Quran ayələrinə əsasən kimlər cəhənnəmdə əbədi qalacaq?


Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn:
1-Kafirlər (Ali-İmran, 116; Maidə, 37).
2-Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29).
3-Münafiqlər (Mücadələ, 17).
4-Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88).
5-Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9).
6-Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63).
7-Zalımlar (Şura, 45; bax: Yunus, 52).
8-Günah içində batanlar (Bəqərə, 81).
9-Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93).
10-Sələmçilər (Bəqərə, 275).
11-Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103).
12-Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23).
13-Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).

 Cəhənnəm əzabının əbədi yoxsa müddətli olacağı barədə ənənəvi rəyə görə, yuxarıda adı çəkilən günahlar istisna olmaqla, başqa günah sahibləri cəhənnəmdə müvəqqəti əzab çəkdikdən sonra xilas olacaqlar. Lakin xilas olanlar cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edilənlərlə müqayisədə azlıq təşkil edəcək.

 Müddətə gəlincə, bəzi cinayətlərin edilmə müddəti qısa olsa da, təsiri uzun olur. Məsələn, bir neçə dəqiqəlik eyş-işrət məclisindən sonra sərxoş olmuş sürücü qəza törədib bir neçə insanı ömürlük şikəst qoyur. Bir göz qırpımında tətiyin çəkilməsi bir insanın ölümünə, bir ailənin illər uzunu başsız qalmasına gətirib-çıxarır. Təsəvvür edin ki, ziyafət məclisində bir nəfər qəfildən otağın işıqlarını söndürür. Yaranmış qaranlıqda bir nəfər pilləkəndən yıxılıb ayağını əzir, o birisi bahalı bir qaba toxunub sındırır, üçüncüsü yemək sinisini başqasının üstünə dağıdıb onu yandırır və s. Bircə anlıq hərəkət görün nə qədər mənfi nəticələrə gətirib-çıxarır. Təbii ki, həmin adamı mühakimə edəndə ona işığın düyməsini basdığı ana görə cəza verməyəcəklər, şikəst olmuş, zərər çəkmiş insanların, sınmış əmlakın hesabını ondan soracaqlar. Başqa sözlə, həmin adam öz hərəkətinin nəticələrinə görə cavab verəcək. Qəsdən səhv bir qanun verməklə hədsiz fitnə-fəsadlara səbəb olmuş dövlət başçısının günahını həmin qanuna imza atdığı bir neçə saniyə ilə məhdudlaşdırmaq olarmı? Axirətdə veriləcək əzab da bu dünyada edilmiş cinayətin müddətinə görə deyil, yaratdığı təsirə və vurduğu ziyana uyğun olaraq seçiləcək.
(Bu mövzuya Əllamə Təbatəbai «əl-Mizan» təfsirində (Bəqərə surəsi 167-ci ayənin təfsiri), Əllamə Seyyid Mühəmməd Hüseyn Hüseyni Tehrani «Məadşünasi» kitabında (X cild) və Möhsin Qiraəti «Məad» əsərində ətraflı toxunmuşlar).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter