Nəyİ xatırlamaq nəyə dəlalət edİr?



İnsanı nuraniyyətdən məhrum edən digər məqam Allahı unutmaq, Allahı xatırlamamaqdır. Gündəlik həyatda Allahı xatırlamamaq insanı uğursuz duruma salar. Ümumiyyətlə, xatırlayıb-xatırlamamaq nə deməkdir? İnsan nəyə görə nəyisə və ya kimisə xatırlayır? Burada, xatırlamağın iradəvi formasından söhbət gedir, nəinki insanın nəsə yadına düşdüyü kimi bir məsələ. Daha çox diqqətdə saxlamaq mənası ehtiva olunur. Diqqət edək ki, insanın nəyisə xatırlaması nəyəsə dəlalət edir. Zülmləri, intriqaları, mənəvi zəlillikləri, haramları göz önünə gətirib xoşhal olan kimsə hara, işıqlı və nurani kateqoriyalarla yaşayan kimsə hara! Allahı xatırlamaq, o cümlədən o Uca Varlığı dildə zikr etməyə də aiddir. Allahı xatırlamamağın axırı isə özünü unutmaq deməkdir. Özünü unutmaq isə fəlakət deməkdir. Robotlaşmaq, manqurtlaşmaq deməkdir.

Fərdin həyatı nə zaman nurani olar? Tövbə mədəniyyəti onun həyatına daxil olsa, Allahı xatırlamaq onun həyatının bir hissəsi olsa nicat tapar. Toplum da elədir. Toplum özü ilə məşğul olmasa, vəziyyəti yaxşı olmaz. Özü ilə məşğul olan toplum isə vücudi inkişafa rəvac verər.
Təsəvvür edək bir ailəni. Burada yaşanan dəyərlərin ailənin durumuna təsirinə diqqət edək. İnikas edək bu məsələni cəmiyyətə. Ruhiyyələr tövbəyə yönəlsə, qəlblər Allahı xatırlamağa yönəldilsə necə də gözəl olar! İnsan da, ailə də, toplum da özünə qayıdacaq. Öz tutumunu biləcək, öz mahiyyətinə uyğun hərəkət edəcək.
Allahı xatırlamaq olmadıqda, insan özünü unudar. İnsanın həyatında ən önəmli məsələlərdən biri budur ki, insan gərək öz kimliyini, dəyərini bilsin. Yaradılış aləmində öz yerini bilsin. Əgər insan öz qədrini, vəziyyətini, yerini bilənlərdən olmasa, həqiqi dəyərindən xəbərdar olmasa, onun yekunu yaxşı olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter