Ruzİ İnsanlar arasında necə bölünür?


Bəzi ayələrdə oxuyuruq ki, Allah ruzini insanların arasında bölür: “Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır”. (“Zuxruf” 32).
“Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. (“Hud” 6).
Bəzi ayələrdə isə oxuyuruq ki, ruzinin artması və azalması Allahın iradəsi ilə baş verər. “Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?!” (“Rum” 37).
İmam Əli (ə) buyurur: “Allah ruzini təqdir etmişdir, az və çox etmişdir. Məişətin genişliyinə və darlığına görə onu bölmüşdür”.
İndi belə bir sual yaranır ki, əgər ruzi əvvəlcədən müəyyən olunubsa, bəs biz niyə bu qədər çalışır və zəhmət çəkirik? Ancaq başqa ayə və hədislərə nəzər salan zaman görmək olur ki, bu ayələri bir-birinin yanına qoyanda bu sualın cavabı aydın olur. Allahın ruzi verməsi və onu bölməsi dedikdə, zəminələri nəzərdə tutulur. Bu zəminələr həm insanın xaricindədir və həm də daxilində. Nə zaman insan əlini əlinin üstünə qoyub otursa, bu, ona bənzəyər ki, zavodun müdiri işçilərin pulunu özü bölür. Ancaq heç bir zaman evlərinə gətirmir. Onlar özləri gərək gedib, maaşlarını alsınlar. Öz haqlarına çatsınlar. Eləcə də əgər insan evdə oturub ruzini gözləyərsə, öz haqqına çatmaz. Ruzi qazanmaq istəyirsə, gərək zəhmət çəkib, çalışsın. Zəminələri felə və əmələ çevirsin. (Tebyan)
Bu nöqtəni də unutmaq lazım deyildir ki, Allah ruzini insanın ancaq səy və zəhmətinə görə vermir. Bəzən elə insanlara ruzi verir ki, elə də çox zəhmət çəkməyiblər. Bəzən ruzini elə insanlardan alır ki, çox zəhmət çəkir və çalışırlar. Bu yolla Allah bizlərə göstərmək istəyir ki, bu dünyaya başqa bir Varlıq hakimdir. Ancaq bunu unutmaq lazım deyildir ki, bu, bir istisnadır. Allah əksər hallarda insanların səy və zəhmətinə görə ruzi verər.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Bilin ki, ruzi iki cürdür. Sizin dalınızca getdiyiniz ruzi və o ruzi ki, o sizin dalınızca gəlir. Ona görə də ruzini halal yoldan istəyin. Əgər onu düzgün yoldan istəsəniz, onu halal şəkildə yeyərsiniz. Əgər düzgün olmayan yoldan istəsəniz, onu haram şəkildə yeyərsiniz”.
Ruzinin bu cür iki yerə bölünməsi həris insanların öz acgözlüyündən əl çəkməsinə və möminlərin özünü haram işlərə qarışdırmamalarına səbəb olar. Ehtiyac sahibləri də ümidsiz olmazlar.
Beləliklə, deyə bilərik ki, Allah bizim ruzimizi verər. Allah bilir ki, hansımız daha çox zəhmət çəkirik və hansımız az. Eyni zamanda ruzinin artıb-azalması bizim özümüzdən də asılıdır. Əgər günahlarımız artarsa, buna görə tövbə etməriksə, Allahın bizə verdiyi İlahi nemətlərin şükrünü yerinə yetirməriksə, ruzimiz sözsüz ki, azalacaqdır. Ancaq malımızdan sədəqə versək, ehsan etsək, günahlarımıza görə tövbə etsək, zəhmət çəkib çalışsaq, Allah ruzimizi artırar və bizləri nemət sahibi edər.
Bəli, ruzini Allah bölər, ancaq onun az və çox olmasına bizim əməllərimiz təsir edər. İlahi imtahan isə başqa bir mövzudur ki, Allah sevdiyi bəndəsini bəzən ruzi ilə imtahana çəkər. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter