Peyğəmbərimiz (ə) bütün ayələri İmam Əliyə (ə) təfsir və mənaları ilə imla etmişdirmi?!


İmam Əlinin (ə) mushəfinin mövcud olmasına dair şəkk yoxdur. Bu həqiqəti həm əhli-təsənnün və həm də Əhli-Beyt (ə) mənbələri təsdiq edir. Əhli-təsənnün alimlərindən olan Süyuti nəql edir: “İmam Əli (ə) buyurur: “Elə ki, Peyğəmbər (s) dünyadan getdi, and içdim ki, əbamı cümə namazından başqası üçün çiynimə almayım o zamana qədər ki, Quranı cəm edəm””.

Hədislərdə oxuyuruq ki, İmam Əlinin (ə) mushəfi özündən sonra övladlarına və bir-bir İmamlara (ə) çatmışdır. İndi isə İmam Zaman ağanın (ə.f) yanındadır. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Qaim (ə.f) qiyam edəcəkdir, Əlinin (ə) yazdığı mushəfi çıxardacaqdır”.

İmam Əlinin (ə) mushəfi barəsində deyilir ki, surələrinin nazil olması tərtibi ilə toplanmış və cəm edilmişdir. Muhəmmədcavad Bəlaği deyir: “Əhli-Beyt (ə) davamçıları üçün məlumdur ki, Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra əbasını çiyninə almadı, məgər namaz üçün. Quranı nüzulun tərtibi ilə cəm etdi”.

Təlhə bu mushəflə bağlı İmama (ə) sual verir və cavabında İmam Əli (ə) buyurur: “Ey Təlhə! Allahın Həzrət Muhəmmədə (s) nazil etdiyi bütün ayələr, Peyğəmbərin (s) imlası və mənim xəttimlə - mənim yanımdadır.

Ümmətin Qiyamət gününə qədər ehtiyacı olduğu hər şey: halal və haram, hədd və əhkam, mənim yanımdadır ki, Peyğəmbərin (s) imlası və mənim xəttimlə yazılmışdır”.

Bunu qeyd etməliyik ki, İmam (ə) bu sözləri deyən zaman təkcə Quran ayələrini deyil, həm də onun təfsir və izahatını da nəzərdə tutmuşdur.

Belə ki, Həzrət Əli (ə) buyurur: “Peyğəmbərə (s) elə bir ayə nazil olmamışdır, məgər o halda ki, Həzrət (s) mənim üçün qiraət və imla edərdi və mən də onu yazardım. Təfsirini, izahatını, nəsxi və mənsuxu, möhkəm və mütəşabih ayələri mənə öyrədərdi. Peyğəmbərin (s) mənə öyrətdiyi heç bir elmi unutmadım və yazdım”.

Ona görə də deyə bilərik ki, hal-hazırda mövcud olan Quranın ayələrinin sayı və mətni ilə bu mushəf arasında fərq yoxdur. Fərqi təfsir və izahatındadır, yəni Quranın batinində. Əlbəttə, o Quranı ki, İmam Əli (ə) təfsir etmişdir, şübhəsiz ki, başqa təfsirlərdən daha kamil və daha dəyərlidir. İbni Cəbri deyir: “Əgər Əlinin (ə) mushəfi tapılsaydı, onda mütləq böyük elmlər də tapılardı”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter