Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?


Təbəri öz «Bəşarətül-Mustafa» kitabında «Kənz» adlı mənbəyə istinad edib Əbuzərin dilindən nəql edərək belə yazır:

Peyğəmbə (s)-in yanında idim, Bilal Həbəşi və Salman da Allahın Rəsulunu ziyarətə gəlmişdilər. Bu zaman Salman qəfildən həzrəti-Mühəmməd(s)-in ayağına düşüb onun mübarək ayaqlarından öpdü. Peyğəmbər (s) onu bu işdən çəkindirib buyurdu:

– Ay Salman, əcəmlərin şahları üçün etdiklərini mənə qarşı etmə. Mən Allahın bəndələrindənəm və bəndələr kimi də yeyib-içirəm.


Salman söylədi:– Ey mənim ağam, istəyirəm, mənə həzrəti-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.

Peyğəmbər (s) gülərüzlə ona baxıb buyurdu: – Canım əlində olan Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Cəbrayıl o dəvənin sağında, Mikayıl solunda, Əli (ə.s) qabağında, Həsən və Hüseyn (ə.s) arxasınca gələrlər. Allah-təala onun qoruyucusudur. Məhşər səhnəsindən keçən zaman Allah-təala tərəfindən nida gələr:

«Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır».

Sonra başında iki ağ çadır sirat körpüsündən keçər.

Fatimə (s.ə) behiştə daxil olan zaman İlahinin onun üçün hazır etdiyi nemətlərə baxıb deyər: «Mehriban və bağışlayan Allahın adı ilə, həmd və şükr olsun o Allaha ki, qəmi və kədəri bizdən uzaqlaşdırdı. Əlbəttə, bizim Allahımız bağışlayan və mehribandır. O Allah ki, bizi öz lütfü ilə ali məqamda qərar veribdir, o məqama heç bir əzab və əziyyət yetişməyəcək».

Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: «Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim».

Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən».

Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter