PƏRƏSTİŞ VƏ TƏ᾽ZİM ARASINDA nƏ fƏRQ VARDIR?


İtaətlə yanaşı insan Allahın qarşısında öz sədaqət və təvazö᾽karlığını da bildirməlidir. İstər əqli, istərsə də şər᾽i cəhətdən insanın Allahın qarşısında itaət göstərməsi, öz sədaqət və təvazökarlığını bildirməsi üçün heç bir dəlil və sübuta ehtiyac yoxdur.
İnsanın, yaradılmışlar [məxluqat] qarşısında əksilərək öz acizliyini e᾽tiraf etməsi isə itaət kimi bir neçə hissəyə bölünür.
1. Bə᾽zən insan Allah tərəfindən elə bir yüksək məqama tə᾽yin olmayan [özü kimi] bir varlığın qarşısında kiçilir və ona tə᾽zim edir. Övladın ata və şagirdin öz müəllimi qarşısında tə᾽zim etməsini buna misal çəkmək olar. Bə᾽zi hallarda – məsələn, Allahdan qeyrisinin qarşısında səcdə etmək istisna olmaqla, şəriət tərəfindən belə bir rəftar yasaq olunmadıqda, insanın yuxarıda qeyd olunan şəraitlərdə tə᾽zim etməsinin təbii ki, heç bir irad və nöqsanı da olmamalıdır.
Allah tərəfindən belə bir qadağa olmadığı bir halda onu şirk ilə əlaqələndirmək də tamamilə əsassız olardı. Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Onların hər ikisinə acıyaraq mərhəmət qanadımın altına alıb: «Pərvərdigara! Onlar mənim körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» (17/24).
Göründüyü kimi Allah-taala «hifz cənah» ifadəsi ilə insana valideynlərinin qarşısında tə᾽zim etməyi əmr edir. Əvvəlki ayədə isə Allahdan qeyrisinə ibadət etməyi qətiyyətlə yasaq edir.
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı] buyurmuşdur». (17/23).
Diqqət yetirin. Məgər əvvəlki ayədə işlənən «hifz cənah» ifadəsi valideynlərin qarşısında tə᾽zim etmək bu ayədə nəzərdə tutulan valideynlərlə gözəl davranmağa əmr olunması demək deyilmi? Məgər valideynlərə itaət etmək, Allaha itaət etmək deyilmi?
Buradan belə bir qənaətə gəlmək olmazmı ki, Allahdan qeyrisinə olunan bütün itaətlər şirk deyildir?
2) Bə᾽zən də insan başqa birisini Allah tərəfindən yüksək məqama mənsub olunduğunu hesab edir. Və bu əqidəyə əsasən onun qarşısında tə᾽zim edərək müqəddəs tutur. Lakin bir çox batil din və məzhəblərdə olduğu kimi, əgər insan yalnış əqidəyə əsaslanaraq Allahın izni olmadan onların qarşısında tə᾽zim edərsə, dində bid᾽ətə yol vermiş və Allaha iftira etmiş olur. Qur᾽an sünnət, əql və icmaya əsasən bu növ tə᾽zim və ehtiram əlaməti qeyd etdiyimiz kimi bid᾽ət və haramdır. Kəhf surəsinin 15-ci ayəsində bu haqda deyilir:
«Allaha qarşı yalan uydurub düzəldən şəxslərdən daha zalim [özünə zülm edən] kim ola bilər?!» (18/15).
3. Bə᾽zən də insan Allahın izni və əmri ilə başqa birisinin qarşısında tə᾽zim edir. İnsanın Peyğəmbər, onun canişinlərinin, mö᾽minlərin və ya Qur᾽an, məscid, Həcərul-əsvəd və s. kimi Allaha mənsub olan şeylərin qarşısında tə᾽zim etməsini buna misal çəkmək olar. Bu kimi tə᾽zim və ehtiram əlamətləri nəinki şirk deyil, əksinə Allah tərəfindən olduqca bəyənilən rəftarlardandır. Belə ki, Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bilsin ki] Allah [onun yerinə] elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö᾽minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar». (5/54).
Bəli, insanın Allahı əmri ilə tə᾽zim etməsi sözün əsl mə᾽nasında Onun öz qarşısında tə᾽zim etməsi deməkdir. Çünki, Allahın birliyinə sidq ürəklə iman gətirən şəxs Onun hər şeyə qadir olduğunu (yaratmaq, öldürmək, ruzi vermək, bağışlayıb və ya əzab vermək və s.) və digər tərəfdən peyğəmbər və onun davamçılarının [canişinlərinin] adi bəşər, lakin onların pak və əməli-saleh və itaətkar olduqlarını qəbul edir və belə əqidəyə əsaslanır.
Belə bir saf əqidəyə malik olan bir şəxs onları Allahın izni ilə Onun öz dərgahında şəfaətverici vasitə hesab edir. Belə olduqda o nə Allahın hökmündən çıxmış olur, nə də Ona şərik qoşmuş olur.
Hər bir müsəlman çox yaxşı bilir ki, Peyğəmbər (s) həcc ziyarəti (və ya digər vaxtlarda) həcərül-əsvədi (qara daşı) öpər ona əl çəkər, mö᾽minlərin, şəhidlərin və əməli-saleh şəxslərin qəbrlərini ziyarət edər, qəbirlərin qarşısında duraraq onlara salam verər və Allah-taaladan onların bağışlanmasını dua edərdi. Peyğəmbərdən (s) sonra da səhabələr qəbirləri ziyarət edər, təbərrük olaraq onları öpər və sağlığında olduğu kimi, vəfat etdikdən sonra da Peyğəmbəri (s), Allahla özləri arasında şəfaətverici olaraq qərar verərdilər. Onlar bu kimi rəftarları tək Peyğəmbərə (s) deyil, özlərinin digər əməli-saleh dini rəhbərlərinə qarşı da edərdilər. İstər əshab, istərsə də din alimləri bu kimi rəftarlara qarşı müxalif mövqe tutmamışlar. Lakin İbni Teymiyyə ləqəbi ilə şöhrət tapmış Əhməd ibni Əbdül-həlim Hərani ilk dəfə qəbirlərin ziyarət olunması və bu məqsəd üçün səfərə çıxmağın haramlığına dair hökm verir. Onun fikrincə qəbirləri öpmək, əl çəkmək, qəbr sahiblərini vasitə qərar verərək onlardan şəfaət istəmək haram və şirk ilə bərabərdir. O, hətta Peyğəmbərin (s) qəbrini ziyarət edən, onu öpüb əl çəkən şəxslərlə mübarizə aparır və onların bu işlərini kiçik şirk və bə᾽zən də böyük şirk kimi qələmə verirdi.
Müasir islamşünas alimlər İbni Təyəmiyyənin əqidə və tərzi-təfəkkürünü diqqətlə araşdırdıqdan sonra onun islam dinində sabit olmuş məsələlərlə müxalif olduğunun, hətta onlardan bə᾽zilərinin inkar etdiyinin şahidi olmuşlar. Bu səbəbdən də yekdilliklə onun e᾽tibar baxımından saqit və bid᾽ətçi olduğuna fitva vermişlər. Çünki, onlar çox gözəl bilirdilər ki, mö᾽minlərin və xüsusilə də Peyğəmbərin (s) qəbrinin ziyarət olunmasının savabı haqda bir çox hədis və rəvayət nəql olunmuşdur. Peyğəmbərdən (s) nəql olmuş bu rəvayətlərin birində deyilir:
«Hər kəs məni vəfat etdikdən sonra ziyarət edərsə, sanki məni sağlığımda ziyarət etmişdir.»
Peyğəmbərdən (s) bu məzmunda onlarla digər hədis və rəvayətlər nəql olunmuşdur.
Bu səbəbdən də İbni Teymiyyənin həbs olunmasına və tövbə etməyincəyinədək ağır həbs şəraitində saxlanmılmasına fitva verilir.
Əgər İbni Teymiyyənin məqsədi müsəlmanlar arasında bilərəkdən ixtilaf yaratmaq olmayıbsa da, böyük səhvə yol verərək qəbirləri ziyarət, onlardan şəfatə istəmək və s. Allahdan qeyrisinə pərəstiş və şirk hesab etmişdir. Lakin o, buna diqqət yetirməmişdir ki, qəbirləri ziyarət edən həmən bu şəxslər Allahın birliyinə, Ondan başqa ruzi verən və yaradan ikinci bir varlığın olmadığına iman gətirmişlər. Və onların tə᾽zim etməklərindən məqsəd dinin müqəddəs ayinlərinə ehtiram etməkdən başqa bir şey deyildir və sözün əsl mə᾽nasında tə᾽zim Allahın özünə olunur. Və bütün bunların şirk ilə heç bir əlaqə və oxşarlığı yoxdur. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, şirk ona deyilir ki, insan Allahdan qeyrisinə pərəstiş [ibadət] etmiş olsun. Pərəstiş isə ona deyilir ki, insan ibadət etdiyi mə᾽budun qarşısında səcdə etmiş olsun. Lakin Peyğəmbər (s) və onun davamçılarına [canişinlərinə] tə᾽zim hara, belə bir əqidə hara!?
Mə᾽lum məsələdir ki, heç bir müsəlman öz peyğəmbərinə itaət etməyir, o ki qaldı onun qəbrinə. Onun və canişinlərinin müqabilində tə᾽zimə gəldikdə isə, o bütün bunları hər zaman Allaha sidq ürəklə bəndəlik etdikləri və əməli-saleh işlər gördükləri üçün edir.
Bir sözlə, qəbirlərin ziyarət olunması, onları öpmək, əl çəkmək, onların müqabilində tə᾽zim etməyi əsla şirk hesab etmək olmaz. Əgər bu kimi işləri şirk adlandırarıqsa, gərək hər bir insanın ehtiram əlaməti olaraq başqa birisinin müqabilində tə᾽zim etməsini də şirk kimi qələmə verək. Bir haldakı İbni Teymiyyə və onun tərəfdarları bunun şirk olduğunu əsla qəbul etmirlər. Bütün bunlarla yanaşı əgər qəbirlərin ziyarət olunmasını şirk adlandırsaq, gərək Peyğəmbəri (s) də (nəuzubillah) müşrik hesab edək. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi o, öz sağlığında bu kimi işlər görərdi.
Bu kimi işləri şirk və bu əməli edən şəxsləri müşrik adlandıran bir şəxs, Peyğəmbərin (s) də şirkə yol verdiyini iddia edə bilərmi? Heç vaxt! Çünki, şirk peyğəmbərliyə aid olunmaz bir xüsusiyyətdir. Bunun üçün deməliyik: Ya bə᾽zi şirklərin eyb və nöqsanı yoxdur və ya qəbirlərin ziyarət olunmasını və Allaha aid olan – Qur᾽an, Kə᾽bə, Həcərül-əsvəd və s. kimi şeylərin qarşısında tə᾽zim etməyin şirk ilə heç bir əlaqəsi yoxdur. Və bunları şirk adlandırmayır. Bə᾽zi şirklərə icazə verən birinci ehtimal [fərziyyə] tamamilə batil və əsassız olduğu üçün qəbirlərin ziyarət və onların müqabilində tə᾽zim etməyin şirk olmadığını bildirən ikinci ehtimalı qəbul etməliyik. Çünki qəbirləri ziyarət və qəbir sahiblərinə tə᾽zim etmək heç də şirk deyildir. Və bu kimi işlər Allahın izni ilə həyata keçirilərsə, sözün əsl mə᾽nasında insan Allaha itaət və təqvaya əməl edərək dinin müqəddəs ayinlərini yerinə yetirmiş olur.
Qur᾽ani-kərimdə bu haqda buyurulur:
«Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu [hörmət] şübhəsiz ki, qəlblərin təqvasındandır [Allahdan qorxmasındandır]». (22/32).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter