Peyğəmbər və imam Əlinin (ə) vilayətində sabitqdəm olan Əmmar Yasir haqda yazın?


Haqqla batilin meyarı
Əlbəttə ki, insanlar haqq tərəzisinə qoyulmalı, onların şəxsiyyəti həqiqətə əsasən dəyərləndirilməlidir. Amma bəzən insan özü elə bir iman, ixlas, təqva həddinə çatır ki, haqq ölçüsü, haqq nümunəsi, haqq nişanəsi olur. Bəzən həqiqəti tanımaq üçün insanı ölçü götürmək lazım gəlir.
Bəzi insanların əməlinə, danışığına və mövqeyinə əsasən həqiqəti tanımaq olur.
Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul həzrət Məhəmmədin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün aşağıdakı hallara nəzər salaq:
1. Bir kişi Əbdüllah ibn Məsuddan soruşdular: “Əgər qarşıya bir fitnə çıxsa, haqqı tanımaq üçün nə edim?”
İbn Məsud deyir: “Qurana müraciət et.” Kişi yenə soruşur: “Əgər hər iki müxalif dəstə Qurana müraciət edib dəlillər göstərsələr necə?” İbn Məsud deyir: “Bax gör Əmmar Yasir hansı dəstədədir, sən də həmin dəstəyə qoşul, çünki Əmmar daim haqlıdır.”
2. Hüzeyfə Yəmani - bu bəsirətli və münafiq tanıyan insan dostlarına tövsiyyə edir ki, heç vaxt Əmmarın əksinə hərəkət etməsinlər. Çünki Əmmar ölümünədək haqdan ayrılmaz və haqq hardadırsa, Əmmar da onunladır.”
3. Siffeyn döyüşündə də Əmmar haqla batil ölçüsü oldu. O haraya üz tuturdusa Peyğəmbər (s) səhabələri onun ardınca gedirdilər.
4. Bəzi səhabələr Peyğəmbərin Əmmarın şəhadəti barədəki buyuruğunu əsas götürərək, o şəhid olanadək vuruşdan çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər.
Əmmar Yasirin həqiqət ölçüsü olması həzrət Peyğəmbərin (s) buyuruğuna əsaslanır. Həzrət (s) buyurmuşdur: “Əmmar haqla, haqq isə Əmmarla olur. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər.”
ŞƏHADƏT XƏBƏRI
Əmmarın döyüşlərdə və Peyğəmbərlə (s) yanaşı fəaliyyətlərdə rolu cəlbedicidir. Əhzab (Xəndək) döyüşündə Səlmanın təklifi ilə xəndək qazılarkən Əmmar var qüvvəsi ilə çalışır. Yorğun, taqətsiz, üzü-gözü toz-torpağa bulaşmış Əmmarı görən Peyğəmbər (s) buyurur: “Xəbərdar ol, ey Süməyyə oğlu, zalım qövm səni öldürəsidir.”
Bu cümləni həzrət Peyğəmbər (s) dəfələrlə, eləcə də, Mədinə məscidi tikilərkən buyurmuşdur. Bəli, Əmmarın Süffeyn döyüşündə Müaviyə ilə vuruşda şəhadətə yetəcəyi xəbərini həzrət Peyğəmbər (s) öncədən bildirmişdir.
ƏMMARIN ŞƏHADƏTI
Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şerlər oxuyurdu:
Allah doğruçudur, əzəmətlidir!
Ya Rəbb, bu intizar çoxmu çəkəcək?
Şəhadətdən keçir Sənə gedən yol,
Bu qanlı meydanda doğranam gərək.
Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi.
Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir:
Ölüm, əl çəkəsi deyilsən məndən,
Bütün dostlarımı varmişəm əldən.
Yaxşı tanıyırsan dostları bir-bir,
Qapı-qapı gəlib alırsan əsir.
Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı.
Böyük Peyğəmbər (s) səhabəsi, İmamın fədakar köməkçisi, həqiqətin və Quranın güclü müdafiəçisi Əmmarın şəhadəti İmamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmöminin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: “Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”
Bir sözlə, Əmmarın vücudu əvvəlcə qeyd olunduğu kimi, həqiqət meyarı, İmam (ə) qoşununun haqlı olmasının sübutu idi. Əmmarın şəhadətindən sonra onun döyüş yoldaşları dünyanı özləri üçün dar gördülər və düşmən qoşununa hücum edib, ona sarsıdıcı zərbələr endirdilər. Müaviyə fədakar şirlərin nərəsini xeyməsinin yaxınlığında eşidib canını qurtarmaq üçün yeni bir hiyləyə əl atdı. Onun göstərişi ilə Quran nizələrin başına keçirildi. Həzrət Əlinin (ə) qoşunundakı bəzi sadəlövh insanlar bu hiyləyə aldanaraq, hücumdan əl çəkdilər. Həzrət Əlini (ə) vadar etdilər ki, müharibənin taleyi mühakimə yolu ilə həll edilsin.
Əmmar Yasir Həzrət Əlinin (ə) güclü qolu idi. Malik Əştərin şəhadətindən sonra Müaviyə belə deyir: “Əli ibn Əbutalibin iki əli vardı. Onlardan biri Siffeyn döyüşündə kəsildi və o, Əmmar Yasir idi. O biri əli isə bu gün kəsildi və o Malik Əştərdir.” Müaviyə bu sözləri Malik Əştərin şəhadət xəbərini eşitdiyi vaxt demişdi.
Oxuduqlarınız İslam məktəbinin tərbiyəsini görmüş, vəhy çeşməsindən sirab olmuş, Məhəmmədi və Ələvi ruhundan qidalanmış bir insanın həyatından parçalar idi. Bu insanın həyatı onun əqidəsinin tərcüməçisi idi. Onun dərin imanı, ilahi etiqadı ömrünün ayrı-ayrı səhifələrində anbaan əks olunmuşdur. Adı və xatirəsi tarix səhifələrini zinətləndirən, haqtələblərə ilham verən insanlar məhz bu zümrədən olanlardır.
Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi “necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.
Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq meracına tələsdiyi günə!
http://www.sibtayn.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter