Namaz qılmayanın aqibətİ necə olacaq?


Yaradılış etibarı ilə fitrətində ibadət etmək hissi olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanın vəsvəsələrinə, dünyanın yalançı və müvəqqəti bər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinə uyub ibadətin qəlbi olan namazdan özünü məhrum edir. Nə itirdiyinin, hansı yolda olduğunun fərqinə varmır. Ayılanda isə artıq gec olur. Geriyə yol olmadığını dərk edir. Əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Nə qaçacaq bir yer, nə də bir sığınacaq tapa bilmir. Yalnız ölümü daddıqdan sonra başlayan axirət həyatının əbədi sakinlərindən biri olur. Ancaq axirət həyatını bu müvəqqəti həyata dəyişdiyinin acısını hiss edərək yenidən dünyaya dönmək, imtahandan üzüağ çıxmaq üçün yalvarır. Uca Allah onların halını vəsf edərək deyir: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm” ( əl-Muminun surəsi , 99-100) Bir başqa ayədə isə buyurur: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!\" (əl-Furqan, 27, 28)
Lakin bu həyat hər birimizə bir dəfə verilir. Anadan olduğumuz gündən sanki geriyə sayım başlayır. Hər açılan sabahla öz əbədi həyatımıza bir addım daha yaxınlaşırıq. Odur ki, Uca Allahın bu ayəsini daim xatırlayın və düşünün: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl Sözə tabe olun!” (əz-Zumər, 53-55)
Deməli ilk sorğuya çəkiləcəyimiz ibadət olan namazı bir gün olsun belə ləngitmədən qılmalı onun fəzilətindən özümüzü məhrum etməməliyik. Əks halda vəziyyətimiz çox acınacaqlı olar. Allah bu haqda belə buyurur: “Baldır açılacağı və onlar səcdəyə dəvət olunacaqları, lakin buna qadir olmayacaqları gün – onların gözləri zəlil görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada sağ-salamat ikən səcdəyə dəvət olunurdular.” (əl-Qələm surəsi, 42, 43)
Həmçinin yalnız namaz qılmaqla kifayətlənməli deyil, Allahın razı qalacağı yaxşı əməlləri çoxaltmalıyıq. Haqq-hesab gününü bir an olsun unutmamalı, ona səmimi qəlbdən iman gətirməliyik. Qurani-Kərimdə belə buyurulur: “Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan sayardıq.” (əl-Muddəssir surəsi, 38-46)
Çox acınacaqlı bir haldır ki, bəzən cəmiyyətimizdə namaz qılmağa başlayıb sonra onu müxtəlif bəhanələri səbəb gətirərək tərk edənlərə də rast gəlirik. Nə qədər ki, Allahın tövbə qapıları onlara açıqdır, deməli gec deyil. Tərk etdikləri bu gözəl ibadətə tövbə edib yenidən qovuşmaqla həm dünyanı, həm də axirəti qazana bilərlər. Uca Allah buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar” (Məryəm surəsi, 59)
Namaz qılmayan insanların Quran ayələrində təsvir edilən aqibətlərini heç kim arzulamaz. Ona görə də nə qədər ibadət etməyə fürsətimiz var, ondan istifadə etməliyik. Bir günü belə boş-boşuna keçirmək olmaz. Əli ibn Əbu Talib (r.a) öz tələbələrinə həmişə nəsihət edib deyərdi: \"Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz.\" (Camiul-Ulum vəl Hikəm, ibn Rəcəb.)
Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünya həyatının aldadıcı gözəlliyinə əbədi həyatımızı qurban verməyə dəyməz. İbadətlərin ən önəmlisi olan namazı sevək və yerinə yetirək ki, o da öz fəziləti ilə bizlərə axirətdə sevinənlərdən olmağımıza bir vasitə olsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter