Nə üçün Nuhun övladı onun aİləsİndən sayılmır?


Sual: Nuha əmr olundu ki, gəmi düzəltsin və tezliklə yer üzünü su basacaq, kafirlər qərq olacaq, onun ailəsi isə salamat qalacaq. Nuhun övladlarından biri bütpərəst olduğu üçün atasının sözlərinə etinasız yanaşdı və gəmiyə minmədi. Oğlunun qərq olduğunu görən Nuh Allaha üz tutaraq dedi: “Pərvərdigara, Sən vəd etmişdin ki, mənim əhli-beytimdən kimsəni həlak etməyəcəksən. Sənin vədin haqdır.” Allah ona belə cavab verdi: “O sənin əhlindən deyil; o qeyri-saleh bir əməldir; bilmədiyin şeyi məndən istəmə; sənə nəsihət edirəm ki, cahillərdən olmayasan.” Bəs nə üçün Nuhun övladı onun ailəsindən sayılmadı? Nuh nədən xəbərsiz idi?

Cavab: Allah-təala Nuhun övladının cismən ondan olmadığını buyurmur. Şübhəsiz ki, həmin gənc Nuhun oğlu idi. Allah xəlq etdiyi şəxsin ruhən, mənən Nuhun oğlu olmadığını bildirir. Çünki ata ilə oğul arasındakı mənəvi rabitə qırılmışdı.
Nuhun bu övladı həm də saleh əməl sahibi deyildi. Bu övlad o qədər qeyri-saleh əməl etmişdi ki, sanki özü zatən qeyri-saleh əməl olmuşdu.
Allah-təala Nuha buyurdu ki, bilmədiyini soruşmasın. Bəli, insan əsrarını bilmədiyi bir şey haqqında mühakimə yürütməməlidir. Bəs Nuh nədən xəbərsiz idi? Nuha elə gəlirdi ki, Allah onun ailəsini qeyd-şərtsiz xilas edəcəyini vəd verib. Sonradan anladı ki, söhbət mənən ona bağlı ailə üzvlərindən gedirmiş.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter