XEYIRİŞLƏRI ƏNGƏLLƏYƏN AMİLLƏR HANSILARDIR?


Alimlərimiz və İlahi övliyalar Quran qiraətini həmişə tövsiyə etmişdilər. Boş vaxtın oldu, Quran oxu. Hələ ki, fürsətimiz var və bədənimiz sağlamdır, gözümüz görür - Quran oxuyaq.
Hər dəfə “təsbihati-ərbəə” deyən zaman Allah behiştdə insan üçün ağac əkər. Biz hər an behiştdə özümüz üçün ağac əkə bilərik. Ancaq bu fürsətlər rahatlıqla əlimizdən gedir. Ağzımızdan hər cür söz çıxır, ancaq Allaha yaxınlaşmaq üçün təsbih deməkdə tənbəllik edərik.
İmam Baqir (ə) Cabir Cəfiyə buyurur: “Allahın sevdiyi zinət - sədaqətdir. Allahın səni sevməsi üçün çalış hərəkətində sürətli olasan!”. (Tebyan)
İş görən zaman sürətə malik olmaq üçün üç məsələni həll etmək lazımdır. Bunlardan birincisi odur ki, insan xeyir iş görməyi yubadır. Bu gün və sabah deyər. O kəsə bənzəyir ki, hər dəfə tövbə haqqında söhbət düşəndə, qəlbində düşünər: Hələ tezdir, bu işi görüm, sonra tövbə edərəm.
Xeyir işləri yubatmaq nəticəsində ya maneə yaranar, ya da əcəl çatar və o, bu işi görə bilməz. Bu, şeytanın ən böyük tələsidir. Əgər kimsə bu tələyə düşərsə, nicat tapmaz və hədəfinə çatmaz.
Başqa biri isə qəflətdir. Yəni dünya işləri insanı xeyir iş görməkdən qafil edər. Yuxarıda dediyimiz halda insan qafil deyil, sadəcə olaraq, bu gün-sabaha saxlayır. Sözügedən halda isə insan bu cür xeyir işlərin olmasından belə qafildir.
Üçüncü hal isə odur ki, insan həm diqqətlidir və həm də bu işi görməyi istəyir. Ancaq çox süst və halsız halda bu işə yanaşır. İnsan bir işə qarşı çox əlaqəsiz olanda onu çox çətin yerinə yetirir. Ata, övladı vəzifəsində süstlük edəndə ona deyər: “Get, dərslərini yerinə yetir”. Qəbul edər, ancaq halsız və süst halda bu işi görməyə gedir. Çox zaman keçər ki, dərslərini açıb etməyə başlayır.
Əlbəttə, bəzən insan müəyən üzrlü səbəblərə görə süstlük edir. Məsələn, xəstədir və iş görməyə taqəti olmur.
İmam Baqir (ə) buyurur: “Ehtiyatlı ol ki, şeytan səni yolundan azdırmasın. Xeyir işdə bu gün-sabah etməyəsən. Sonraya saxlama bir dənizdir və hər kim ona düşərsə, qərq olar və həlak olar”.
Yəni, hər kim bu tələyə düşərsə, həlak olar. Quran buyurur: “Rəbbiniz tərəfindən olan bağışlanmaya tələsin” . (“Ali-İmran” 133). Məsələn zöhr namazını əvvəl vaxtdan hava qaralana qədər qılmaq olar. Əgər namazı əvvəl vaxtda qılmış olsaq, əksinə Allahın rizayətini qazanmış olarıq. Bu, həmin rizayətdir ki, Həzrət Musa (ə) onun ardınca olmuşdur. Yubatmaq isə bu əməlin əksidir. Dərin bir dənizdir və insan orada qərq olur. Güman edir ki, orada üzə biləcək, ancaq ona daxil olan zaman qərq olar.
Qəflət - xeyir işdə tələsməyin əksidir. Qafil insan öz vəzifələrini yaddan çıxardar və başqa işlərlə məşğul olar. İmam Baqir (ə) buyurur: “Ehtiyatlı ol ki, qəflətə düşməyəsən, çünki bu, qəlbin qəsavətinə səbəb olar”.
Qurani-Kərim Qiyamət günü münafiqlərin möminlərlə söhbəti haqqında belə buyurmuşdur:“Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı»”. (“Hədid” 14).
“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”. (“Hədid” 16).
O qəlb ki, İlahi nura çatmır, qəflət amili onu bürüyər. İlahi feyzi əldən verər və heç bir moizə ona təsir etməz. Yavaş-yavaş yaddan çıxardar ki, nəyə görə xəlq edilmişdir. Haradan gəlmişdir və peyğəmbərlər (ə) nə üçün gəlmişdilər. İmamət və şəhadət nə üçündür.
Çox təəsüf ki, bu günün dünyası qəm, qüssə, qorxu və bunun kimi şeylər olan hər bir şeyi yaddan çıxartmağa çalışır. Halbuki, qəflət insan qəlbini qəsavətli edər. Hər nə qədər haqq söz eşidərsə, qəlbinə təsir etməz.
Üçüncü halda isə insanın xeyir iş görməkdə süst olduğunu vurgulamışdıq. Həzrət buyurur: “Vəzifənizi yerinə yetirən zaman onu tərk etmək üçün heç bir üzrün olmasa süstlük etmə”. O zaman ki, insan xeyir işi süst yerinə yetirərsə, onda müvəffəq olmaq ümidi çox zəifdir.
Çox zaman yolun ortasından geri qayıdar. Ey əziz! O zaman ki, vəzifəni tanıyırsan, onu yerinə yetirməyə gücün də varsa, tənbəllik etmə.
O zaman ki, biz süstlük edirik, fürsətimiz əlimizdən gedər. İmam Əli (ə) buyurur: “Xeyir fürsətlərini qənimət bil! Çünki bulud kimi keçər”.
Biz hər an qəlbimizdə Allahı yada salıb, ona yaxınlaşmaq üçün xeyir işlər görməliyik. Bu işin heç bir zəhməti yoxdur. Çünki Məhbubu yada salırsan və bu şirin bir andır. İnsana çox böyük bərəkət gətirər.
Bəlanı insandan dəf edər və şeytanı uzaqlaşdırar. Nöqsanları düzələr və işlərində müvəffəq olar. Quran buyurur: “Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41). Allaha yaxınlaşaq və hər bir təsbih deməklə özümüzə behiştdə ağac tikək. - /Deyerler.org/ e]


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter