Mömİn kİmdİr?


Mömin kimdir?

Quran:
«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir.»
Ənfal, ayə 2-4
Həmçinin müraciət edin: Tovbə 71; Yusuf 106; Muminun 1-11; Qəsəs 52-55; Səcdə 15-19; Şura 35.39; Fəth 29; Bəyyinə 5, 7-8.

Hədis:
Allahın Peyğəmbəri (s):«Mömin elə yumşaq və mülayimdir ki, sən onun axmaq olmasını zənn edərsən.» 1
Allahın Peyğəmbəri (s):«Mömin camaatın öz mal və canını etibar etdiyi kəsdir.» 2
Allahın Peyğəmbəri (s):«Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda!» 3
Allahın Peyğəmbəri (s):«Mömin salamı əvvəl verər, münafiq isə «gərək mənə salam versinlər» deyər.» 4
Allahın Peyğəmbəri (s):«Mömin ünsiyyət qurur və onunla ünsiyyət qurulur. Ünsiyyət qurmayan və ünsiyyət qurulmayan kəsdə xeyir-bərəkət yoxdur. İnsanların ən yaxşısı camaat üçün daha xeyirli olan kəsdir.» 5
Allahın Peyğəmbəri (s):«Özünün yaxşı işinə sevinən və pis işindən narahat olan kəs mömindir.» 6
Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin... Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır. Xərci azdır, çox kömək və yardım edir...İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür. Gözləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir... Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.» 7
İmam Əli (ə):«Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir... Sükutu çoxdur və vaxtı boş keçmir. Şükr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə quldan da həqir və xardır.» 8
İmam Əli (ə):«Mömin şadlıq və asayiş zamanı şükr edən, bəla və çətinlik zamanı səbrli , naz-nemət içində olan zaman isə qorxu içindədir.» 9
İmam Əli (ə):«Mömin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Öz nəfsindən arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm içindədir.» 10
İmam Əli (ə):«Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir.» 11
İmam Əli (ə):«Mömin öz dinini dünyası ilə təmizləyn kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini ilə qoruyur.» 12
İmam Səccad (ə):«Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.» 13
İmam Sadiq (ə):«Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır.» 14
İmam Sadiq (ə):«Mömin dində qüvvətli, yumşaqlıqda uzaqgörəndir. İmanı yəqinliklədir. (Dini) başa düşməyə həris, doğru yolu getməkdə şövqlüdür... İş və çətinliklərinin olmasına baxmayaraq namazını tərk etmir.» 15
İmam Sadiq (ə):«Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin.» 16
İmam Rza (ə):«Mömində üç xasiyyət olmayınca o mömin deyil: bir xüsusiyyət Allahından, bir xüsusiyyət Peyğəmbərindən (s) və bir xüsusiyyət Allahın vəlisindən (ə). Rəbbinin xüsusiyyəti sirri örtülü saxlamaq, Peyğəmbərinin (s) xüsusiyyəti xalqla mülayimlik və Allahın vəlisinin xüsusiyyəti çətinlik və sıxıntılarda səbrli olmaqdır.» 17

Möminin möhkəmliyi
İmam Baqir (ə):«Mömin dağdan da möhkəmdir. Dağdan bir şey azalar, amma möminin dinindən bir şey azalmaz.» 18
İmam Sadiq (ə):«Mömin dəmir parçasından da möhkəmdir. Dəmir parçası oda qoyulanda dəyişir, amma mömin dəfələrlə öldürülsə də qəlbində dəyişiklik yaranmır.» 19

Möminin hörməti
Allahın Peyğəmbəri (s):«Allah-taala buyurub: İzzət və cəlalıma and olsun ki, mömin bəndəmdən sevimli bir varlıq yaratmamışam.» 20
Allahın Peyğəmbəri (s):«Mömin Allah dərgahında Onun ən yaxın mələklərindən də hörmətlidir.» 21
İmam Sadiq (ə):«Möminin hörməti Kəbədən də artıqdır.» 22

Möminlər bir bədən kimidirlər
Allahın Peyğəmbəri (s):«Möminlər bir-birlərini sevmək, qarşılıqlı mehribançılıq və məhəbbət baxımından bir bədən kimidirlər. Onun bir üzvi ağrıyanda digər üzvləri yuxusuzluq və qızdırma bürüyər.» 23
Allahın Peyğəmbəri (s):«Möminlərin qanları bərabərdir, onlar başqaları müqabilində əlbirdirlər və əgər onların ən aşağısı (düşmənə) pənah versə digərləri həmin pənaha hörmət qoyarlar.» 24

Hər şeyin möminin qarşısında tə‘zim etməsi
İmam Sadiq (ə):«Mömin o kəsdir ki, hər bir şey ondan qorxur. Çünki o Allahın dinində qüdrətli və izzət sahibidir, heç nədən qorxmur və bu onun nişanəsidir.» 25
İmam Sadiq (ə):«Hər şey hətta yerin həşərat, sürünən və yırtıcıları və göyün quşları möminin qarşısında təslimdirlər.» 26

Möminlər azdırlar
İmam Əli (ə):«Allah yer üzünü insanların ehtiyaclarından xəbərdar olan və nicat, qurtuluş yolunda elm öyrənən kəsdən boş qoymayıb. Əlbəttə, onların sayı azdır. Allah bunu (keçmiş) peyğəmbərlərin ümmətlərinin içində aydınlaşdırıb və onları gələcək nəsillər üçün nümunə edib. Məsələn, Nuhun qövmü barəsində: «Onunla birlikdə çox az adam iman gətirdi.» 27
İmam Sadiq (ə):«Mömin qadın mömin kişidən, mömin kişi isə qırmızı kibritdən də az tapılandır. Sizlərdən hansınız qırmızı kibrit görmüsünüz?!» 28

Möminin əlamətləri
İmam Səccad (ə):«Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.» 29
İmam Sadiq (ə) «möminin mömin olması nə ilə bilinir?» sualının cavabında buyurmuşdur:«Allah qarşısında təslim olması və düçar olduğu sevinc və kədərlə razılaşması ilə.» 30

Möminlərin ən yaxşısı
İmam Əli (ə):«Möminlərin ən yaxşısı can, ailə və malını (Allah yolunda) daha çox təqdim edəndir.» 31
İmam Əli (ə):«Möminlərdən o şəxsin imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinci Allaha görədir.» 32

Görməyə-görməyə peyğəmbərə iman gətirənin fəziləti
Allahın Peyğəmbəri (s):«Məni görən şəxsin iman gətirməsi təəccüblü deyil, bəlkə əksinə, yazılı vərəqləri görüb əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccüblüdür.» 33
Allahın Peyğəmbəri(s):« Qardaşlarımı nə vaxt görəcəyəm?» Soruşdular:«Məgər biz sizin qardaşlarınız deyilik?» Buyurdu:«Siz mənim səhabələrimsiniz, mənim qardaşlarım mənə görmədən iman gətirən kəslərdir. Onları görmək şövqündəyəm.» 34


1 Kənzul-Ummal, hədis 690
2 Kənzul-Ummal, hədis 739
3 Kənzul-Ummal, hədis 752
4 Kənzul-Ummal, hədis 778
5 Kənzul-Ummal, hədis 679
6 Kənzul-Ummal, hədis 700
7 Biharul-Ənvar, c.67, səh.310, hədis 45
8 Biharul-Ənvar, c.69, səh.410, hədis 127
9 Ğurərul-Hikəm, hədis 1743
10 Ğurərul-Hikəm, hədis 1901
11 Ğurərul-Hikəm, hədis 1956
12 Ğurərul-Hikəm, hədis 2160
13 əl-Kafi, c.2, səh.231, hədis 3
14 əl-Kafi,c.2, səh.241, hədis 38
15 əl-Kafi,c.2, səh.231, hədis 4
16 əl-Kafi, c.2, səh.235, hədis 18
17 Tuhəful-Uqul, səh.442
18 əl-Kafi, c.2, səh.241, hədis 37
19 Biharul-Ənvar, c.67, səh.303, hədis 34
20 Biharul-Ənvar, c.71, səh.158, hədis 75
21 Kənzul-Ummal, hədis 821
22 əl-Xisal, səh.27, hədis 95
23 Musnəd İbn Hənbəl, c.6, səh.379, hədis 18408
24 Kənzul-Ummal, hədis 402
25 Biharul-Ənvar, c.67, səh.305, hədis 36
26 Biharul-Ənvar, c.67, səh.71, hədis 33
27 Nurus-Səqəleyn, c.2, səh.358, hədis 90
28 əl-Kafi, c.2, səh.242, hədis 1
29 Biharul-Ənvar, c.67, səh.293, hədis 15
30 Biharul-Ənvar, c.72, səh.336, hədis 24
31 Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid,c.18, səh.41
32 Ğurərul-Hikəm, hədis 3278
33 Kənzul-Ummal, hədis 34582
34 Kənzul-Ummal, hədis 34583


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter