Allahın sevİmlİsİ olmaq üçün İnsan nə etməlİdİr?


Həqiqi mömin həyatı boyu çalışır ki, elə işlər görsün ki, həm Allahın və həm də cəmiyyətin sevimlisinə çevrilsin. İmam Əlinin (ə) bu sahədə dəyərli tövsiyələri vardır ki, onlara nəzər salaq:
Dili kontrol etmək
İmam (ə) buyurur: “Elə şey demə ki, sənə deyilməsini sevmirsən”. İnsan gərək özünə bir nəzər salsın. Görsün ki, başqalarının onun eybini üzünə deməyini xoşlayır, yoxsa yox. Ya da onu çirkin ləqəblərlə çağırmasını xoşlayırmı? Şübhəsiz, normal insan bunları sevməz. O, da gərək bu cür olsun. İnsanların eybini hamının içində üzünə deməsin. Ya insanları pis adlarla və ya ləqəblərlə çağırmasın.

Az ruzi, ancaq abırlı həyat
İmam (ə) buyurur: “Həqiqətən, Sübhan Allah tərəfindən insana çatan az ruzi başqaları tərəfindən verilən çox bəhrədən daha yaxşı və əzizdir. Baxmayaraq ki, hamısı Allah tərəfindəndir”.
Adi insanların bütün səyləri sərvət qazanmaq üçündür. Ancaq İmam (ə) abırlı olmağı və ruzinin cəlal olmasını düşünür. Ona görə də izzəti-nəfslə qazandığı az miqdarda olan ruzini başqalarından minnət və təmənna ilə aldğı çoxlu mənfəətdən üstün hesab edir.

Susmaq lazım olan yerdə danışmamaq
İmam (ə) buyurur: “Sakit olduğuna görə yaranan təqsiri aradan qaldırmaq, söylədiklərinə görə əldən gedəndən daha asandır”.
İmam (ə) bu sözləri ilə lazımsız söhbət etməkdən çəkinməyi tövsiyə edir. İnsan hər bir halda danışa bilər, ancaq müəyyən hallarda susmağı məsləhətdir. Məsələn, naməhrəmlə söhbət kimi. Ola bilsin ki, insan susaraq qarşı tərəfi nigaran və narahat etsin. Ancaq bunu aradan qaldırmaq asandır. Ancaq elə söz deyə bilərsən ki, onu geri qaytarmaq mümkün olmaz və vurduğu ziyanı aradan qaldırmaq olmaz.
İnsan dilinə nəzarət etməlidir, əsk halda batinində olanların hamısını bayıra tökə bilər, yaxud, günaha mürtəkib ola bilər.

Qəzəbini yatızdırmaq
İmam (ə) buyurur: “Qəzəb qədəhindən qurtum-qurtum iç, qəzəbini yatızdır. Çünki mən aqibətdə ondan da şirin içəcək görmədim. Mal baxımından ondan da ləzzətlisini tapmadım”.

Qəzəbi yatızdırmaq asan bir iş deyildir. Ancaq aqibəti çox şirindir. İmam (ə) başqa yerdə buyurur: “Səninlə kobudluq edənlə mülayim ol ki, tezliklə sənin üçün o, da mülayim olsun”. Quranda oxuyuruq: “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).
O kəs ki, başqalarının pislikləri qarşısında özünü kontrol edə bilirsə, səbir edə bilirsə - Allahın və bəndələrin yanındakı məqamı uca olar. Əlbəttə başqaları gərək bu rəftardan sui-istifadə etməsinlər. Onu məzlum hesab etməsinlər.

Şəxsiyyəti qorumaq
İmam (ə) buyurur: “Şəxsiyyətinizdə və dəyərinizdə möhkəm olun və öz yolunuzu gedin”. Özünə hörmət insana başqaları da hörmət edər. Bizim dostlarımızın və qonşularımızın da bizim kimi sevgisi və qəzəbi vardır. Bəzi şeyləri sevir və bəzilərini isə sevmirlər. İnsanın ictimai şəxsiyyəti o zaman düzgün formalaşır ki, insanların daxil istəklərinə uyğun rəftar edər. İmam Əli (ə) buyurur: “O kəs ki, öz şəxsiyyətinə və abırına görə nigarandır, gərək mübarizədən çəkinsin”. İctimai rabitəni tənzim etmək üçün başqalarının hüququna riayət etmək lazımdır.

Xeyir işlər görmək
İmam (ə) buyurur: “Xeyir ümidi ilə gedin”. Bu cür insanlar - ehtiyac sahiblərinin müraciət etdiyi və hacətlərini yerinə yetirdiyi insanlardır. Yaxşı insanları hamı sevir, çünki bilirlər ki, ondan heç bir zaman ziyan gəlməz. O kəsin ki, əziyyət etmək və günah işlətmək üçün bir istəyi yoxdursa, məxluqların hacətini yerinə yetirərək Allahın razılığını əldə edibsə, deməli bu insan İlahi qürb yolundadır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter