Dünya sevgİsİndən necə qurtulaq?


İslam dini dünya sevgisini həmişə məzəmmət etmişdir. Çünki bu fani dünyaya sevgi bəsləmək insana ancaq ziyan gətirər. Bəs necə edək ki, bu fani dünyaya bu qədər bağlanmayaq?
Həzrət Peyğəmbər (s) buyurur: “Ləzzətləri məhv edən ölümü çoxlu yada salın”. Peyğəmbərimiz (s) bu hədisdə bizlərə bildirmək istəyir ki, ölümü xatırlayaraq, dünya sevgisini və ləzzətləri məhv edin. Ancaq bu yolla dünya sevgisindən qurtula bilərik. Həzrət (s) başqa yerdə buyurur: “Əgər dördayaqlıların Adəm övladının ölüm haqqında bildiklərinə agahlığı olsaydı, siz yağlı heyvan ətini bir daha yeyə bilməzdiniz”.
İnsan bilir ki, bir gün öləcəkdir, ancaq çox təəssüf ki, çox zaman bu yəqinliyindən qafil olur. Necə ola bilir ki, insan özünü bir neçə günlük səfərə hazırlaya bilir, ancaq əbədi səfərindən qafil olur?
İmam Əli (ə) “Nəhcul-bəlağə”də ölümü çox xatırlamışdır və o, İmam Həsənə (ə) buyurur: “Oğlum! Ölümü və qəflətən düşə biləcəyin bu həqiqəti çoxlu yada sal. Ölüm çatan zaman özünü hazırla. Məbada ölüm çatsın və səni məğlub etsin. Ey insanlar! Sizə ölümü yada salmağı tövsiyə edirəm. Ölümdən az qəflət edin. Ölümü necə unuda bilərsiniz ki, o, sizi yaddan çıxartmır? Necə tamahkar ola bilərsiniz ki, sizə möhlət vermir? Keçmişdəkilərin ölümünün sizin üçün ibrət olması kifayətdir”.
Xəlifə Ömər ibni Əbduləziz alimlərdən birinə deyir ki, məni moizə et və alim deyir: “Sən öləcəksən!” Deyir: “Daha çox moizə et”. Deyir: “Sənin Adəmə qədər olan atalarının içərisindən elə biri yoxdur ki, ölümün acı dadını dadmasın. İndi sənin növbəndir”.
Ölüm insana axirəti xatırlatdığı üçün bu dünya gözündən düşər və dünya sevgisi də istər-istəməz əvvəlki cazibəsini itirər.
Ölümün gətirdiyi səmərələr
Həzrət Peyğəmbər (s) buyurur: “Xoş şeyləri viran edəni çoxlu yada sal. Çünki əgər dünya çətinliyindəsinizsə, sizin üçün asan olar. Sizi ona razı edər və sabitqədəm olarsınız. Əgər sərvətdəsinizsə, onu nəzərinizdə xoşagəlməz edər. Onu bəxşiş etməyə vadar edər və mükafat alar”.
İnsan bilməlidir ki, ölüm onun arzularına son verər. Gecələrin qalxan olması əcəli yaxınlaşdırar. Can bədəndən çıxan zaman insan göndərdiyi əməllərin nəticəsini görər. İmam Əli (ə) buyurur: “O kəs ki, ölümü xatırlayar, dünyadan ən az razı olar”.
İnsan ölümü xatırlayan zaman başa düşür ki, bu dünya fanidir və əldə etdiklərinin hamısı müvəqqətidir və keçəridir. Ona görə də daha çox axirəti üçün səy etməyə başlayar, nəinki dünyası üçün.
Həzrət İsa (ə) buyurur: “Vay olsun sizə, ey dünyapərəstlər! Davamsız nemətlərə və qısa həyata görə Allahdan qaçırsınız. Onunla görüşü xoş qarşılamırsınız. Allah sizinlə görüşməyi sevir, halbuki siz Onunla görüşməyə müştaq deyilsiniz. Allah o kəslə görüşməyi sevir ki, Onunla görüşə müştaq olsun. O kəs ki, Allahla görüşü xoş saymır, Allah da onu görmək istəməz. Bu dünyada necə özünüzü Allahın tək dostu hesab edirsiniz? Halbuki, ölümdən qaçır və dünyadan yapışırsınız?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər gecə keçən zaman ölüm mələyi nida edər: “Ey ölülər! Bu gün kimə qibtə edirsiniz? Halbuki, siz ölümdən sonrakı aləmin dəhşətini və qorxusunu görmüsünüz?” Deyərlər: “Bizim qibtəmiz onadır ki, möminlər məcsiddə namaz qılarlar, biz sağ deyilik ki, məsciddə namaz qılaq. Zəkat verərlər və biz verə bilmərik. Ramazan ayının orucunu tutarlar, biz tuta bilmirik. Allahın zikrini deyərlər, biz deyə bilmirik. Vay olsun bizə və dünyada əldən verdiklərimizə””.
Beləliklə deyə bilərik ki, ölümü çoxlu yada salaq ki, dünya sevgisindən qurtula bilək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter