İsmət və şəhvət bir yerdə necə mümkündür?


Bu iradın əsas mənşəyi yanlış düşüncədən qaynaqlanır. Düşünürlər ki, insanda olan nəfsi və şəhvani hissləri günah etməyi zəruri edir. Axı, insanın müxtəlif ziddiyyətli meyllərə və hisslərə malik olmasının hikmət və fəlsəfəsi vardır. Başqa tərəfdən bu qüvvələr günahın əsas amili deyildir. Əksinə günaha meyl tapmağa zəmin yaradanlardır. Bu kimi hisslərin qarşısında ağıl və fitrət kimi güclər də vardır. Elə buna görədir ki, insan yaxşı və pisin seçimi arasında qaldıqda onlardan birini seçib digərindən üz döndərə bilir.
Peyğəmbərlər də digərləri kimi insana xas olan hiss və sifətlərə malikdirlər. Buna görə də onlarda da günah etməyə şərait var. Ancaq, bir işin həyata keçməsi üçün tək günaha zəmin olmaq kifayət deyildir. Digər tərəfdən günahın həqiqətini (pisliyini) dərk etmək, onun acı nəticələrini bilmək və pak yaşamaq duyğusu da peyğəmbərlərdə mövcud idi. Buna görə də bu duyğular onlarla günahın arasında sədd olaraq günaha meylliliyə mane olmuşdur. Həmin amillərə görə də onlar hər növ günahın qarşısında özlərini kontrol edərək uzaq olmağı bacarmışlar.
Xülasə olaraq belə nəticəyə gəlirik ki:
1. İnsanlığın bünövrəsi günah və ya xəta ilə qurul-mayıbdır;
2. Günaha şəraitin olması onun mütləq həyata keçməsini zəruri etmir;
3. İnsanda günah etməyə şəraitin olması ilə birgə onu həmin günahlardan saxlayan amillər də mövcuddur. İnsan öz ixtiyarı ilə yaxşını ya pisi seçmək qabiliyyətindədir.
4. Məsumlar insanlardan başqa varlıq olmasalar da fəzilətli insanlardırlar. Elə buna görə də əgər insanlardan bəzisi günahın həqiqətini olduğu kimi dərk etmirlərsə və günahın tərkində əzmkar iradə göstərmirlərsə özlərini nəfsi istəklərin köləsi etmiş olurlar. Bu zaman özlərini ilahi övliyalar kimi pak insanlarla müqayisə etmələri məntiqə uyğun deyil. Onların haqqı çatmır ki, öz şəxsiyyətlərindən üstün əməl sahiblərini də inkar etsinlər.


Bu arada ola bilsin belə bir sual ortaya çıxsın: Peyğəmbər və İmamlar şəhvət və nəfsani istək hisslərinə malik olaraq günahdan uzaq olurlarsa, o zaman belə hisslərin onlarda mövcud olmasının nə lüzumu var idi?

Bu sualın cavabında onu xatırlatmaq gərəkdir ki, şəhvət kimi hisslər bir tək günah işlərdə istifadə olunmur. Bəlkə evlənməyə sövq etmək, ailə qurmaq və bu yolla da bəşəriyyətin davam etməsi kimi bir çox müsbət hallar o hisslərsiz mümkün deyildir. Bəyənilməyib məzəmmət olunan isə bu hisslərdən qanun və şəriət çərçivəsindən xaric yararlanmaqdır. İnsanın da insani kamal və üstünlüyü bu kimi hisslərə malik olub onu ağıl və şəriətin idarəçiliyinə təslim etməs ilə mümkün olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter