İnsanı başqa varlıqlardan ayırd edən dəyərləri nələrdir?


İnsanı başqa varlıqlardan ayırd edən dəyərləri:

1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.
([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam», – dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən?» – söylədilər. Allah [onlara]: «Mən bildiyim şeyi siz bilmirsiniz!» – buyurdu.) (Bəqərə-30).
([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).

2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.
([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi. Onlar: «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər. [Sonra] O: «Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir!» -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).

3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır.
([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» - soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».) (Əraf-172).
([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43).

4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mənadan, cism və candan ibarət olan bir varlıqdır.
(O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı [Adəmi] yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan [özünün yaratdığı ruhdan] üfürdü [həyat verdi]. O, sizə göz, qulaq və ürək verdi. Siz [bu nemətlərə] az şükr edirsiniz!) (Əlif, lam, mim – səcdə-7-9).

5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur.
(«Sonra Rəbbi [tövbə etdirməklə] onu seçdi. [Özünə yaxınlaşdırdı], tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.) (Taha-122).

6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məsuliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir.
(Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]). (Əhzab-72).
Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]). (Dəhr-2-3).

7. İnsan zati kəramət (hörmət) və şərəfə malikdir. Allah-taala onu digər məxluqatdan üstün tutmuşdur. O, yalnız o zaman özünün həqiqi varlığını dərk edər ki, bu zati xüsusiyyətləri başa düşsün, rəzilət, nadanlıq, əsarət (başqalarından asılılığı) və nadanlığı özündən uzaqlaşdırmış olsun.
(Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda [gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə] mindirib sahib etdik, özlərinə [cürbəcür nemətlərdən] təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. [İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boyun-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükr edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!) (İsra-70).

8. O, vicdani və batini əxlaqa malikdir. Fitri ilham ilə gözəllik və çirkinliyi dərk edir.
And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə ki, nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır. (Şəms-7-9).

9. O, yalnız Allahı yad etməklə rahatlıq tapır. Onun istəkləri sonsuz və əbədidir. Allahın müqəddəs Zatından başqa ələ gətirdiyi hər şeydən doyur və uzaqlaşmaq istəyir. İstədiyi yeganə şey varsa, o da Allahın müqəddəs Zatına qovuşmaqdır.
(O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!) (Rəd-28).
(Ey İnsan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!) (İnşiqaq-6).

10. Yer üzündə mövcud olan bütün nemətlər insan üçün yaradılmışdır.
(Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur [Allahdır!] O, hər şeyi biləndir). (Bəqərə-29).
(Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!) (Casiyə-13).

11. İnsan yalnız Allaha ibadət etmək və Onun əmrinə itaət etmək üçün yaradılmışdır.
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.) (Zariyat-56).

12. İnsan özünü yalnız Allahına itaət etməklə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unutmuş olar, artıq özünün kim olduğunu, nə üçün yarandığını, nə edəcəyini və haraya doğru gedəcəyini bilməz.
(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin.) (Həşr-19).

13. Dünyasını dəyişdiyi andan gözləri önündən «can» və «mən» pərdəsi götürülər və dünyada onun üçün gizli olan həqiqətlər aşkar olar.
(Ona belə deyiləcəkdir:] «Sən [dünyada] bundan [bu müdhiş günə uğrayacağından] qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən artıq sərrast görürsən!»). (Qaf-22).

14. O, yalnız maddi maraq üçün fəaliyyət göstərməyir və onu hərəkətə gətirən qüvvə yalnız maddi istəklər deyildir. İnsan bəzən ali hədəflər uğrunda da çalışır. Bəzən bütün fəaliyyət və səylərini yalnız Allahın razılığını əldə etmək üçün həyata keçirir.
[Qiyamət günü Allah-taala mömin kimsəyə belə buyuracaqdır:] [Ey öz imanından, əməlindən və Allahın vədindən] xatircəm olan kəs! [Və ya ey arxayın nəfs!] Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!) (Fəcr-27-28).
(Allah mömin kişilərə və qadınlara [ağacları] altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.) (Tövbə-72).
Dediklərimizdən belə məlum olur ki, Quran nöqteyi-nəzərindən insan Allah-taalanın yer üzərində təyin etdiyi xəlifə – yarı maddi və yarı ilahi olan bir varlıqdır. Allahtanıma fitrətinə malik olan azad, müstəqil, əmanətdar, özünə və ətraf mühitə qarşı məsuliyyət hiss edən və nəhayət təbiətə hakim olan məxluqdur. Onun yaradılışı zəif bir mərhələdən başlayır və getdikcə kamala doğru yüksəlir, amma yalnız Allahı yad etməklə rahatlıq tapır. İnsanın elm və əməl çərçivəsi məhdud deyildir. Zati hörmət və şərəfə sahib olan insan bəzən maddiyyata meyl etmədən məqsədinə nail olur. Ona ilahi nemətlərdən qanuni olaraq səmərəli istifadə etmə ixtiyarı verilmişdir, amma bütün bunlarla yanaşı onun Allah qarşısında müəyyən vəzifə və məsuliyyətləri də vardır. ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter