Meysəm Təmmar Əmirəlmöminin (ə) səhabəsi sirlər bilicisi olub!


Sirlər bilicisi

Əvvəldə qeyd etdiyimiz kimi, Meysəm bir çox gələcək hadisələrdən xəbərdar olmuşdur. O öncədən xəbərlər vermiş, gizli sirlərdən məlumatlı olmuşdur. Meysəm bağlı naməni oxuyur və eşitmədiyi sirri danışardı. Bütün bunları mövlası Əlidən (ə) öyrənmişdi. Özünün və başqalarının taleyindən xəbərdarlıq, gələcəkdə baş verəcək hadisələr haqqında agahlıq, onun Həzrət Əlidən (ə) öyrəndiyi elmlərdən idi. Həzrət Əli (ə) bu sayaq bilikləri yalnız böyük ruh, yüksək istedad və tutuma malik dostlarına öyrədərdi. Belə adamları \"Əshabe-sirr\" adlandır-mışlar. Meysəm də bu zümrəyə daxil idi. Meysəm bir hadisə haqqında öncədən necə deyərdisə, həmin hadisə o şəkildə də baş verərdi. Bu öncə görmələrdən bəzilərini xatırlayaq:

1. Öz şəhadətini öncədən görməsi; Meysəm dəqiq bilirdi ki, nə vaxt necə, kim tərəfindən öldürüləcək. bu barədə əvvəl də danışmışdıq.

2. Müaviyənin ölüm xəbəri; Əbu Xalid Meysəmin oğlu Salehə xəbər verdi ki: \"Bir cümə günü atanla Fəratda gəmiyə minmişdik. Qəfildən bərk gülək başladı. Atan Meysəm gəmidən düşdü və dedi: \"Gəmini möhkəm bağlayın, təhlükəyə düşməsin. Bu külək Müaviyənin ölümündən xəbər verir. O indicə öldü.\" Bir həftə sonra Şamdan qasid gəldi. Onunla görüşdük, vəziyyəti soruşduq. Dedi: \"Xalq əmin-amanlıqda yaşayır. Müaviyə ölüb və xalq onun oğlu Yezidə beyət edib.\" Müaviyənin nə vaxt öldüyünü soruşdum. Bildirdi ki, cümə günü dünyasını dəyişdi.

3. Muxtarın qiyamı; Müslümün Kufədə şəhadətindən sonra İbn Ziyad Meysəmi, Muxtarı və bir qrup başqa adamı həbs edib zindana saldı. Meysəm Muxtara dedi: \"Sən zindandan çıxacaq, Hüseyn ibn Əlinin qanını almaq üçün qiyam edəcək və İbn Ziyadı öldürəcəksən.\"

İbn Ziyad Muxtarı Zindandan çıxarıb, qətlə yetirmək istəyirdi. Elə bu məqamda Yezidin göndərdiyi qasid gəlib çatdı və məlum oldu ki, Yezid Muxtarın azad olunmasını əmr edir. İbn Ziyad Yezidin göstərişinə əsasən Muxtarı azad etdi, Meysəmi isə dardan asdı.

Muxtarın qiyamı tarixində oxumuşuq ki, o, aşura hadisəsini törədənləri cəzalandırdı. İbn Ziyadın kəsilmiş başını Muxtarın hüzuruna gətirdilər.

4. Kərbəla hadisəsi. Cəbələ Məkki adlı bir qadın nəql edir ki, Meysəm Təmmar demişdi: \"Bu ümmət Peyğəmbər (s) qızının balasını Məhərrəmin onuncu günü qətlə yetirər və Allah düşmənləri bu günü mübarək sayar. Bu hadisə hökmən baş verəcək. Bu əhvalatı mövlam Əmirəl-möminin (ə) buyurub. O mənə xəbər verib ki, Hüseynə (ə) hər şey, hətta heyvanlar, dəniz, səma, günəş, ay, ulduzlar, insanlar və mömin cinlər ağlayar. Ey Cəbələ, bil ki, Hüseyn ibn Əli (ə) qiyamətdə şəhidlər sərvəridir və onun şəhid yoldaşları başqa şəhidlərdən üstündürlər. Ey Cəbələ! Nə vaxt günəşi qan tək qırmızı görsən, bil ki, Seyyidüş-şühəda qətlə yetirilmişdir.\"

Cəbələ deyir: \"Bir gün evdən bayıra çıxdım. Günəş şüaları divarları rəngli parçalar tək qırmızı rəngə boyamışdı. Fəryad edib ağladım və dedim ki, and olsun Allaha, ağamız Hüseyn ibn Əli (ə) öldürülmüşdür!\" nardaranpiri.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter