İslam dini Qadının işləməsinə necə baxır?


İslamda qadının işləməsi məsələsini Qurani-Kərimdə Şueyb və Musa peyğəmbərin qissəsindən başa düşə bilərik. Gəlin birlikdə bu qissəni oxuyaq və düşünək!

Allah-Taala buyurur: \"Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa (qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan) iki qadın görüb dedi: \"Sizə nə olub, dərdiniz nədir?\" Onlar: \"Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)\" – deyə cavab verdilər. (Qəsəs/23)

Musa peyğəmbər Misirdən çıxıb Mədyənə gəlir. Misirdə Fironun adamları ona sui-qəsd hazırlayırlar. Musa peyğəmbər Misirdə olarkən bir qibtini bilmədən öldürür. Allah-Taala Qurani-Kərimdə buyurur: \"Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: \"Ya Musa! Əyan-əşrəf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat şəhərdən çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!\" Musa qorxu və intizar içində şəhərdən çıxıb: \"Pərvərdigara! Məni bu zalım tayfanın əlindən qurtar!\" – dedi\". (Qəsəs/20-21)

Musa (ə) Misirdən Fələstinə getdi. Sinay səhrasını ötəndən sonra Mədyən kənarındakı bir quyuya gəlib çatdı. Bir dəstə adamın öz heyvanlarına su verdiyini gördü. Hər kəs öz heyvanını sulamaq üçün tələsirdi. Bu vaxt Musa peyğəmbər iki qadının bir dəstə adamdan uzaqda durduğunu görür. Lakin o iki qadın öz qoyunlarını su içməyə qoymur və istəmirlər ki, onların hevanları başqalarının heyvanlarına qarışsın. Bu hadisə Musanın diqqətini cəlb edir. Fikirləşir ki, necə ola bilər ki, qoyunlara su vermək üçün məhz qadınlar gəlib və nə üçün öz qoyunlarını su içməyə qoymurlar... Musa o iki qadına yaxınlaşıb soruşur: \"Sizə nə olub? Dərdiniz nədir?\" Onların cavabını eşidəndən sonra başa düşür ki, ataları qoca olduğuna görə onlar zərurət üzündən evdən çıxıblar ki, qoyunlarına su versinlər.

Bu hadisəyə diqqət yetirək. Deməli, qadının evdən çölə çıxması üçün zəruri amillər mövcud olmalıdır.

Birincisi: Onlar iki qadın idi. Bu işi görmək üçün isə tək yox, iki nəfər birlikdə evdən çıxmışdır. Ataları da qoca idi. Əgər mövzuya məntiqlə yanaşsaq, belə nəticəyə gələ bilərik ki, gərək qadınlardan biri evdən çıxanda digəri yaşlı atasının yanında qalıb ona xidmət edəydi. Lakin onlar ikisi birlikdə çıxıblar ki, bir-birilərinə həyan olsunlar. Baxmayaraq ki, bu iki qız peyğəmbər qızı idi. Amma peyğəmbər qızı olmaq onlardan birinin tək çıxmasına imkan vermir. Hər zaman şeytanın azdırmasından, hiyləsindən ehtiyatlı olmaq lazımdır.

İkincisi: O iki qadın evdən çıxmağa məcbur olsalar da, heyvanları sulamaq üçün kişilərə qarışmırlar, əksinə onlardan kənarda durub onların işlərini qurtarmasını gözləyirlər.
Bu qissə bizə öyrədir ki, əgər qadın işləmək məcburiyyətində qalsa belə, yenə də kişilərə qarışmamalıdır.

Sonra nə baş verir?

Musa onlar üçün yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını sulayır, sonra da kölgəyə çəkilib deyir: \"Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!\"
Musa peyğəmbər əlindən gələn imkanları onlara sərf edir. Bu, İslam cəmiyyətinin qadınlara göstərə biləcək borcudur. Necə ki, Musa peyğəmbər bunu etdi.
İslam dini kişi və qadın arasında heç bir fərq qoymadan onların hər birinin şəxsiyyət və iradəsini tanıyır, qadın və kişi olmasından asılı olmayaraq, hər növ ağlasığan qərarları möhtərəm sayır.

Bəzən kişilər kimi lazımi qədər fəaliyyət göstərib ruzi əldə etmək qadınlara da vacib olur. Peyğəmbərimiz (s) bu barədə buyurub: \"Halal ruzi qazanmaq, kişi və qadınlığından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir\".

Unutmayaq ki, yalnız ictimai zərurət yarandıqda qadınların işləməsi artıq İslami vəzifə hesab olunur. Belə ki, qadınlar müəyyən səbəblərə görə məcbur qaldıqda, öz ictimai ehtiyaclarını təmin etmək məqsədilə səy göstərib, halal ruzi qazanmaq üçün müəyyən addımlar atmaq onlara vacib olar.

Cəmiyyətin orta hesabla götürsək yarısı kişi, yarısı da qadındır. Onlar bir-birinə dəstək olmalı, kömək göstərməli, təminatlarını imkan daxilində ödəməlidirlər ki, qadınlarımız öz vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Yoxsa onlar da kişilər kimi bütün günü çöldə olsa, üzərinə düşən vəzifələri kim yerinə yetirəcək?!

Bəziləri cəhalət üzündən deyir: \"Əgər cəmiyyətin yarısını qadınlar təşkil edirsə, onlar işləməsə, deməli, cəmiyyətin yarısı işsizdir\". Amma onlar məsələyə birtərəfli baxırlar.
Hazırkı vaxtda qadınlarımız üçün çoxlu iş yerlərinin açılması, eyni zamanda bir çox gənclərimizin özlərinə iş axtarıb tapmaması təəccüb doğurur. Əgər cəmiyyətdə işçi qüvvəsini təşkil edən qadınlar evdarlıq etsəydilər, analıqla məşğul olsaydılar, hansı kişi evdə oturaq həyat sürərdi. İndiki dövrümüzdə bunu yaxından analiz etsək, görərik ki, evdə oturan kişilərin sayı qadınların sayından heç də azlıq təşkil etmir. Faciəmi...yoxsa...Fəlakət!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter