Həyatda əzabdan amanda qalmaq üçün Təvəssül və istiğfarın nə təsiri vardır?


Bəşəri cəmiyyətlər yalnız Allaha qayıtdıqları və həqiqi mənada tövbə və istiğfar etdikləri zaman ilahi rəhmət altına alınarlar.

وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

\"Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.\" (Ənfal, 33).

İzah: Quran ayələrinin böyük bir hissəsi keçmiş qövmlərin asi olmasına və Allahın onları cəzalandırmasına həsr olunmuşdur. Bu, müsəlmanlara və bütün bəşəri cəmiyyətlərə xatırlatmadır ki, əgər günah və pozğunluq cəmiyyətə hakim kəsilsə, təqva tərk olunsa, Allahın gizli və aşkar əzabları onlara da nazil olacaqdır. Demək, bəşəri cəmiyyətlər yalnız Allaha qayıtdıqları və həqiqi mənada tövbə və istiğfar etdikləri zaman ilahi rəhmət altına alınarlar. Yuxarıdakı ayə bu həqiqəti təkid edir ki, müşrikləri Allahın səmavi əzabından yalnız iki şey xilas edə bilər: 1. İlahi rəhmətin bariz nümunəsi olan İslam peyğəmbərinin (s) onların arasında olması. 2. Onların istiğfar etməsi və Allaha doğru qayıtması. Məlumdur ki, müsəlmanlar İslam peyğəmbərinin (s) dünyasını dəyişməsindən sonra onun rəhmani və bərəkətli vücudundan məhrum oldular. Ona görə də onların xilas yolu yalnız istiğfardır.

Hədis: İmam Əli (ə): “Yerdə Allah əzabından amanda saxlayan iki şey var idi. Onlardan biri (Peyğəmbər) götürüldü. Elə isə ikincisindən (istiğfardan) yapışın.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 88)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter