İmamın İsmətİ hədİslərdə necə bəyan olunub?


Hədislər Əhli-beyt İmamlarının isməti barədə nə deyir? Peyğəmbər və İmamların hədislərində Əhli-beytin isməti onların digər fəzilətləri qarşısında qərar tutur. Bu haqda şiə və sünni hədis mənbələrində Əhli-beytdən çoxlu kəlamlar bizə yetişmişdir.
İndi burada Həzrət Peyğəmbərdən (s) və bəzi İmamlardan bizə yetişən hədislərin bir neçəsinə işarə etməklə kifayətlənirik.

Səqəleyn hədisi
Səqəleyn hədisi hər iki məzhəbin qəbul etdiyi səhih hədislərdəndir. “Səhih” Müslimdə qeyd olunmuşdur ki, Peyğəmbər (s) buyurdu: Ey camaat, agah olun ki, mən insan olduğumdan yaxında Allahın dəvətini qəbul edib, onun hüzuruna yetişəcəm. Mən sizin aranızda iki qiymətli əmanət qoyuram: Onlardan birincisi Allahın kitabı və digəri mənim Əhli-beytimdir. (Səhihi Muslim, c.4, səh.116)
Əhməd ibn Hənbəlin “Musnəd”ində gəlmişdir: «Mən sizin aranızda iki canişin qoyuram ki, onlardan biri digərindən daha böyükdür: Allahın kitabı ki, göy və yer arasında bir bağlantıdır. Və digəri mənim itrətim olan Əhli-beytim. Bu ikisi Qiyamət günü Kövsər hovuzunun kənarında mənimlə birləşməyənə qədər bir-birindən ayrılmazlar. (Əhməd ibn Hənbəlin Musnədi, c.4, səh.30)
“Kənzül-ümmal”da belə qeyd olunur:
«انّى تارك فيكم الثّقلين ما ان تمسّكتم بهما لن تضلّوا بعدى، كتاب اللّه‏ و عترتى و انّهما لن يفترقا حتّى يردا علىّ الحوض».
Tirmizidə Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: «Ey əhali, mən sizin aranızda elə bir şey qoyub gedirəm ki, əgər ona sarılsanız heç zaman yolunuzu azmazsınız. O ibarətdir: Allahın kitabı və Əhli-beytimdən. (Sunəni-Tirmizi, c.5, səh.328)
Quran və Əhli-beyti yanaşı tutmaq və bu iki ayrılmaz mühüm əmanətlərə itaət etmək eyni şəkildə Əhli-beytin ismətini isbat edir. Çünki Quran Allahın məsum kitabı olaraq hər cür yanlışlıqdan uzaqdır. Əhli-beytdən üz çevirmək sanki həmin kitabdan üz çevirməkdir. Ona sarılmaq Qurana sarılmaqdır.
Səqəleyn hədisinin İmamların ismətinə dəlalət etməsi elə aşkardır ki, hətta əhli-sünnə alimləri də bunu etiraf edirlər.
Misirin məşhur alim və yazıçısı Tofiq Əbuelm yazır: peyğəmbər (s) öz Əhli-beytini Allahın əziz kitabı ilə yanaşı qərar vermişdir. Elə bir kitabla ki, heç zaman batil ona yol tapmayacaqdır. Və onlar heç zaman bir-birlərindən ayrılmayacaqlar. Bəllidir ki, hər hansı dini hökmlərlə müxalifət etmək Qurandan ayrılmaq hesab olunur. Peyğəmbər (s) onların bir-birindən ayrılmamasını xəbər verir. Buna görə də hədis Əhli-beytin ismətini aydınca göstərməkdədir. Peyğəmbər (s) bu hədisi müxtəlif məqamlarda zikr etdiyinə görə, onun hədəfi ümməti ona sarılmağa istiqamətləndirmişdir ki, onlar müxtəlif etiqadi və dini məsələlərdə azğınlığa düçar olmasınlar.
Ayətullah Məkarim Şirazi bu qənaətdədir: Əhli-beyt İmamları məsumdurlar. Çünki onların Qurandan ayrılmazlığı, heç bir qeyd və şərt olmadan onlara itaət etmək, onların xəta, səhv və günahdan məsumluqlarına dəlalət edir. Əgər onlar günah və xəta etsəydilər o zaman Qurandan ayrılmış olardılar. Və nəticədə, onlara itaət etmək müsəlmanları azğınlıqdan sığorta etməzdi. Necə ki, hədisin davamında buyurulur ki, onlara itaət etməklə ümmət yolunu azmaqdan uzaq olar. Bu da Əhli-beytin məsumluğuna aşkar bir dəlildir.

Digər hədislər
İbn Abbas Həzrət Peyğəmbərdən (s) belə nəql edir:
«انا و على و الحسن و الحسين و تسعة من ولد الحسين مطهرون و معصومون»؛
«Mən, Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən olan 9 İmam pak və məsumuq». (Biharul-ənvar, c.25, səh.201)
Peyğəmbər (s) Əli (ə) və onun nəslindən olan İmamları vəsf edərək buyurur:
«فانّهم خِيرة اللّه‏ عزّ و جلّ و صفوته و هم المعصومون من كلّ ذنب و خطيئة».؛
«Həqiqətən onlar (İmamlar) Allah-taalanın seçdikləridirlər və hər növ günah və xətadan məsumdurlar». (Biharul-ənvar, c.25, səh.193)
Başqa bir yerdə isə Peyğəmbər (s) buyurur ki, Həzrət Əlinin (ə) əməlini qeyd edən iki mələk ondan heç bir günah yazmadıqlarını etiraf edir.
Digər bir hədisdə isə rast gəlirik:
«هم المعصومون من كلّ ذنب و خطيئة».
«Onlar hər cür günah və xətadan məsumdurlar». (Biharul-ənvar, c.36, səh.244)
İmam Əli (ə) İmamın xüsusiyyətlərini anladarkən buyurur:
«انّه معصوم من الذّنوب كلّها... لا يزلّ فى الفتيا و لا يخطى‏ء فى‏الجواب ولا يسهو و لا ينسى... و عدلوا عن اخذ الاحكام من اهلها ممّن فرض اللّه‏ طاعتهم ممّن لا يزل ولا يخطى‏ء و لا ينسى»
«İmam bütün günahlardan məsumdur... heç bir dini hökmü bildirərkən səhvə yol verməz, cavab verərkən xəta etməz və hər cür səhvdən və unutqanlıqdan uzaqdır... Camaat İlahi hökmləri öz əhlindən, yəni, Allah itaətlərini vacib buyurduğu, xəta və unutqanlıqdan uzaq olanlardan öyrənməyə üz gətirdilər». (Biharul-ənvar, c.17, səh.108-109)
Habelə, İmam Əli (ə) başqa bir yerdə buyurur:
«انّه معصوم من الخطأ والزّلل والعمد و من الذّنوب كلّها صغيرها و كبيرها و لا يزّل ولا يخطأ و لا يلهو بشى‏ء من الامور الموبقة للدين»
«İmam xəta, səhv və hər cür böyük və kiçik günahlardan məsumdur. Səhvsiz olub, xətaya düçar olmazlar və dini viran edəcək (zərər yetirəcək) bir işlə məşğul olmazlar». (Həmin mənbə, c.65, səh.389)
İmam Səccad (ə) İmamların ismətinə işarə edərək buyurur:
«الامام منّا لا يكون الاّ معصوماً»؛
«Bizdən olan İmamların hamısı məsumdurlar». (Biharul-ənvar, c.25, səh.199)
İmam Sadiq (ə) İmamətin şərtini onun böyük və kiçik günahlara mübtəla olmadığında görür. Odur ki, buyurur:
«لا تصلح الأمامة ممن قد ارتكب من المحارم شيئاً صغيراً كان اَوْ كبيراً و ان تاب منه بعد ذلك»؛
«İmamət günaha düçar olana qismət olmaz. Hərçənd, günahlar böyük olsun və ya kiçik. Hətta, ondan sonra tövbə etsə də». (Həmin mənbə, səh.200)
O, Həzrət Peyğəmbər (s) və ilahi övliyaları belə vəsf edir:
«الانبياء و اوصياوم لاذنوب لهم لانّهم معصومون مطهّرون».
«الامام المطهّر من الذّنوب المبرّا عن العيوب ... معدن القدس و الطّهارة و النسك و الزّهادة و نسل المطهّرة ... فهو معصوم موّد موفّق مسدَّد قد أمن من الخطايا و الزّلل و العثار يخصه اللّه‏ بذلك ليكون حجّته على عباده و شاهده على خلقه»؛
«İmam hər günahdan pak və hər eybdən uzaqdır... İmam müqəddəslik, paklıq, ibadət və təqva mənbəyidir. İmam pakların nəslindəndir... O məsum şəxs, Allah tərəfindən ləyaqət tapdığından və təsdiqləndiyindən səhv, xəta və azğınlıqdan uzaqdır. Bu sifətləri Allah onlara məxsus etmişdir ki, Allahın bəndələr üzərindəki höccətləri və yaranış üzərində şahidi olsun (nümunəsi olsun)». (Əl-kafi, c.1 səh.200,202,203)
İmam Rza (ə) buyurur:
«هو معصوم موّد موفّق مسدّد قد امن الخطايا والزلل و العثار»؛
«İmam Allahın lütf və mərhəmətindən yararlanaraq hər növ xəta və səhvdən məsumdur». (Əl-kafi, c.1, səh.202-203, Biharul-ənvar, c.25, səh.127-128)
İmam Hadidən (ə) nəql olunan ziyarətnamələrin birində məsumlara xitabən oxuyuruq:
«عصمكم اللّه‏ من الذنوب و برأكم من العيوب و ائتَمنكم على الغيوب... و طهركم من الدنس و الزيغ و نزهكم من الزلل والخطأ»
«Allah sizi hər cür günahlardan pak qərar verdi, eyb və nöqsanlardan uzaq etdi. Qeybi işlərdə sizi xəbərdar etdi... və sizi hər cür çirkinlik və yanlışlıqdan pak saxladı». (Biharul-ənvar, c.99, səh.150)
İmam Əli (ə) və digər Əhli-beyt İmamları Peyğəmbərin (s) bir çox hədislərində haqq meyarı, haqqı batildən ayıran, nicat gəmisi və s. sifətlərlə qeyd olunmuşdur. Belə sifətlər yalnız məsum şəxsə yaraşar. Həmin hədislərdən son olaraq birini də söyləməklə kifayətlənirik:
«على مع الحق والحق مع على و لن يفترقا حتّى يردا على الحوض يوم القيامة».
«Əli (ə) haqq ilədir, haqq da Əli (ə) ilə, o ikisi Qiyamət günündə hovuzun kənarında mənimlə birləşənə qədər bir-birindən ayrılmazlar». (Biharul-ənvar, c.10, səh.432)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter