And içməyin neçə şərti var?


Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, dəli, məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir.

2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir.

3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Tanrı». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə (işlərlə) Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; «Xaliq» və «Raziq» adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir.

4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd
edərsə, kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, ehtiyat-vacibə görə ona əməl etməlidir.

5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, amma, sonradan mümkün olsa, kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter