Orucu qəbul etdİrməyən nədİr?


Mübarək aydayıq. Nemətlərlə dolu bir süfrənin kənarındayıq. Sadəcə əlimizi bu süfrəyə uzadıb, bu mənəviyyat ziyafətindən öz payımızı apara bilərik. Amma diqqətli olmalıyıq ki, bəzi əməllər qoymur bizi bu süfrədən bir şey götürməyə. Buraya ilk növbədə, insanlara zülm etmək aiddir. İnsanlara zülm edən kəs, haqq-hesab çəkilən gündə bunun acısını dadacaqdır. Bütün ömrü boyu ibadət etsə də, cəmi savablarını zülm etdiyi adamlara ödəyəcəkdir. Allahın Peyğəmbəri (s) buyurub: “Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: “Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir”. Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər”.
Bu məsələ nəinki ümumi mövzulardır, əksinə, hər bir insana gündəlik həyatında aid olan məsələlərdəndir. Hətta ömür boyu oruc tutan bir insanın əməllərinin puç olmasına səbəb olan təhlükələr var. Ömür boyu oruc tutmanı qəbul etdirməyən nədir? Buraya xüsusən də öz yaxınlarını incitmək aiddir. Allahın Peyğəmbərindən (s) nəql edirlər: “Öz ərini incidən qadın ərinə kömək edib, onu razı salmayınca, Allah Təala onun namazını və xeyir əməlini - ömrü boyu oruc tutsa belə - qəbul etməz. Kişi də həmçinin, əgər öz həyat yoldaşını incidib zülm etsə, həmin günah və əzab onun üçün də var”.

Allah Təala insanı o durumdan saxlasın ki, bu məsələlərə riayət etməyə. Qəribə məsələlər baş verə bilir. İnsanlar namaz qılır, oruc tutur, amma bu namazın, bu orucun onun gündəlik həyatında izi olmur.
Bunlar abstrakt mövzu deyildir. Hətta görürsən ki, mübarək ayda oruc tutan insan da, bilərəkdən deyil, diqqətsizlik üzündən yaxınlarına əziyyət verə bilər. Neçə saat qabaqcadan xəstə anasını, yaxud övlad gözləyən, südəmər uşağa qulluq edən həyat yoldaşını yuxudan qaldırır ki, bunun üçün xüsusi, təm-təraqlı bir obaşdanlıq hazırlasınlar. Və ya iftarı bir az gecikəndə, ya xüsusi ləziz xörəklər az olanda - əsəbiləşir, hikkəlik edir, qan qaraldır. Hətta onun da fərqinə varmır ki, evdəkiləri də elə onun özü kimi orucdurlar. Yaxınlarına onu qıyır ki, qızmar yay günlərində saatlarla plitənin yanında dursunlar ki, nə var-nə var bu insan 5-10 dəqiqə yeməyin xüsusi ləzzətini dadacaqdır. Amma nə gözəl ki, insan bu məsələlərdə tələbkar olmaya! Və adət üzrə, onun bu aza qane olmağının müqabilində, ev əhli də çalışır xüsusi diqqət göstərsin, fədakarlıq edir, əzab-əzziyyət onlara artıq şirin gəlir.
İnsan oruc tutur. İnsan Allah dərgahında bəndəlik edir - nə gözəl, nə nəcib bir hal. Amma diqqət edilməlidir ki, bu, yalnız yeməkdən-içməkdən çəkinməklə kifayətlənilməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter