QURANDA İNSAN ŞƏXSİYYƏTİ HAQQINDA NƏ BUYURULUR?


Quran nəzərində insan Allahın yer üzündəki xəlifəsi və mələklərin səcdə etdiyi bir məxluqdur. Allah-təala bütün yaranmışları insandan ötrü xəlq edib və onun ixtiyarına verib. «Casiyə» surəsinin 13-cü ayəsində oxuyuruq:
وَسَخَّرَ لَكُمْ ما فِي السَّماواتِ وَما فِي الاَْرْضِ جَمِيعاً مِنْهُ
«Allah göylərdə və yerdə olan hər şeyi sizə tabe eləmişdir».
«İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:
وَلَقَدْ كَرَّمْنا بَنِي آدَمَ
«Biz Adəm övladlarını (insanları) əziz (kəramətli) etmişik.»
Bu ayənin axırında isə buyurur:
وَ فَضَّلناهُمْ...
«Biz insanları üstün tutmuşuq».
«Tövbə» surəsinin 38-ci ayəsində Allah-təala möminlərə xitab edib buyurur:
أَرَضِيتُمْ بِالْحَيوةِ الدُّنْيا

«Dünya həyatınamı razı oldunuz?!»
Bu ayə onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada hər şeydən çox qiymətli və üstündür. O, özünü (iman və əqidəsini) bu dünyanın həyatına satmamalıdır. Misal üçün, təzə bir maşın alan şəxs onu tozlu və palçıqlı yollarda sürmür. Çünki onun belə bir maşını toz-torpaqlı yolda sürməyə heyfi gəlir. Allah-təala da insanı məxluqların ən yaxşısı və özünün xəlifəsi yaradıb. Heyf deyilmi ki, belə bir dəyərli vücudunu günah bataqlıqlarında məhv etsin.?! Həqiqətən insan öz dəyər və qiymətini düzgün başa düşsə, pis işlərin ardınca getməz. Amma özünü puç və zəlil hesab edən şəxsin hər bir cinayət və pislik etməyi mümkündür. «Zuxruf» surəsinin 54-cü ayəsində oxuyuruq:
فَاسْتَخَفَّ قَوْمَهُ فَاَطَاعُوهُ

«Firon öz qövmünün şəxsiyyətini təhqir etdi. Sonra camaat ona itaət etdilər.» Yəni Firon öz hökmləri ilə əvvəlcə camaatı şəxsiyyətsiz etdi. Onlar da özlərini puç və zəlil biləndən sonra Fironun dediklərinə tabe oldular. Amma bu tayfa öz şəxsiyyətlərini itirməsəydi heç vaxt Firon kimi zalım və şəxsiyyətsiz bir padşaha tabe olmazdılar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter