Peyğəmbərin (s) azançısı olan Bilalın həyatından yazın?


“Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır.
Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır.
Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır.
Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi.
Təbii ki, Kəbə üzərindən Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı.
Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına cavab verilir: “Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır.\"
Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir. Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və girami olmuşdur. Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır. Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal bir daha azan demədi. Çünki Bilalın Peyğəmbərdən (s) sonra müsəlmanlara rəhbər saydığı kəs onlarla birgə namaz qılmırdı. Həmin şəxsin haqqını, məqamını başqaları qəsb etdiyindən, Bilal onların azançısı olmaq istəmirdi. Ona görə də Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı.
Bu kitabçada Bilalın insana ruh verən şəxsiyyəti ilə tanış olacaqsınız. Olsun ki, bu tanışlıq daha bir ideal və nümunəyə yol açsın və İslam ağuşunda tərbiyə almış başqa bir şəxsdən də ilham alaq.
Bilal din, iman və etimad yolunda əzəmətli dağ kimi dayanmış bir insan nümunəsidir! O, yardımçı və yaradıcı Allahdan savay kimsəyə səcdə etməmişdir! Bəli, Bilal iman və həyat nümunəsidir! Bilalın adı, vəfası, eşqi, fədakarlığı, səbri, himməti əbədi və diridir! Salam olsun bizdən o səbr qəhrəmanına!

ALLAH YOLUNDA İŞGƏNCƏ
Məkkəni götürmüş təzə xəbərlər,
Allahpərəst quldan danışır hamı.
İşgəncə altında əzilir Bilal,
Qızmar günəş altda qovrulur canı.
* * *
Göyərmiş əzalar yaralı, qanlı,
Əqidə yolunda içilir zəhər,
Qamçılar ilan tək çalır Bilalı.
Gücsüz əzalarda qalmamış təpər.
* * *
Amma gecə karvan təki ötəsi,
Sabahkı işığa qəlbdə ümid çox.
Çox keçməz, Bilalın azan səsindən
Xain bəbəklərə batar acı ox.
* * *
Gün ötür, Kəbədən ucalır azan,
Müşrik könüllərdə qəzəb, titrəyiş.
Bilalın təkbiri ruhlara dərman,
Nəhayət, soraqda ilahi görüş.
Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.
İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu Bilalın cəzalandırılması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılığını bilən xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.
Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.
Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də, iman və iradələri sarsılmadı.
Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.
Bilal öz qəlbini Allaha tapşırmışdı və səsini çıxarmadan dözürdü. Yalnız “əhəd, əhəd” pıçıldayırdı.
İşgəncə altında eşidilən səs
Yalnız “əhəd” idi − zəif, müqəddəs!
Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: “Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!”
İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzabəziyyətindən ləzzət alır, şadlanırdılar.
Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə “əhəd, əhəd” pıçıldadığını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.
Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü. Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları sağalanadək işgəncə məqsədi ilə azad etdilər.
Üməyyə səhəri gün Bilala dedi: “Dünən səni çox incitmədim. Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi: “Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam yolunda ölmək mənim üçün çox şirindir.”
Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar. Daş-kəsək üstü ilə sürünən Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını, “əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.
Bəzən də onun yaralı bədəninə dəmirdən hazırlanmış geyim geyindirir, günəşin qabağında saxlayırdılar. Amma bu işkəncələrin təkrarı onun əzmini qırmır, əksinə, imanını daha da artırır, möhkəmləndirirdi. Bilalın böyük səbr və dözümü ətrafdakılara təsir edir, dost da, düşmən də ona əhsən deyirdi. Hətta hamının hörmətlə yanaşdığı məsihi alim Bilalın dözümünü görüb dedi: “Bilalın dözümü və onun bir Allaha inamı məni heyran qoymuşdur. And olsun Allaha, əgər bu qul bu yolda şəhid olarsa, mən onun qəbrini ziyarətgah qərar verib, ziyarətindən bəhrələnəcəyəm.
Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.
Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:

Əlbət, eşq yolunun keşməkeşi var,
Tikanlı, zəhərli, acı suallar!
Nədən Məhəmmədə iman gətirdin?
Ağanın dinindən çevrildi qəlbin.
Qızmar günəş altda, tikanlar üstə
Can əzabda, könül eşqə həvəsdə.
Bilalı tövbəyə çəksə də ağa,
Eşq tövbədən qabaq durur ayağa.
Yaman çətin olmuş onun tövbəsi,
Qırılır ağanın son iradəsi.
Sevgi həvəsiylə candan keçilmiş,
Döyüləcək qapı artıq seçilmiş.
Damarlardan axan ilahi sevgi
Bir belə əzabı duymadı sanki.
“Tövbə, tövbə” deyir zalım sorğuçu,
Haqqa qul olanın nə imiş suçu?!
Eşq mənə qalibdir, mən ona məğlub,
Artıq könül onun ləzzətin duyub,
Küləklər qoynunda yarpaq kimiyəm,
Gedəcəyim yeri hardan bilim mən?!
Gah bulud üstəyəm, gah yağış altda,
Eşq ardınca gözlər dönür saatda.
Sel üstə şütüyən yarpaqdır aşiq,
Son mənzili məşuq biləsi dəqiq.
Qızmar daşlar altda yansa da bədən,
Yenə məşuquna çatası hökmən.
Yaralardan axan laləli qanlar,
Gülşənə dönəsi nə vaxtsa naçar.
Nə qədər başda var eşqin havası,
Can daş altda, könül eşqdə yanası
Çarmıxa çəkilir gün doğmamış can.
Çılpaq əzaları qucaqlır tikan.
Ağır işgəncədən əyilsə də qədd,
Dil bir kəlmə söylər: “əhəd” ki, “əhəd”!

PEYĞƏMBƏR BUYURUQLARININ RƏVAYƏTÇİSİ BİLAL
Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.
Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal, həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: “Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum. Camaat başımıza toplandı və hamı ağladı. Bilal məndən hansı şəhərdən gəldiyimi soruşdu. İraq əhli olduğumu bildirdim. Dedi: Bəh, bəh, afərin − bir qədər susub sözünə davam etdi − ey iraqlı qardaş yaz:
“Rəhman və Rəhim Allahın adı ilə!
Azançılar möminlərin etimad etdiyi şəxslərdir. Möminlər namaz və oruclarını, cisim və canlarını azançıya etibar etmişlər. Onlar əta ediləndən savay bir şey istəməzlər. Bir şey haqqında şəfaət edərlərsə, qəbul olunar.”
Dedim: Allah sənə rəhmət buyursun, yenə də de.
Dedi: “Yaz, Allahın adı ilə! Peyğəmbərdən (s) belə bir buyuruğunu eşitdim: “Hər kəs qırx il Allah və Onun mükafatı üçün azan desə, Allah qiyamət günü ona qırx pak siddiqin əməl mükafatını əta edərək qaldırar.”
Dedim: Yenə de.
Dedi: “Allahın adı ilə! Peyğəmbərdən (s) eşitdim ki, hər kəs iyirmi il azan desə, Allah qiyamətdə onu səmanın nuru kimi parlaq halda gətirər.”
Haqq eşqinin nuru damsa qəlbinə,
Günəş də həsrətlə boylanar sənə.
Dedim: Allah sənə rəhmət etsin, yenə de.
Dedi: “Peyğəmbər (s) buyurdu: “Hər kəs on il azan desə, Allah onu öz dərgahında İbrahim dərəcəsində məşhur edər.”
Dedim: Yenə də desənə.
Dedi: “Peyğəmbər (s) buyurdu: “Hər kəs bir il azan desə, Allah onu qiyamətdə Ühüd dağı qədərincə günahı olsa da, bağışlanmış halda gətirər.”
Dedim: Yenə de.
Dedi: “Dediyimi yadda saxla, ona əməl et və Allaha ümidvar ol. Peyğəmbər (s) buyurdu: “ Hər kəs Allah yolunda, imanla ilahi mükafat üçün, Allaha yaxınlıq məqsədi ilə bir namazın azanını desə, Allah onun ötən günahlarını bağışlayar, gələcək xətalardan qoruyar, behiştdə şəhidlərlə qonşu edər.”
Dedim: Eşitdiklərinin ən yaxşısını de.
Dedi: “Vay olsun sənə, ey cavan! Könlümün telini qırdın! − Sonra ağladı. Mən də ağladım, qəlbim yandı. O davam etdi − yaz, Allahın adı ilə. Peyğəmbər (s) buyurdu: “Allah qiyamət günü hamını bir yerə toplayacağı vaxt mələkləri bayraqlar və nur nişanələrlə azançılara doğru göndərəcək. Azançılar qiymətli daşlarla bəzədilmiş atlara süvar olub, azan deyərlər.”
Bilalı yenidən ağlamaq tutdu. Mən də ona qoşuldum. Sakitləşdikdən sonra ağlamağının səbəbini soruşdum. Dedi:
“Həbibim Məhəmməddən (s) azan, azançının savabı, onun behiştdəki yeri haqqında eşitdiyim sözləri yadıma saldın. Sonra mənə baxıb dedi: “Əgər azançı ola bilsən, ölənədək bu işi davam etdirə bilsən, bu vəsflə dünyadan gedə bilsən, işə başla...” http://www.sibtayn.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter