QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA NƏ GƏLİB?


QUR`ANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA


Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qur`ani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur. Mə`lum olduğu kimi cahiliyyət dövründə şərabdan çox geniş şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bə`zi şərabxorların şəxsi fikirlərinin əksinə olaraq, İslam dini nöqteyi-nəzərindən bütün səmavi dinlərdə, dini kitablarda (həmçinin, Tövrat və İcildə), həzrəti Adəm (əleyhissalam)-dan indiyə qədər şərab haram olmuş və Qiyamətə qədər də haram olacaqdır. Bütün müsəlman alimlərinin fətvasına uyğun olaraq, şərab və məstedici içkilər zatı nəcis sayılan on bir nəcis (murdar) şeylərdən biridir.
İndi də Qur`anda şərab haqqında nazil olan bə`zi ayələri nəzərdən keçirək:

1. Bəqərə surəsi,219-cu ayə:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ............. كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.................... Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz..”.
Bu ayə barəsində məşhur təfsir kitabı olan “Məcməul-bəyan”da yazılır: İnsanlara söylə: Şərabda və qumarda böyük günah var! Ola bilsin ki, ondan bə`ziləri mənfəətlər də götürsünlər. Belə ki, şərabı alıb-satmaqla qazanc əldə edilir, onu içib ləzzət alanlar da olur və s. Sonra əlavə edir ki, onların günahı və zərəri xeyrindən daha çoxdur. Çünki, içki və qumarın istifadəsi ötəri, faydası isə məhduddur. Amma günahına gəldikdə isə, onu içən insan əgər tövbə etməsə, Pərvərdigari-aləmin qəzəbinə, O müqəddəs varlığın qarşısında düşmən mövqeyində durmasına səbəb olur. Halbuki, ondan götürülən azacıq xeyir, günah və zərəri ilə müqayisədə bir damla ilə dəryanın fərqi qədərdir. Əlbəttə, qeyd olunan zərər insanın iman, təqva və mə`nəviyyatında olan zərərdir, tibbi və fiziki bəlalarından isə gələcək bəhslərdə söz açacağıq.

2. Maidə surəsi,90-ci ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”
Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:
1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.
2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.
3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.
4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını «bütpərəstlik» kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.
Sonrakı ayədə buyurur:
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı .
Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.
Bütün bunlardan nəticə olaraq başa düşmək olar ki, şərab içən. Allahın düşməni sayılır. Çünki, insan şərab içdikdə Şeytana yaxın olanlardan sayılır. Əgər insan vaxtında bu yoldan peşiman olub qayıtmasa, dünya və Axirətdə Allahın bəlasına düçar olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter