BİZ ALLAHI NİYƏ ONDAN AZ SEVİRİK?


Allahın insana olan sevgisini bəzən dənizə bənzədirlər. Allah o qədər mehriban və o qədər bağışlayandır ki, Onun sevgisini insan sevgisi ilə müqayisə etmək olmaz. Ananın övladına olan sevgisi bu dənizin bir damcısıdır. Halbuki, ananın övladına olan sevgisini biz insanlar həmişə ideal bir sevgi hesab etmişik. Ancaq görün Allahın sevgisi nə qədər böyükdür! İlahi sevgi bu qədər böyük olmasaydı, Allah Təala Həzrət Adəmi (ə) yaratmazdı və onu bağışlayıb, Yer kürəsini xəlq etməzdi. Onun tək qalmaması üçün Həvvanı (ə) yaratmazdı.

Ey insan! Gör nə qədər kor və karıq ki, ətrafındakı gözəllikləri görmürük. Görmürük ki, Allah bu gözəl səmanı və bu çayları, bulaqları, dənizləri məhz bizə olan sevgisinə görə xəlq etmişdir.

Görmürük ki, bizə bu qədər nemət veribdir. Ən az verdiyi nemət bizim bədən üzvlərimizdir. Gördüyümüz göz, eşitdiyimiz qulaq, üstündə dayandığımız ayaq və dərk etmək üçün bizə verilən beyin.

Allah buyurur ki, ey insan, Mən bunları sənə Mənim nemətimi dərk etmək üçün və onlardan ancaq Mənə itaət etmək üçün vermişəm. Mənə küfr etmək üçün deyil.

Ancaq biz insanlar nə edirik? Allahın İlahi nemətləri görməsi üçün verdiyi gözümüzdən naməhrəmə və harama baxmaq üçün istifadə edirik. Qulaqlarımızdan haram musiqi dinləmək üçün istifadə edirik. Əl və ayaqlarımızdan haram ruzi qazanmaq üçün istifadə edirik. Bunlar küfr deyil, bəs nədir?

Allah o qədər məhəbbət sahibidir ki, bütün bu küfrlərə baxmayaraq, yenə də biz nankor insanları sevir və bizə möhlət verir ki, günahlarımızı düzəltməyə çalışaq. Hara baxsaq, ancaq İlahi məhəbbətdən bir nişanə görərik. İnsanlara baxdıqda isə Adəmdən (ə) indiyə qədər hələ də necə üsyünkar, davakar, təkəbbürlü və dünyapərəst olduğumuzu görərik. Firon təkəbbürü və dünyapərəstliyi nəticəsində ancaq İlahi nifrət qazandı. Qarun, Nəmrud nə etdilərsə, özlərinə etdilər. Onlar Allahın yaratdığı bu gözəl varlığı məlun və xəbis bir mövcuda çevirdilər. Bununla da şeytanı sevindirdilər. Budur, insanın göz və qulağı dünyadan və şeytandan başqasını görməyəndə necə hala düşə biləcəyi hal!

Allah öz seçilmişlərini mələkdən və ya cindən də göndərə bilərdi. İnsandan göndərməyinin səbəbi bu idi ki, həqiqi insan necə ola biləcəyini bizlərə bildirsin. İnsanlar Fironu deyil, məhz Nuhu (ə), İbrahimi (ə), İsmayili (ə), Yusifi (ə), İshaqı (ə), Həzrət Muhəmmədi (s) nümunə və ülgü götürməlidirlər.

Sadəcə İmam Əlinin (ə) varlığı - insan varlığına ən gözəl nümunədir. Həqiqi insanın necə olmasını bizə təqdim edir. İnsan nə qədər gərək kor olsun ki, bütün bu gözəllikləri görməsin.

Allahım! Sən ki, bu qədər lütf və kəramət sahibisən, biz insanları necə görmək istəyirsənsə, o yola hidayət et. İnsanı xəlq etməkdə məqsədin nə idisə, bizləri o yola tərəf yönəlt. Ey Aləmlərin Rəbbi, ey gözəl olub gözəlliklər yaradan, ey hamımızın Ona tərəf qayıdacağı Varlıq, ey məhəbbətin və eşqin uca zirvəsi, ey Təvvab, ey Şafi, ey Rəhim və Rəhman! Sən bizi bu dünyada bir göz qırpımından nə az və nə də çox müddət ərzində özbaşına buraxma. Bizim tək pənah yerimiz Sənsən. Sən bizlərə diqqət etməsən, lütfü, mərhəmətinə inayət etməsən, biz nə edərik?! Biz sənin kimi sevə bilməsək də, özülüyümüzdə belə fikirləşirik ki, biz də Səni, Sənin qədər sevirik. Çünki Sən bu sevgiyə layiqsən!

“Göylərdə və yerdə nə varsa, hamısı Allahı zikr edir və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. O, hər şeyə qadirdir!” (“Təğabun”, 1). /islami saytlara istinadən/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter