Müaviyənin İslam ümmətinə etdiyi ən böyük xəyanəti nə oldu?


Əmir-əl-möminin Əlinin (ə) şəhadətindən sonra, xalq ikinci İmam, Həsən ibn Əli (ə) ilə bi’ət etdilər. Səltənət havasında olan Müaviyyə sakit otura bilmədi və İmama qarşı qoşun çəkib, döyüşə qalxdı.

Müaviyyə müxtəlif hiylələr və pul verməklə İmamın adamlarını və sərkərdələrini ələ alıb, özünə tərəf çəkdi. Nəhayət, sülh ünvanı ilə İmam Həsəni (ə) xilafəti ona tapşırmağa məcbur etdi. İmam (ə), xilafəti bu şərtlə Müaviyyəyə verdi ki, Müaviyyə öləndən sonra yenə xilafəti İmam Həsənə (ə), (və İmam Hüseynə) qaytarsın, şiələri incitməsin, Müaviyyə, Allah Kitabı və Peyğəmbərin (s) sünnəsi əsasında xilafəti idarə etsin... Qırxıncı hicri ilində Müaviyyə İslam xilafətini ələ keçirdi, fasiləsiz olaraq İraqa gəlib, moizə etdi, camaata xədərdarlıq edib, dedi: \"Mən sizinlə namaz, oruca görə döyüşmürdüm, bəlkə sizə hökumət etmək istəyirdim və öz məqsədimə çatdım\". O yenə deyirdi: \"İmam Həsənlə (ə) bağladığım sülh peymanı mənim ayağım altındadır\"

Müaviyyə bununla işarə edirdi ki, dini öhdəliklərə əməl etməyəcək və bütün qüvvəsini öz hökumətini saxlamağa sərf edəcək. Əlbəttə, mə’lum idi ki, o dini işlər, İslamın irəliləyişi və xalqın rifahı barəsində fikirləşsəydi, heç vaxt xilafəti İmam Həsənin (ə) əlindən almazdı. Çünki Müaviyyə də yaxşı bilirdi ki, xilafəti idarə etməyə ən layiqli şəxs, İmam Həsəndir (ə).

Müaviyyə xilafəti şahlığa çevirdi və hətta onun hüzuruna gələnlərin bəziləri ona padşah ünvanı ilə salam verirdilər. Özü də bəzi xüsusi məclislərdə öz hökumətindən şahlıq təbir edirdi.

O heç bir dini anlayışı olmayan, aşkara vaxtını şərab məclislərində keçirən, it və meymun oynadan, öz məhrəmləri ilə zina edən, heç bir ədəbi olmayan, hətta siyasətdən belə xəbəri olmayan oğlu Yezidi, özündən sonra xəlifə tə’yin etdi və bu işin qarşısında mane ola biləcək qüvvələri aradan götürdü, o cümlədən, İmam Həsəni (ə) zəhərlətdirdi. O, elan etdi ki, hər kəs əhli beytin (ə) fəzilti barəsində hədis nəql etsə, onun canı, malı, namusu, nəsli amanda deyil, başqa tərəfdən isə özü kimi səhabələrin və başqa xəlifələrin barəsində hədislər qurmağı göstəriş verdi, hədis quranlara çoxlu hədiyyələr verdi. Həmçinin, İslam ölkələrinin minbərlərinin hamısında Əliyə (ə) nasəza deyilməsini göstəriş verdi. Müaviyyə, Əlinin (ə) şiələri olan Peyğəmbər (s) səhabələrini öldürdü.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter