Ən yaxşı ehsan hansıdır və imanın ən yüksək mərtəbəsi hansı əmələ bağlıdır ?


İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, başqa bir müsəlmanın hacətini və ehtiyacını ödəyər, Allah Təala ona buyurar: “Sənin əcr və savabın Mənim öhdəmədir. Sənin üçün behişdən azına razı olmaram”. Biz insanları Allah elə xəlq etmişdir ki, istər istəməz bir-birimizə möhtacıq. Bəşərin vəzifələri aramızda bölünmüş və dünya bu cür fırlanmaqdadır. (Tebyan)
Dünyanın hər bir səhnəsində gözəllik də vardır, çirkinlik də. Bəzən də görürük ki, insan o qədər eqoistdir ki, istəyir ki, bütün dünya məhv olsun, ancaq özü sağ qalsın. Bəzən görürük ki, insan vəzifəsi olmadığı halda, başqasına görə canından belə keçir. Bəzən də insan öz sevdiyi şeylərə göz yumub, onu başqalarına təqdim edir. Bunu heç bir gözləntisi olmadan edir. Dostunun yolunda heç nəyini əsirgəmir.
Bu gözəlliklər bəzən o qədər şəffaf olur ki, bu gözəlliklərin içində başqa bir yaxşılıq dünyası açılar. Zülaldan olan dünya, nurdan olan dünya. Tələsməyi xoşlayan bu varlıq gələr və Allah üçün bir iş görər. Bilir ki, Allahın onun bu işinə ehtiyacı yoxdur. Ancaq bu onu qane etməz və insan özünü Allaha bənzətmək istəyər. Allahın gördüyü işləri görmək istəyər.
Məsələn, bir insanın həyatını xilas edər, yaxud bu həddə yaxşılıq edəra həyat bağışlayar. Bu, Allah və Allah yolunda addım atmağın nəticəsidir. Allah buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
Biz bir şeyi sevən zaman ona dəyər veririk. Əgər bu şeyi Allahı razı salmaq üçün bağışlasaq, bu, onu əldən vermək mənasına gəlməz. Əksinə, öz Məhbubumuza dəyər verdiyimiz demək olar.
Allahın seçilmiş bəndələrinin xüsusiyyətlərindən biri fədakarlıqdır. İmam Əli (ə) buyurur: “Fədakarlıq - yaxşı insanların sifəti və salehlərin yoludur”. Başqa yerdə oxuyuruq: “Fədakarlıq - ən yaxşı ehsan və imanın ən yüksək mərtəbəsidir”.
Biz bəzən ancaq bir addım atmaqla Allahın seçilmişlərindən ola bilərik. Bəzən də bu məqama çatmaq üçün canından keçmək lazımdır. Bəzən mal və bəzən də ancaq bir neçə damcı qan. Bəli, bu bir neçə damcı qan bizdən heç nəyi azaltmaz və bizə ziyan vurmaz. Ancaq bu qan xəstələrə yeni həyat bəxş edə bilər.
Qurani-Kərim buyurur: “Kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmişdir”. (“Maidə” 32).
Qan köçürmə müəssisəsinin verdiyi məlumata görə, bir insanın verdiyi qanla 3 insana nicat vermək olar. İndi təsəvvür edin ki, bir dəfə qan verməklə Allah yanında nə qədər böyük savaba çatmış olarıq. O zamana qədər ki, bədənimiz sağlamdır, gərək bu nemətin qədrini bilək. Allaha buna görə şükür edək. Ancaq dillə deyil, əməllə. Ən yaxşı əməl odur ki, bu nemətdən məhrum olmuşları yada salaq və onlarla bu neməti paylaşaq. Bu, sağlam olmağımızın bir sədəqəsidir. Həm də, Allah eləməsin, bir gün biz və ya yaxınlarımız da yardıma ehtiyac duya bilərik. Bir neçə damcı qan verməklə başqalarına həyat verərik, ümid verərik, məhəbbət və qardaşlıq verərik. Yəni bir neçə damcı qan verməklə Allahın sevimlisi olub behiştə çata bilərik.
İmam Sadiq (ə) buyurur: “Bir müsəlmanın başqa bir müsəlmanın hacətini aradan qaldırması üçün hərəkət etməsi Allah evini 70 dəfə təvaf etməkdən daha yaxşıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, möminə kömək edər, Allah Təala 73 narahatlığı ondan uzaq edər ki, onlardan biri dünyadadır. Qalanları isə (Qiyamət günündədir)”.
İmam Sadiq (ə) buyurur: “Hər kim birbaşa və ya vasitə ilə möminin ehtiyacını aradan qaldıra bilər, ancaq onu yerinə yetirməkdən çəkinərsə, Allah Təala Qiyamət günü onu göyərmiş gözlər və əlləri boynunda bağlanmış halda ayaqda saxlayar və bu cür elan olunar: “Bu, həmin xaindir ki, Allah və Peyğəmbərinə (s) xəyanət etmişdir”. Sonra əmr gələr ki, onu cəhənnəm atəşinə tərəf aparsınlar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter