Behiştin 8 qapısının üstündə yazılan nəsihətlər nələr haqqındadır?


Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
Birinci qapının üzərinə yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”.

Behiştin ikinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Axirət sevincinə çatmağın yolu - dörd sifətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara sevgi göstərmək, möminin ehtiyacını aradan qaldırmaq üçün çalışmaq, yoxsulları və miskinləri ziyarət etmək”.

Behiştin üçüncü qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Dünyada salamatlığa çatmağın yolu - dörd sifətdir: az danışmaq, az yatmaq, az yol getmək, az yemək”.

Behiştin dördüncü qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonağını əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonşusunu əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ata və anasına ehtiram etsin. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ya yaxşı söz danışsın, ya da sussun”.

Behiştin beşinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, istəyir ki, ona zülm olunmasın, gərək özü zülm etməsin. O kəs ki, istəyir ona söyüş söyməsinlər, gərək özü söyüş söyməsin. O kəs ki, istəyir zəlil və alçaq olmasın, gərək heç kimi zəlil və alçaq etməsin. O kəs ki, dünya və axirətdə möhkəm dayağa çəng vurmaq istəyir, gərək desin: “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah”.

Behiştin altıncı qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, istəyir qəbri geniş olsun - məscid inşa etsin və o kəs ki, istəyir qurdlar onu torpağın altında yeməsinlər - məsciddə çox qalsın. O kəs ki, istəyir cəsədi pak və təzə qalsın - məscidi süpürsün. O kəs ki, yerini behiştdə görmək istəyir - məscidi xalça ilə döşəsin”.

Behiştin yeddinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Ürəyin ağlığı və aydınlığı dörd sifətdədir: xəstəni ziyarət etmək, cənazəni müşayiət etmək, özün üçün kəfən almaq, borcunu qaytarmaq”.

Behiştin səkkizinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, bu qapılardan behiştə daxil olmaq istəyir, gərək dörd sifətə söykənsin: səxavət, gözəl əxlaq, sədəqə vermək, özünü Allah bəndələrinə əziyyət verməkdən saxlamaq”.
Allah Təala bizləri bu qapılardan daxil olanlardan qərar versin./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter