Həqiqi müsəlman olmaq üçün riayət edilməli 5 məsələ hansılardır?


Hamımız dünyaya gələndən bəri müsəlman adını daşıyırıq. Harada olsaq, bizdən dinimizi soruşanda bir cavabımız var, o da müsəlman olmağımızdır. (Tebyan)
Bəs indiyə qədər özümüzdən soruşmuşuq ki, müsəlman olmağın meyarı nədir? Kimə həqiqi müsəlman deyirlər? Ola bilsin ki, bu sualı özünüzdən dəfələrlə soruşmusunuz. Ancaq bu suala verilən cavablar müxtəlif olmuşdur.
Bəziləri müsəlman olmağı namazda, orucda, həccdə, əmr-be-mərufda, dini simaya malik olmaqda görürlər. Bəziləri üçün isə bu məsələlər mühüm deyildir. Buna baxmayaraq, özlərini müsəlman adlandırırlar. Bu insanlar üçün mühüm olan tək şey odur ki, “insanın qəlbi pak olmalıdır”. Pak qəlbə malikdirlərsə, onların başqa ibadətlərə ehtiyacı olmur. Hər iki qrup da öz əqidəsini düzgün hesab edir. Hər iki qrup özünü müsəlman adlandırır.
Bəs bu meyar nədir və onu kim təyin edə bilər?
İlahi ayələrə nəzər salaraq, bu meyarları tapa bilərik. Bu meyarlardan bəzilərinə nəzər salaq:

1. Etiqadi məsələlər.
Bir insanın müsəlman olmasının ilk meyarı - onun imanıdır. O kəs ki, hələ şeytanın tələsindədir və qulağı şeytanın vəsvəsələri ilə dolur, özünü əsl müsəlman adlandıra bilməz. Müsəlman olmağın ilk meyarı - Allah Təalaya iman bəsləməkdir. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

2. Əxlaq məsələləri.
Bu insanlar cəmiyyətdə insanlarla yaxşı rabitə yaradırlar. Onlar çalışırlar ki, səhvlərini ən az həddə qədər azaltsınlar. Əgər hansısa səhv edirlərsə, onu aradan qaldırmağa çalışırlar. Bu insanlar öz qəzəb və əsəblərinə hakimdirlər. Bu insanlar tez əsəbləşmirlər. Əgər hansısa məsələyə görə bir an əsəbləşirlərsə, tez bir zamanda sakit olmağa çalışırlar. “(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün)”. (“Şura” 37).

3. İbadət məsələləri.
Bu insanlar bilirlər ki, müsəlman olmaq üçün ancaq söz və şüar bəs eləməz. Həqiqi bir müsəlman olmaq üçün həm iman lazımdır, həm də saleh əməl. Əgər bunlardan biri olmazsa, zərər və ziyan onun yerini alacaqdır. Belə ki, Allah buyurur: “Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir”. (“Əsr” 2). Onlar çox yaxşı bilirlər ki, namaz hər bir saleh əməldən üstündür. Çünki namaz - dinin sütunudur. Əgər bu vacibat yerinə yetirilməsəydi, qalan əməllərinizə diqqət edilməyəcəkdir. “Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik”. (“Əraf” 170).

4. İqtisadi məsələlər.
Müsəlman olmağın meyarlarından birini də iqtisadi məsələlərdə axtarmaq lazımdır. O kəslərin ki, bütün fikirləri ancaq sərvət toplamaqdırsa, ətrafında baş verənlər onlar üçün mühüm olmur. Bu insanları həqiqi müsəlman adlandırmaq çətindir. “Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).
Ancaq həqiqi müsəlmanlar bunlardır: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).

5. İctimai məsələlər.
Həqiqi müsəlman heç bir zaman zalımların və hegemonların qarşısında baş əyməz. Onlar heç bir zülmə təslim olmurlar. “Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır”. (“Bəqərə” 120). Ona görə də həqiqi müsəlman hələ ki, sağdır və ayaqda üstə dayana bilir, zalımla mübarizə aparır. Onlar bu yolda qələbə çalarlar. Çünki Allah dəfələrlə bunun vədəsini vermişdir: “Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir”. (“Maidə” 56).
Ona görə də deyə bilərik ki, həqiqi müsəlman olmaq üçün bu beş məsələyə əməl edib, onu həyatda təkmilləşdirmək lazımdır. Bu məsələlərə əməl etmədən həqiqi müsəlman olmağı iddia etmək problematikdir. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter