Allahdan ilk istədiyi şey - zülmkarlardan şikayət etməkdir. Cabir ibni Abdullah Ənsari Peyğəmbərdən (s) belə nəql edir: \"O zaman ki, Fatimə (s.ə) Pərvərdigarın ərşində qərar tutacaqdır, özünü minikdən yerə atacaq və deyəcəkdir: İlahi və Seyyidi, mənimlə məni incidənlər arasında hakim ol. Allahım! Mənimlə övladımın qatili arasında hökm ver””.

Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: \"Qızım Fatimə əlində qanlı köynək tutaraq, məhşərə daxil olacaqdır. O, deyəcəkdir: \"Ey Adil və Cəbbar Allah! Mənimlə övladımın qatili arasında hakim ol”. Kəbənin Allahına and olsun ki, qızımın şikayətinə baxılacaqdır. İlahi hökm verilcəkdir”.

Həzrət Fatimənin (s.ə) Qiyamət günü Allahdan ikinci istəyi belə olacaqdır: \"Allahım! Həsənlə Hüseyni mənə göstər”. Bu zaman İmam Həsən (ə) və İmam Hüseyn (ə) Fatiməyə (s.ə) tərəf gedəcəklər. İmam Hüseynin (ə) damarlarından qan fəvvarə vuracaqdır”. Peyğəmbər (s) buyurur: \"O zaman ki, Fatiməyə (s.ə) deyiləcəkdir ki, behiştə daxil ol, deyəcəkdir: \"Məndən sonra övladlarımla nə edəcəklərini bilmədən behiştə daxil olmayacağam”. Ona deyiləcəkdir: \"Qiyamətin ortasına nəzər sal”. O tərəfə nəzər salacaq və görəcəkdir ki, İmam Hüseyn (ə) dayanmışdır və başı bədənində deyildir. Peyğəmbərin (s) qızı nalə və fəryad edər. Mələklər də fəryad edərlər.

İmam Sadiq (ə) buyurur: \"Hüseyn ibni Əli (ə) müqəddəs başını əlində tutmuş halda gələr. Fatimə (s.ə) bu mənzərəni görən zaman ürəkyandıran nalə çəkər. Bu zaman Allah qəzəblənəcəkdir. Min il yanaraq qaralmış Həbhəb adlı atəşə əmr edəcəkdir ki, Hüseyn ibni Əlinin (ə) qatillərini topla. Atəş Pərvərdigarın əmrinə əməl edərək, onların hamısını toplayacaqdır”.

Həzrət Fatimənin (s.ə) Qiyamət günü Allahdan üçüncü istəyi Əhli-beytin (ə) dostlarına və davamçılarına şəfaət diləmək olacaqdır. Dostlar və davamçılar şəfaət olunacaqlar. İmam Baqir (ə) buyurur: \"O zaman ki, Fatimə (s.ə) behişt qapısına çatacaqdır, arxasına baxacaq. Bu zaman nida gələcəkdir: \"Ey Həbibimin qızı! İndi ki, behiştə getmək əmrini vermişik, nədən nigaransan?” Fatimə (s.ə) cavab verəcəkdir: \"Ey Pərvərdigar! İstəyirəm ki, belə bir gündə şəfaətimin qəbul olması ilə məqamım məlum olsun”. Nida gələcəkdir: \"Ey Həbibimin qızı! Qayıt və insanlara nəzər sal. Hər kimin qəlbində sənin və ya övladlarının məhəbbəti gizlənmişdirsə, behiştə daxil et”.

İmam Baqir (ə) buyurur: \"Qiyamət günü hər bir insanın alnında kafir və mömin yazılmış olacaqdır. Günahları çox olan Əhli-beyt (ə) aşiqinə əmr ediləcəkdir ki, cəhənnəmə aparılsın. Bu zaman Fatimə (s.ə) onun iki gözü arasında Əhli-beytin (ə) dostu olduğunu oxuyacaqdır. Allaha ərz edəcəkdir: \"İlahi və Seyyidi! Sən məni Fatimə adlandırdın və övladlarımı mənim vasitəmlə atəşdən uzaq etdin. Vədən haqdır. Heç bir zaman vədəni ayaq altına atmazsan”. Nida çatar: \"Fatimə! Düz deyirsən! Mən səni Fatimə adlandırdım və sənin vasitənlə dostlarını, davamçılarını, övladlarının dostu və davamçılarını atəşdən uzaq etdim. Vədəm haqdır. Heç bir zaman vədəmə xəyanət etmərəm. İndi görürsən əmr etmişəm ki, bəndəmi cəhənnəmə aparsınlar. Ona görə ki, onun haqqında şəfaət edəsən və şəfaətini qəbul edim ki, mələklər, peyğəmbərlər, rəsullar və bütün insanlar sənin məqmından agah olsunlar. İndi bax, hər kimin alnında mömin yazılıbsa, al və behiştə apar””.

Allah bizləri də Xanımın şəfaətinə layiq olanlardan qərar versin!

(Erfan saytına istinadən) (deyerler.com)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter