İlahi məhəbbətə çatdıran amillər hansılardır?


İlahi məhəbbətin əldə olunmasında mərifət və ibadət ən təsirli amillərdir. İlk addımda məhəbbət mərifətlə şərtlənir. Məhbubu tanımadan sevmək olmaz. Bir az da dərinə getsək, ibadət daha artıq mərifət və məhəbbət əldə etməyə köməkçi olur. İlahi məhəbbəti gücləndirmək üçün ariflərin tövsiyələrini yada salaq:

1. Xüsusi şəraitdə gözəl və həzin səslə Quran oxumaq;
2. Allah barədə düşünmək və onun zikrini davamlı etmək;
3. İlahi nemətlərə diqqət. Bu diqqət Allahın rəhmət və məhəbbətini görməyə kömək edir;
4. Yaranışdakı gözəlliklər və qəribəliklərin mütaliəsi;
5. Əhli-Beyt (ə), övliyalar, Allah dostları ilə ruhi və mənəvi rabitə;
6. Zikr, övliyalarla ünsiyyət məclislərində iştirak etmək;
7. Mərifət və eşq əhlinin əsərlərini, şeirlərini oxumaq.

İlahi məhəbbətə doğru hərəkət yolunda ən böyük maneə dünya sevgisidir. İnsan qəlbində ilahi sevgi ilə dünya sevgisi eyni zamanda yer ala bilməz. İnsan ya dünyanın, ya da Allahın aşiqidir. Buna görə də, ilahi sevgiyə çatmaq üçün mühüm şərtlərdən biri dünya sevgisini qəlbdən çıxarmaqdır. Həzrət Əli (ə) bu barədə buyurur: “Əgər Allahı sevirsinizsə, dünya sevgisini qəlbinizdən çıxarmağınız lazımdır.” Qəlbi dünya sevgisi ilə dolmuş insan ilahi eşqdə iddialı ola bilməz. Gecə və gündüz eyni vaxtda mümkün olmadığı kimi, Allah sevgisi də dünya sevgisi ilə eyni zamanda mümkün deyil. Allah və Onun övliyalarının eşqinə çatmaq istəyən insan qəlbindəki pərdələri, hicabları bir qədər kənara çəksə faydalıdır. Bu pərdələr çəkildikcə qəlb gözü açılır. Qəlb gözü açılanda insan Allahın ona verdiyi misilsiz nemətləri görür.
vilayet.nur-az.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter