Gözəl valideyn olmaq üçün nə etməliyik?


Övlad sahibi olmağı qərar alan zaman həqiqətdə ağır bir məsuliyyət altına girdiyimizi boynumuza almalıyıq. Tərbiyə etmək - əslində təlim vermək deməkdir. Biz övladlarımıza tərbiyə verən zaman necə rəftar edəcəklərini onlara təlim veririk. Yəni, onlara qanunlara riayət etməyi öyrədirik. Bu onlarda təhlükəsizlik hissini gücləndirir. Uşaqlar xoşlayırlar ki, valideynləri həmişə onlardan razı olsun. Ailə uşağa bu diqqəti ayararsa, uşağın psixologiyası sağlam inkişaf edəcəkdir.

Problemi olmayan uşaq yoxdur. Ancaq onları aradan qaldırmaq mümkündür. Mühüm olan - onlarla qurduğumuz rabitədir və tərbiyə üsuludur. Əgər tərbiyə üsulu yanlış olarsa, ya da kobudcasına təqdim edilərsə, uşaq onu qəbul etməyəcəkdir. Yaxşı ailə o ailədir ki, layiqli bir tərbiyə üsulu tərtib edə bilsin. Hər bir sahədə olduğu kimi, övlad tərbiyəsində də sözsüz ki, problemlərlə üzləşəcəyik. Əgər valideynin düzgün tərbiyə üsullarından xəbəri vardırsa, övlad tərbiyəsində müvəffəqiyət qazanar.

Qısa müddətdə daha çox inkişaf edəcəyinizi gözləməyin. Siz övladınıza çox şey öyrətmək istəyirsiniz. Ancaq onlar öyrənmək üçün həmişə hazır olmurlar. Öyrənmənin vaxta və hövsələyə ehtiyacı vardır. Əgər valideyn bu işdə səbirli olmazsa, tez bir zamanda yorulacaqdır. Bununla yanaşı, övladının yanındakı ehtiramını da itirəcəkdir. Uşaq bu cür valideynlərin sözlərinə qulaq asmırlar. Özlərini valideynə qulaq asmaqda məsuliyyətli hiss etmirlər. Tərbiyə bir gün veriləcək bir məsuliyyət deyildir. Aramlıq, mətanət istəyir. Övladınız dəfələrlə səhv edəcəkdir, ona görə də qısa bir müddətdə onlara nəyisə öyrətməyin intizarında olmayın. Övladınızdan gözlədiklərinizi azaldın, onun yaş həddini nəzərə alın.

Elə bir valıdeyn və ya uşaq yoxdur ki, eybsiz olsun. Uşaqlar adətən valideynlərin istədikləri kimi rəftar etmirlər. Uşağın dəyişməsi üçün zamana ehtiyac vardır. Bəzi valideynlər övladlarının rəftarlarını qısa müddətdə dəyişdirə bilməyəndə ümidsiz olub, bu işdən əl çəkirlər. Ancaq uşağınızın yaş həddini də nəzərə almalısınız və ondan kiçik yaşlarda çox şey gözləməməlisiniz. Siz onları həvəsləndirərək, düz yola sala bilərsiniz. Uşaqlar təşviq edilməyi və təriflənməyi xoşlayırlar. Valideyn onları təşviq edərək, yanlış rəftarlardan uzaqlaşdıra bilər. Bu yaşa baxmır. Uşaq valideynin ondan razı qalmasını çox bəyənir və ona görə də daima valideynin diqqətini cəlb etmək üçün yaxşı rəftar nümayiş etdirməyə çalışacaqdır. Ancaq uşaqların çoxu hansı rəftarların yaxşı və hansının pis olduğunu bilmirlər. Bu yolda ona valideyn kömək etməlidir.

Valideyn bunu da bilməlidir ki, övladı ideal deyildir, onun da səhvləri ola bilər. Bu təfəkkür valideyndə daha az şeylər gözləmək hissini inkişaf etdirəcəkdir. Yəni, valideyn övladından gördüyü bəyənilməyən rəftarlar zamanı tez özündən çıxmır və onu səbirlə başa salır.

Çalışın uşağınızın yaxşı xüsusiyyətlərini görəsəniz və onu tez-tez bu xüsusiyyətlərinə görə tərifləyəsiniz. Bu yolla siz onun hansı xüsusiyyətindən razı qaldığınızı da bildirmiş olarsınız. Uşaq bu xüsusiyyətləri təkrar edərək, valideyni razı salmağa çalışacaqdır.

Övladınıza dair hədəfləri onların yaş həddinə və əqli inkişafına uyğun təyin edin. Eyni yaşlı uşaqların belə inkişafı fərqli olur. Əgər valideyn qəbul etsə ki, eyni yaşda olan uşaqların inkişafı eyni olmur, onlara qarşı daha diqqətli olacaqdır. Bu gün sizin övladınıza təsir edən bir tərbiyə ola bilsin ki, sabahısı öz təsirini itirsin. Ya da bir uşağa təsir edən tərbiyə üsulu başqasına təsir etməsin. Əgər hövsələli olsanız, özünüz düzgün tərbiyə yolunu tapacaqsınız.

Atalar və analar! Bir-birinizlə həmahəng əməl edin. Əgər övladınıza qarşı eyni rəftarı nümayiş etdirsəniz, onlarda daha az problemlər görərsiniz. Uşağınızla bağlı bir iş görməmişdən qabaq hər ikiniz bu haqda məsləhətləşib, sonra iş görün. Bir yerdə bir şeyi qərarlaşdırdıqdan sonra onu həyata keçirtməyə çalışın. Hər ikiniz bu proqrama uyğun hərəkət edin.

Bunu da qeyd etmək lazımdır ki, əgər uşaqlarımızın tərbiyəli, dindar və sözə qulaq asan olmasını istəyiriksə, özümüz səbirli və təcrübəli olmalıyıq. Özümüz əxlaqlı olmalıyıq ki, onlardan da bu rəftarları tələb edə bilək. Valideyn ilk növbədə özünü islah etməlidir və sonra da övladını səbirlə tərbiyə etməlidir.


Hazırladı: Məşhədi Xanım,
Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter