Qəm və qüssəni aradan aparmaq üçün zikrlər və istiğfarlar nələrdir?


Quran ayələri və hədislər qəm və qüssəni aradan aparmağın yollarını tövsiyə edir ki, onlara işarə edək:
1. Allahla dostluq.
Allahla davamlı olaraq qəlb rabitəsi yaratmaq və Onunla dostluq etmək insana qəlb rahatlığı gətirər. Bütün nigarançılıqları və iztirabları insandan uzaq edər. Dahi insanların yüksək ruhiyyəyə, aram ürəyə malik olmaqlarının səbəbi də Allahla dost olmaqlarıdır. “Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar”. (“Yunus” 62).
“Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Əhqaf” 13).
“Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. (“Fatir” 34).

2. Yəqin.
Möminlik müsəlmanlıqdan yüksəkdir. Yəqin və inam isə təqvanın ən yüksək dərəcələridir. Allah bəndələri arasında ən az paylanan şey - yəqindir. Hər nə qədər yəqin nuru insan ürəyində çox olarsa, şuhudu kamil olar. İmam Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətdə buyurur: “Yəqin necə gözəl qəm aparandır”.
İmam Səccad (ə) buyurur: “Xoşagəlməz təqdirə razı olmaq - inamın ən yüksək mərtəbəsidir”.
İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) meracda olanda Allahdan soruşur: “Pərvərdigara! Orucun nə nəticəsi vardır?”. Allah Təala buyurur: “Oruc hikmətə səbəb olar. Hikmət tanımağa səbəb olar. Haqqı tanımaq yəqinə səbəb olar. Nə zaman Allah bəndəsi yəqin mərtəbəsinə çatar, ruzigarı çətin və ya asan keçirəcəyindən qorxmaz”.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən Allah Öz ədalətinə görə rahatlığı və xürrəmi yəqinlikdə və rizada qərar vermişdir”.
İmam Kazım (ə) buyurur: “O kəs ki, qəm yeyər - qəmə layiqdir. Ona görə də mömin gərək Allaha və Onun etdiklərinə razı olsun”.
3. Dünyanı və əhlini tanımaq.
Dünya - çətinliklər evidir. Dünya məhəbbəti ruhu əsir edər. Şadlığı qalıcı deyildir. Hər kim onu tanıyar, ümidlərinə sevinməz və çətinliklərinə görə qəmgin olmaz. Allah Təala buyurur: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
İmam Əli (ə) buyurur: “O şey ki, əldən getmişdir, qəmi ürəyinə buraxma ki, səni o şeydən ki, gələr, ondan saxlayar”.
4. Allahdan yardım istəmək.
Bəzən insan ruzigarın çətinliyinə görə taqətsizlik edir. Şeytan da bu haldan istifadə edir. Ümidsizlik və şəkk qapılarını açır. Yavaş-yavaş onu Allaha qarşı bədbin edir. O, da naşükür olur. Belə halda Allaha pənah aparmaq və şeytandan uzaq olmaq çox təsirlidir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edər, Allah qəm düyünlərini açar. Güman etmədiyi yerdən ruzisi çatar”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! (\"Lə həvlə və lə quvvətə illə billəh\") zikri, həmçinin paltarın təmizliyi, başı və üzü yumaq, üzüm yemək qəmi aradan aparar”.
5. Yunusiyyə zikri.
Mərifət və ürfan əhli yanında bu zikr (“Lə iləhə illə əntə. Sübhənəkə inni kuntu minəz-zalimin”) qəmi aradan aparmaq zikri kimi məşhurdur. Belə ki, Allah Təala Həzrət Yunusun (ə) adından belə buyurur: “(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam”. (“Ənbiya” 87). Həzrət Yunus (ə) balığın qarnında olanda Allaha belə münacat edir və Allah da onu bağışlayır və balığın qarnından azad edir.
İmam Sadiq (ə) buyurur: “Təəccüb edirəm o kəsə görə ki, qəmgindir və Allahın bu ayəsinə pənah aparmır. Həqiqətən mən eşitmişəm ki, Allah onun ardınca buyurmuşdur: “Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk””. (“Ənbiya” 88).
Allah Təala bizlərə bu mübarək tövsiyələri yerinə yetirmək tofiqatını qismət etsin. (Erfan) Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter