Allahı tanımaqda “Sİddİqİn” sübutunun mənası nədİr?


“Siddiq” sözü “sadiq” (düz danışan) sözünün mübaliğə (hiperbolik) formasıdır. Bu söz Allah və Onun məxluqları ilə olan əhd-peymanda doğruluq mənası bildirir.(Təliqə bər şərhi-hikmət, səh.488-497)
Bu sübutu ilk dəfə Əbu Əli Sina “İşarat” kitabının 4-cü bölümündə “Siddiqin sübutu” adı ilə araşdırmışdır. İbni Sinanın bu məsələ ilə əlaqədar mülahizələrindən məlum olur ki, onun zehnində bu sübutun ilk qığılcımı Qurani-kərim ayələrindəndir.
İbn Sinanın nəzəriyyə və mülahizələrinin ən böyük şərhçisi görkəmli alim Şeyx Tusi həmin sübutun “Siddiqin” adlandırılmasının səbəbi barədə yazır: “İlahiyyatçı qrupun üslubu iki yolla – təbiətşünaslar və teoloqlarla – müqayisədə ən düzgünü olduğundan, bu qrup “Siddiqin” (doğruçular və düz danışanlar) adlanmışlar.”(Şərhül-işarat, Nəsirəddin Tusi,səh.214)
Səbəb budur ki, bu sübutda ən az müqəddimə və mənbələrlə Allahın varlığı isbat olunur. İbn Sinadan sonra böyük İslam filosofları ona diqqət yetirmiş, hər biri xüsusi bəyan və mülahizələrlə onu şərh etmişlər. İlahi həkim və filosof mərhum Mehdi Aştiyani “Siddiqin” dəlili ilə bağlı on doqquz növ mülahizə bəyan etmişdir.

Ümumiyyətlə, bu sübut varlıq həqiqətinə diqqət yetirməklə məhz Allahı isbat edir. Buna görə də Allahın varlığını zamanın yaranması yolu ilə isbat edən teoloqların, hərəkət vasitəsilə isbat edən təbiətşünasların, zati imkan vasitəsilə isbat edən ilahi filosofların, kəşf və müşahidə vasitəsilə Allaha çatan ariflərin sübutları arasında fərq vardır.
Burada “Siddiqin” dəlilinin bütün izahlarına və ya ən mühüm incəliklərinə işarə etmək əlavə vaxt apardığı üçün Əllamə Təbatəbainin “Üsuli-fəlsəfə və rəvişi-realizm” («Fəlsəfənin əsaslara və realizm üslubu») adlı kitabında qeyd olunan görüşlər, mülahizələr və izahlar digər müəlliflərin izahlarından sadə və əhatəli olduğundan həmin mülahizələri qeyd edirik:
“Sübut olunmasına şəkk-şübhə etmədiyimiz varlığın reallığı heç vaxt inkar oluna bilməz. Başqa sözlə, varlıq reallığı qeyd-şərtsiz olaraq həqiqətdir, heç bir halda qeyri-real olmur. Ötüb-keçməkdə olan dünya və onun hər bir dönəmi inkar edilmədiyindən inkarı qəbul etməyən gerçəkliyin eyni deyil. Əksinə, o gerçəkliklə yanaşı (digər bir) gerçəklik də var. O olmadıqda varlıqdan heç bir bəhrəsi olmur, öz varlığı yox olur. Əlbəttə, bu gerçəkliyin əşyalarla eyniləşib bir olması, ya onlara nüfuzu, ya onlarda hülul etməsi, ya da gerçəklikdən bir qisminin ondan ayrılaraq əşyalara qovuşması mənasında deyil. ( O eynilə işıq kimidir. Qaranlıq cisimlər onunla işıqlanır, onun vücudu olmadıqda zülmətdə qalır. Eyni zamanda həmin bu misal məqsədimizi bəyan etməkdə yetərsizdir). Başqa sözlə, Onun özü gerçəkliyin eynidir. Kainat və onun ayrı-ayrı hissələri də Onun vasitəsilə gerçəkləşir və Onsuz heçliyə, puçluğa düçar olur.
Nəticədə dünya və onun hissələri özü vücud (varlıq) müstəqilliyində və gerçəkliyə malik olmasında elə bir gerçəkliyə arxalanmışdır ki, Onun Özü gerçəkliyin eyni və özüdür. (O da elə müqəddəs Zatı heç vaxt zavala uğramayan Allahdandır.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter