İXLASIN HANSI NİŞANƏLƏRİ VARDIR?


Bir çoxları səmimi, ixlasla əməl və niyyət etdiklərini düşünürlər. Amma diqqətlə baxsalar, əməllərində qeyri-ilahi niyyətlərin olduğunu görərlər. Qur’an və hədislər əsasında bə’zi ixlas nişanələrini nəzərdən keçirək:

1. Başqalarından ummamaq

Qur’ani-kərimin bu mövzuda işarə etdiyi nümunə həzrət Əli (ə) və Fatimənin (ə) iftar verməsidir. İmam Həsən (ə) və İmam Hüseyn (ə) körpə yaşlarında xəstələnmişdilər. Həzrət Peyğəmbər (s) və səhabələr onları yoxlamağa getdilər. Əliyə (ə) təklif etdilər ki, onların şəfası üçün nəzir etsin. Həzrət Əli (ə) və Fatimə (ə) nəzr etdilər ki, körpələr şəfa tapan kimi üç gün oruc tutacaqlar. Allah körpələrə şəfa verdi. Həzrət Əli (ə) və Fatimə (ə) oruc tutdular. Bu böyük şəxsiyyətlər gün ərzində özləri çətinliklə bir ədəd çörək bişirirdilər. Birinci gün iftar vaxtı qapı döyüldü. Bir nəfər fəqir ehtiyacı üzündən bu qapıya pənah gətirib çörək istəyirdi. Onlar həmin gün üçün hazırladıqları çörəyi o fəqirə verib özləri su ilə iftar etdilər. İkinci, üçüncü gün də bu hadisə təkrarlandı. Üç gün yeməksiz oruc tutan ailə rəngləri qaçmış halda həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar barəsində “Dəhr” surəsi nazil oldu. Burada həmin xalis əmələ işarə olunurdu: “Biz sizə Allaha xatir təam veririk və sizdən heç bir mükafat, təşəkkür istəmirik.”
Onlar ixlasla və Allaha xatir təam verdilər. Təam və bəxşiş vermək onların xarakterinin bir hissəsi idi. Yeməklərini verdilər, qonaq və yoxsulun təkrar gəlişindən narahat olmadılar, onlardan heç bir təşəkkür ummadılar. İnsan bə’zən könüllü olaraq pulsuz işləyir. Lakin istəyir ki, onun işindən cəmiyyət xəbər tutsun.
Bə’zən dildə mükafat ummadığını deyir. Lakin qəlbində mükafat gözləyir.
Bə’zən yaxşı işlərinə görə təşəkkür edilmədikdə narahat olur, süstləşir. Bütün bunlar ixlasın olmaması nişanəsidir. İxlaslı şəxs üçün xalqın tənqid, yoxsa tə’rif etməsi tə’sirsizdir. İnsan vəzifəsinə əməl etməlidir. İstər xalq bilib təşəkkür etsin, istər xəbərsiz qalıb, təşəkkür etməsin!

2. Məqam yox, öhdəyə düşmüş vəzifə əsasdır.

İxlasın başqa bir nişanəsi odur ki, insan əməl zamanı pul, məqam, şöhrət barədə düşünməyib zəruri və yerdə qalmış işlərin sorağınca getsin. Baxmayaraq ki, həmin işlər insanın ictimai məqamını, gəlirini və rifahını artırmır. Məsələn, kəndlərdə, ucqar rayonlarda, suyu və havası pis yerlərdə xidmət etmək, yaxud cəmiyyətdə gözə görünməyən lazımlı işləri yerinə yetirmək ixlasdan danışır.
Gənc yaşımda həm uşaqlara, həm də yeniyetmələrə dərs keçirdim. Yolda yeniyetmələr mənə yaxınlaşdıqda qürrələnir, uşaqlar arxamca düşdükdə azacıq kiçiklik hiss edirdim. Bazardan keçirdim. Yol üstəki dükandan savadsız bir qoca çıxıb mənə dedi: “Allah üçün dərs verirsən?” Mən də pul almadığım üçün dedim: “Bəli!” Dedi: “Əgər Allaha görə dərs verirsənsə, uşaqların Allahı cavanların Allahıyla eynidir. Sənə “uşaqların müəllimi” desələr, narahat olmamalısan.”
Qocanın sözünü ilham olmuş ilahi dərs hesab etdim. O deyirdi: “Böyüklərlə kiçiklərin Allahı birdir.” Kaş elə bir məqama çataq ki, əzəmətli və ya sadə məclislərdə iştirak etmək, tanınmış şəxslərdən və ya adi insanlardan təhsil almaq, ibtidai və ya ali təhsil öyrətmək bizim üçün eyni olsun; pul, şöhrət geyim və məqam yox, Allaha yaxınlaşmaq vasitəsi ilə ucalmaq istəyək!

3. Peşiman olmamaq

Allaha xatir işləyənlər və başqalarından umacağı olmayanlar heç zaman işlərindən peşiman olmurlar. Onlar Allaha xatir işlədikləri üçün mükafatlarını almışlar. İstər dünyəvi nəticəsi olsun, istər olmasın!
Əgər Allaha xatir bir mö’minin və ya xəstənin görüşünə gedib, onu evdə tapmasanız peşiman olmayın. Çünki savabınızı almısınız. Gündəlik qarşılaşdığımız hadisələr peşmançılıq çəkməyimizə səbəb olursa, niyyətimizə diqqət etməliyik!

4. E’tinasızlıq, yaxud diqqət mərkəzində olmaq eynidir.

Vəzifələri yerinə yetirərkən ixlaslı şəxslər üçün xalqın onları qəbul edib-etməməsi, diqqət və ya e’tinasızlıq göstərməsi fərqsizdir. Onların fikrincə tə’rif və tənqid eynidir. Əgər bir şəxs xalq tərəfindən qəbul edildikdə sevinib, e’tinasızlıq gördükdə pərişan olursa, bu hal zəif ixlas əlamətidir. Əlbəttə, mümkündür ki, insan öz sevincini xalqın haqqa gəlişi, öz narahatçılığını xalqın dinə soyuq yanaşması ilə əlaqələndirsin. Lakin zahiri əlaqələndirmə kifayət etmir və qəlbə nəzər salmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç nişanəsi var: Təklikdə yorğun və halsız olur; xalq arasında (ibadət və əməldə) əhval-ruhiyyə tapır; tə’rif edildikdə çox, tənqid olunduqda az işləyir.”
Allah bizi bu qorxulu xəstəlikdən qorusun! Mütəxəssis olduğu bu sahəyə uyğun xəstəliklə dünyadan gedən həkimlər kimi olmayaq! Özümüz ixlasdan yazıb, riya və şirklə dünyadan getməyək!

5. Sabit hərəkət

İxlaslı insan zaman və məkan yox, ilahi göstərişlər əsasında yaşayır. Buna görə vəzifələrini ardıcıllıqla və sabit şəkildə yerinə yetirir. Təkrar-təkrar əməllərdən yorulmur. Onun qocalıq və ya fiziki zəifliyə görə az əməl etməsi mümkündür. Lakin əhval-ruhiyyəsi və məqsədi dəyişmir.

6. Var-dövlət və məqamın maneçilik törətməməsi

İxlaslı şəxslərin öz vəzifələrini yerinə yetirməsinə var-dövlət və məqam maneçilik törətmir. İxlaslı şəxslər hətta özlərini də fəda etməyə hazırdırlar. Onlar bu yolda şəxsi istəklərindən keçirlər. Var-dövlət, məqam, yaxınlar və dostlara bağlılıq vəzifələrin yerinə yetirilməsinə mane olarsa ixlas məhv olar. Qur’an buyurur: “...Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən (s) və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın qəzəbini və əzabını gözləyin.”
İxlaslı insan məkana, zamana, qadına, məskənə və özünə bağlı deyil. O yalnız Allahın razılığını düşünür.
Deyirlər ki, bir atlı su arxına yaxınlaşdı. Nə qədər şallaq vurdusa at suya girmədi. Atlı özü suya girdi və atı cilovundan çəkməyə başladı. Lakin at yenə də gəlmədi. Yaxınlıqda olan bir aqil dedi: “Ata minib əlindəki çubuqla suyu bulaşdırsan, at keçər.” Atlı belə də etdi və at rahat-rahat sudan keçdi. O bu işin hikmətini soruşdu. Aqil dedi: “At təmiz suda öz əksini görürdü və özünü tapdamaq istəmirdi. Lakin su bulaşan kimi ötüb keçdi!”
Bəli, özünü bəyənən, var-dövlət, məqam, övlad və sənətə tam bağlanan şəxslər ixlaslı ola bilməzlər. Çünki ixlas yolunda hər şeydən keçilməlidir.

7. Zahir və batinin bir olması

Mümkündür ki, insan müəyyən şəraitdə və ya kiminsə yanında daxilinə zidd zahiri işlər görsün. Bə’zən insan təklikdə bir cür, insanların yanında başqa cür olur. Bu bir növ riyadır. Əlbəttə, insanların yanında ədəbli olmaq və hörmət saxlamaq ayrı bir məsələdir. Həzrət Əli (ə) buyurur: “Batini və zahiri bir olan, sözü ilə əməli uyğun gələn şəxs Allahın əmanətini ödəmiş və xalis ibadət etmişdir.”
İxlaslı insan başqlarının razılığını və münasibətini düşünmədən vəzifələrinə əməl edir, Allah yolunda heç bir danlaqdan qorxmur: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.”

8. Firqə təəssübündən uzaqlıq

İxlas insanı hər yerdə ardıcıl və yorulmadan təlaşa vadar edir. Lakin ixlassız işlərdə bə’zən qrup təəssübkeşliyi yaranır. İxlassız şəxs uyğun firqəyə üzv olduqda fəal və şad olur. Lakin bu firqə və ya qrupdan ayrıldıqda əvvəlki əhval-ruhiyyəsini itirir, kənara çəkilir, bə’zən də müxalif olur. İxlaslı insan xüsusi təşkilat və ya qrupa bağlı deyil. O istənilən bir firqənin batil olduğunu müəyyən edərkən kənara çəkilir və (ixlas ruhiyyəsi ilə uyğunlaşmayan) qrup, firqə, məntəqə təəssübkeşliyindən uzaqlaşır. Qur’ani-kərim buyurur ki, millətpərəst yəhudilər məsihiləri, təəssübkeş məsihilər isə yəhudiləri puç sayırdı.
Əlbəttə, haqq olan qrup və təşkilatları himayə etmək lazımdır. Məqsəd budur ki, batil özünü haqlı görüb, başqalarının haqqını batil saymamalıdır.

9. Diqqətdən kənarda qalmış işləri görmək

İxlaslı insan mühüm hesab olunmayan, gözə dəyməyən, lakin boşluq yaradan və yerdə qalmış işləri görməyə çalışır.
Ev üçün şüşə və pərdə lazım olduğu kimi hamam və ayaqyolu da lazımdır.
Süfrədə yemək, ət lazım olduğu kimi, duz da lazımdır. İxlaslı insanlar yerdə qalmış işlərdən çəkinmirlər. Onlar işin kiçikliyinə və ya böyüklüyünə baxmırlar. Onlar inanırlar ki, bə’zən Allah kiçik yaxşı işləri bərəkətli və tə’sirli edir.
Əllamə Təbatəbai (r) Nəcəfi-əşrəfdən Quma gələrkən fiqh və üsul dərslərinin çox olduğunu gördü. Lakin həmin vaxtlar təfsir və fəlsəfə dərsi deyilmirdi. O bu iki dərsi tədris etməyə başladı. Baxmayaraq ki, bir çoxları xeyirxahcasına e’tiraz edir, bu işi mərcəiyyətin şə’ninə uyğun saymırdı. Lakin o mədrəsənin xeyrinə və yaranmış ehtiyaca əsasən təfsir və fəlsəfə dərsinə başladı, “Əl-Mizan” təfsirini yazdı. Bəli, Allah insanların şöhrətinə yox, ixlasına görə lütf edir.

10. Səhv işlərdən daşınmaq

Səhv işlərindən inadkarcasına əl çəkməyənlər ixlaslı deyil. İxlaslı şəxs daha yaxşı yol və ya iş olduğunu müəyyən etdikdə səhv yoldan daşınır və ya işi daha bacarıqlı birinə tapşırır. Bir çox şəxslər uzun müddət azğın yol getdikdən sonra səvhlərini anlayırlar. Lakin yenə də bu yoldan daşınmaq istəmirlər və bu işi bir növ məğlubiyyət hesab edirlər. Lakin səhvlərdən daşınmamaq daha böyük məğlubiyyətdir.
İxlaslı insanlar böyük ruh və geniş qəlb sahibidirlər. Bu səciyyə onların alçaq və pis işlərə boyun əyməsinə mane olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter