Təvəkkülün mərhələlərini yazın?


Təvəkkül sözünün mənası vəkil seçməkdir. Yəni, başqasına etimad edib, onu öz vəkili qərar vermək. (Tebyan)
Allaha təvəkkül etmək dedikdə isə, çalışqan insanın işini Allaha tapşırması nəzərdə tutulur. Allah onun ehtiyaclarından xəbərdardır. Hər bir çətinliyi həll etmək qüdrətinə malikdir.
Təvəkkülün mərhələləri vardır:

1. Təvəkkülün ilk mərhələsi. Yəni, insan işin bir hissəsini özü yerinə yetirər və həmin işin səmərəyə çatmasında elə o miqdarda özünü təsirli hesab edər. İşin nəticəsini isə Allaha tapşırar. İnsanların əksər hissəsi bu təvəkkülə etiqad bəsləyirlər.
Nəql edilir ki, bir nəfər “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”, ayəsini oxuyur və deyir: “Allahın buyurduğu bu ayəyə diqqət etsəm, iş görməyə ehtiyacım olmaz və Allah mənə kifayət edər”. Ona görə də məscidə gedir və zöhr namazına qədər ibadət edər. Yemək gözləyir, ancaq yeməkdən heç bir soraq gəlmir. Əsr namazını qılır, yenə də yeməkdən heç bir xəbər olmur. Bir qədər məsciddə yatır, ac olduğu üçün çox yata bilmir. Bu zaman iki nəfər yemək yemək üçün məscidə gəlirlər. Onlardan biri o birisinə deyir: “Bilmirəm ki, bu yatan kişi yemək yeyib, yoxsa yox?”. O birisi deyir: “İndi ki yatıbdır, dəymə, qoy yatsın”. Həmin kişi başa düşür ki, yemək əldən gedir. Hər ikisinə bildirmək üçün ki, oyaqdır, öskürür. O ikisi yeməklərindən bir qədər ona verirlər. Kişi yeməyini yeyib, məsciddən çıxır. Görür ki, qonşularından biri övladına belə nəsihət verir: “Sən Allaha təvəkkül et, Allah sənə kifayət edər”. Bu sözü eşidən zaman irəli gedib deyir: “Allah insana kifayətdir. Ancaq insan da gərək bir dəfə öskürsün”. Buna deyilir, avamcasına təvəkkül etmək. Bilir ki, ruzini Allah yetirib, ancaq öz öskürəyini bu işdə təsirli hesab edir. Bu əqidədə olduğu üçün, Allah da ona öskürmədən ruzi vermir.

2. Təvəkkülün ikinci mərhələsi. Bu təvəkkül xüsusi insanlara aiddir. O kəslər ki, Allah Təaladan başqa səbəb tanımazlar, həyatda olan bütün feyz mənbəyini Onda görərlər. Onların nəzərində heç bir başqa səbəbin əhəmiyyəti yoxdur və onlar əməl tövhidinin ən kamil mərhələsinə çatıblar. Quran bu həqiqəti belə bəyan edir: “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).
Başqa yerdə buyurur: “Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə(xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır”. (“Yunus” 107).
Xoş olsun o kəslərin halına ki, bu ayələri dərk edə bilirlər. “Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib, Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar”. (“Ənkəbut” 65).

3. Təvəkkülün üçüncü mərhələsi. Təvəkkülün üçüncü mərhələsi xüsusi xas insanların təvəkkülüdür. Bu mərhələdə insan təslim, riza məqamına çatmış olar. Bu məqama çatmaq çox çətindir. Elmi və əməli təmrinə ehtiyacı vardır. Əmirəl-möminin (ə) buyurur: “İmanın dörd sütunu vardır və onlardan biri olmazsa, naqis olar.
1. Birinci sütun odur ki, insanın həyatdakı pənahı Sübhan Allah olsun. Ondan başqa heç kəsə söykənməsin.
2. İkinci sütun budur ki, insan bütün işlərini Allaha tapşırar.
3. Üçüncü sütun – insanın İlahi təqdirə razı olması və İlahi qəzanı qəbul etməkdir.
4. Dördüncü sütun odur ki, bəndə Allah Təalanın əmrinə təslim olar”.
Ona görə də adi insanların təvəkkülü İlahi övliyaların təvəkkülü ilə fərqlənir. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter