Ruhİ sarsıntı və uğursuzluqdan qurtulmaq üçün nə etmək lazımdır?


CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ruhi halətlər və müvəffəqiyyətlərin kəsilməsindən danışan məktubunuz gəlib çatdı.
Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir.
Şərafətli bir hədisə görə, uzun illər ibadətlə məşğul olmuş bir şəxs var idi. Bu şəxs o zamanın adət-ənənəsi ilə qurban kəsdi və bu qurban qəbul olmadı. O, öz nəfsinə üz tutub dedi: «Başıma nə gəldisə, səndən gəldi. Günahkar deyildim, sən etdin.» Xitab oldu ki, bu şəxsin öz nəfsini danlması illərlə etdiyi ibadətdən daha yaxşıdır.
Siz hazırkı imanınız ilə həmin ləyaqətli halətə sahib olmalı, savabın əldə verilməsindən narahatlıq keçirməlisiniz. Buna görə də ötən zərərlərin aradan qaldırılması məqamına gəlin və Allaha şükr edin ki, sizə belə bir işıqlı vicdan vermişdir. Şükr edə-edə, şadlıq və eşqlə öz proqramlarınızın icrasına başlayın. Allahdan mərhəmət və yardım diləyin. İnşəallah, halınız yaxşılaşacaq, qəlbinizin nuraniliyi, batininizin saflığı artacaq.
Hər bir bəndə öz nəfsani halətlərini nəzarət altında saxlamalıdır. Hədisdə var: «Qəlb də dəmir kimi paslanır və Quran oxumaqla, ölümü yada salmaqla təmizlənir.» («Əlmühəccətül-beyza» 2-ci cild).
Əgər bacarsanız, öz nəfsinizi cərimə edin. Allahın itaət və razılığı yolunda onu təzyiq altında saxlayın. Bu işlərdən əlavə, malınızdan infaq edin, çox namaz qılın, Quran oxuyun. Bəzi böyük şəxsiyyətlərin haqqında deyilib ki, namazı əvvəl vaxtdan gecikdirəndə özünü ədəbləndirmək üçün bir qul azad edərdi.
Əbu-həmzə Somalinin dualarından bu seçilmiş cümlələri oxuyun və işinizdə eyb varsa, onu düzəldin.
«Ey mənim Allahım! Hər zaman ki, öz batinimi islah edib, tövbəkarlara yaxın olmaq istədimsə, qarşıya bir çətinlik çıxdı və məndən sabit qədəmliyi aldı. Sənin xidmətində olmaqdan kənar düşdüm. Mənim ağam! Bəlkə məni öz dərgahından qovub, o dərgahda xidmət etməkdən məhrum etmisən? Bəlkə, Sənin haqqında səhlənkarlıq etdiyimi görüb, məni uzaqlaşdırdın? Bəlkə, Səndən üz döndərdiyimi gördün və mənə qəzəbləndin? Bəlkə, məni yalançılar sırasında gördün və başlı-başına buraxdın? Bəlkə, Sənin bəxşişlərinə minnətdar olmadığımı gördün və məni nəsibsiz qoydun? Bəlkə, məni alimlərlə həmsöhbət, yaxın görməyib xar etdin? Bəlkə, məni qəflətdə olanlarla görüb, rəhmətindən naümid etdin? Bəlkə, məni batil əməl sahibləri ilə görüb, onlara tapşırdın? («Məfatihul-cinan»).
Yuxarıda müvəffəqiyyətsizlik amilləri sadalandı və mənə elə gəlir ki, onlar kifayət qədər oyadıcıdır. Ümid edirəm ki, siz bu amillərdən heç birinin təsiri altına düşməyəcəksiniz. Allaha ümid bağlamaqla, proqramları əvvəlki kimi icra edin. İrəliləyin, addımlayın! Böyük xoşbəxtliklər və ali dərəcələr sizin intizarınızdadır!
Ağamız Mehdi (ə.c) həzrətlərinin ətəyindən yapışın və onun zühuru üçün dua edin.
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin!Amin.

Ayətullah-üzma Safi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter