Uzun arzulara nə səbəb olur?


Uzun arzular - ən təhlükəli əxlaqi rəzilliklərindəndir. İnsanı müxtəlif günahlara düçar edər, Allahdan uzaqlaşdırar. Şeytana yaxınlaşdırar, pis nəticələrə gətirib çıxardar.
Uzun arzular insanın maddi və mənəvi həyatına dağıdıcı təsir qoyur. İnsan bəs nəyə görə uzun arzular qurur?
Uzun arzulara səbəb olan ən mühüm amil - cəhalət və agahsızlıqdır. Özünə qarşı cəhalət, dünyaya qarşı cəhalət, Allahın qüdrətinə qarşı cəhalət, dünya və axirət savabına qarşı cəhalətdir. Bu cəhalətlər insanı uzun arzular etməyə sövq edər.
İnsan öz vəziyyətindən xəbərsiz olarsa, ölümdən xəbərsiz olarsa, uzun arzular qurmağa daha çox meyl edər. İnsan bilmir ki, bir zərrə qan dənəcikləri belə onun ölümünə səbəb ola bilər. Qəlbinin damarlarını tıxayıb, onu dünyadan apara bilər. İnsan cəhaləti üzündən elə düşünür ki, ömrü uzun olacaqdır. Ona görə də fikri bu məsələyə görə rahatdır və uzun arzular qurmağa mane olmur. Arzulardan başqa bir şeyi düşünməyə fürsəti qalmır.
İnsan əgər bu dünyanın fani olmasına agah olmazsa, bilməz ki, bu fani dünya nə cavan və nə də uşağa rəhm edir. Qocalıq çatmamışdan qabaq yüzlərlə körpə bu dünyanı tərk edir. Bəzən ağır xəstə can verməmişdən qabaq, yüzlərlə sağlam dünyasını dəyişir.
Bəzən böyük bir sərvətə malik olan insan bir gündə zəifləyir və zindana düşür. Bəzən də bir gecədə bütün var-dövlətini itirir. Bu cür insan əgər bu məsələlərdən cahil olarsa, uzun arzular burulğanına düşər.
Səlman Farsi deyir: “Üç nəfər məni təəccübləndirir: o kəs ki, ölümün dalınca düşdüyünə baxmayaraq, dünyanı arzu edər. O kəs ki, əcəlin ondan qafil olmasına baxmayaraq, özü əcəlindən qafil olar. O kəs ki, Allahın ondan razı olub-olmadığını bilmir, ancaq bütün varlığı ilə gülür”.
İmam Əli (ə) buyurur: “O kəsin ki, tezliklə dostlarından ayrılmağa yəqinliyi vardır, torpağın altında sakin olacağını bilir, İlahi həsənələrlə üzbəüzdür. Ardında qoyduqlarından ehtiyacsızdır. Qabaqdan göndərdiklərinə möhtac olar. Yaxşı olar ki, arzuları qısa və saleh əməlləri uzun etsin”.
Həzrət (ə) başqa yerdə buyurur: “Arzuların sizi aldatmasından çəkinin. O qədər insanlar olub ki, arzuları bir gün (naz və nemətdə olmaq olmuşdur). Ancaq heç bir zaman ona çatmamışdılar. O qədər insanlar olub ki, saray və qəsr tikiblər, ancaq heç bir zaman orada sakin olmayıblar. O qədər insanlar olub ki, çoxlu mal toplayıb, ancaq heç bir zaman onu yeməyiblər”.
İmam Baqir (ə) buyurur: “Zahidliyin şirinliyini qısa arzularla əldə et!”.
Bəzən insan Allahın qüdrətini unudur, ya ondan xəbərsiz olur. Bəli, insanı uzun arzulara sövq edən ən böyük amillərdən biri budur.
Beləliklə, deyə bilərik ki, insanı uzun arzular etməyə sövq edən amillər: özündən cahil olmaq, Allahdan və Onun qüdrətindən cahil olmaq, axirətdən cahil olmaqdır. Hər kəs bu amilləri aradan qaldırsa, dünyanın naz nemətinə bel bağlayıb uzun arzular etməz.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter