Həyatı yaxşılaşdırmaq üçün 5 tövsiyə nələrdir?


İnsan həyatında nəsihətə ehtiyac duyur. Bu yolda Məsumlardan (ə) yaxşısını tapmaq mümkün deyildir. Həyatda daha yaxşı yaşamaq üçün onların nəsihətinə qulaq asaq və əməl etməyə çalışaq.

Birinci tövsiyə.
Haqqı demək - İslam dininin ən çox əhəmiyyət verdiyi mövzulardandır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən təqvalı insan o kəsdir ki, haqqı desin. Istər ziyanına olsun, istərsə də xeyirinə”. Heç indiyə qədər düşünmüsünüzmü ki, əgər bütün insanlar düz danışsaydı, nə olardı? Əgər insanlar düz danışsaydı, kin və küdurət olmazdı, münaqişələr olmazdı, boşanma halları azalardı...

İkinci tövsiyə.
İmam Əli (ə) Kumeyli təvqalı insanlarla dost olmağa dəvət edir. Bəs təvqalı insanlar kimlərdir? Onları necə tanımaq olar? İmam Baqir (ə) buyurur: “Təqvalı insanlar - dünyanın ən az xərcləyən və ən az zəhmət verən insanlarıdır. Onların sənə ən çox kömək edəni o kəslərdir ki, təzəkkür edəndə sənə yardım edərlər, unudanda yadına salarlar, davamlı olaraq Allahın sözünü deyərlər. Daima Allahın əmrini ayaqda saxlayarlar. Allahın dostluğuna görə hər bir dostluq və sevgidən əl çəkiblər. Öz padşahlarına itaət etmək üçün dünyadan qaçıblar. Səmimi qəlbdən Allaha, Onun dostluğuna və sevgisinə üz çeviriblər”.
Əgər ətrafımıza nəzər salsaq, bu cür insanları görə bilərik. Bu pak insanlar üçün Allah rizasından başqa heç bir şey mühüm deyildir.

Üçüncü tövsiyə.
Məsumlar (ə) həmişə dostluğa və onun keyfiyyətinə çox əhəmiyyət veriblər. O cümlədən, günahkar və fasiqlə dost olmağı qadağan ediblər. İmam Əli (ə) Kumeylə verdiyi tövsiyəsində buyurur: “Ey Kumeyl! Fasiqlərdən və günahkarlardan uzaq ol!”.

Dördüncü tövsiyə.
Çox təəssüf ki, müasir həyatda rast gəldiyimiz insanların bəzisi zahirdə gözəl görünsə də, daxildə xəbis və ikiüzlüdürlər. Onlar dostluq vədəsi ilə gəlirlər, lakin əziyyətdən başqa insana heç bir şey vermirlər. Bu cür insanlarla ünsiyyət zamanı diqqətli olmaq lazımdır. Çünki onlar yaxşı sirdaş deyildirlər. Qeybət etməyi və töhmət vurmağı sevirlər. Onların sözünə etimad etmək olmaz. Onlar sizinlə görüşən zaman deyirlər ki, sən başqalarından fərqlisən. Lakin sizinlə rəftarları başqalarından fərqli deyildir. Əməl meydanında sizi həmişə tək qoyarlar. Ona görə də Məsumların (ə) bizə dördüncü tövsiyəsi budur ki, ikiüzlü insanlarla rəftarımıza diqqət edək və onlarla çox yaxın olmayaq. İmam Əli (ə) buyurur: “Münafiq və ikiüzlülərə diqqət et”.

Beşinci tövsiyə.
Məsumların (ə) beşinci tövsiyəsi budur ki, xain insanla yoldaş olmayaq. İmam Əli (ə) buyurur: “Xəyanət edənlə rəfiq olma”. Xəyanət həmişə nifaq yaradar. Ona görə də xain insan sizin yoldaşınız olmamalıdır. İnsan dostu ilə ona görə həmsöhbət olar ki, ruhu səfa tapsın. Çətin günlərdə onu rahatlada bilsin. Lakin xain insan hər an sizə xəyanət edə bilər. Bacardığımız qədər bu insanlardan uzaq olmaq lazımdır. Həzrət Peyğəmbər (s) xain insan üçün bu sifətləri saymışdır:
“1. Allaha itaətsizlik edərlər.
2. Qonşulara əziyyət verərlər.
3. Hamıya nifrət edərlər.
4. Üsyana yaxın olarlar”.
Xəyanətin bariz nümunəsi - insanların əmanətinə edilən xəyanətdir.
Məsumların (ə) bizə verdiyi bu beş tövsiyə yoldaş və dostla bağlı olsa da, həyatımızın hər bir sahəsində bizə lazımlıdır. Əgər bu beş tövsiyəyə əməl etsək, həyatımız daha şirin və daha az əziyyətsiz olar. Hazırladı: Məşhədi Xanım, Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter