Hədislərə əsasən günahların bağışlanması üçün ən yaxşı zikr hansıdır?!


Hədislərin birində oxuyuruq ki, Cəbrail (ə) Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və buyurur: “Ya Rəsulallah! Bu gün mən gələndə yolda qəribə bir şey gördüm. Bir mələk gördüm ki, qanadları yanmışdı. Əvvəllər bu mələyi dördüncü səmada görmüşdüm. O zaman 70 min mələk onun əmri altında idi. Lakin gördüm ki, İlahi qəzəbə düçar olduğu üçün qanadları yanmış və ora sürgün edilmişdir. Onun halına yandım və ondan soruşdum ki, niyə bura düşmüsən? Dedi: “Merac gecəsində Peyğəmbəri-xatəm (s) gələndə, bizim tərəfdən keçməli idi və bizim hamımız tez yerimizdən qalxıb onu qarşılamalı idik. Mən yerimdən gec qalxdım və gec ədəbimi bildirə bildim. Allah Təala da məni bu cür giriftarlığa düçar etdi. Ey Cəbrail! Mənim dadıma yetiş”. Və Cəbrail (ə) Allah Təalaya xitab edir ki, Allahım, bu günahkarın xatasını bağışla! Allah Təala ona xitab edir: “Ey Cəbrail! Əgər bu mələk əvvəlki yerinə qaytarmağımı istəyirsə, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndərsin”. Cəbrail (ə) deyir ki, Ya Rəsulallah, mən bu xəbəri həmin mələyə çatdırdım və o, da salavatı davamlı şəkildə deməyə başladı. Allah da qanadlarını yenidən bərpa edib, onu dördüncü səmadakı əvvəlki yerinə qaytardı”.


Mələkələr hansı əməl sahiblərinə gülərlər?!


Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”. Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar. Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.
Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?”...


Ayətullah Behcət Ərbəin ziyarəti barədə nə buyurmuşdu?!


Ayətullah Behcət buyurur: “Allahın bütün şüarları – əlamətdir. Nəyin əlamətidirlər? Misal üçün başını torpağa qoymaq – səcdə olunan Varlığı tanımağa və yadına salmağa səbəb olar.
“Bismillah”ı namazda möhkəmdən demək hamıya bəlli edər ki, bu əməl – lazımlı əməldir.
Qırx möminin ziyarəti insana mömin bacı və qardaşları yada salar və onlar üçün dua edər.
Hər kim Allah şüarını böyük hesab edər – bu, o deməkdir ki, onun durumu qəlbin təqvalı olmasından irəli gəlmişdir. Təqvalı qəlb insana ancaq Allahı yada salmaqda yardım etmir, bəlkə başqalarına da Allahı xatırladır...


Peyğəmbərimizin (s) yemək yeyən zamanı etdiyi dua


O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: “Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.
İmam Hüseyn (ə) buyurur: “O zaman ki, Allahın Rəsulu (s) yemək yeyərdi, buyuraradı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”. O zaman ki, süd içərdi, buyurardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ruzimiz qərar ver”.
İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) besətdən ömrünün axırına qədər heç bir zaman söykənərək, yemək yeməzdi. Davamlı olaraq, qul kimi yemək yeyərdi və qul kimi əyləşərdi. O, bunu təvazökarlığına görə edərdi”. Həmçinin buyurur: “Peyğəmbəri-Əkrəm (s) sol əli ilə yeməyi, içməyi və nəyisə götürməyi bəyənməzdi”.


İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar nə vaxt qəbul olur?


Hədislərimiz buyurur ki, İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar qəbul olar. Ancaq hər dua deyil. Bəlkə o dua ki, bəzi şərtlərə malik olmalıdır. Duanın sərhədləri vardır. O dua ki, yerinə yetirilməsi mahaldır, onu Allahdan istəmək olmaz. Dua xaliscəsinə edilməlidir. Yəni, insan etdiyi duada xalis olmalıdır. Dua edən zaman diqqəti Allahda olmalıdır. Dua edən insan əvvəl tövbə edərək özünü paklamalı, sonra dua etməlidir. Çünki pak insanların duası cavabsız qalmaz. Əgər duada gecikmə vardırsa, deməli İlahi hikmət onu təxirə salmışdır. Hər bir şeyin öz vaxtı və zamanı vardır. Eyni zamanda edilən duaların da. Bəzi duaların gecikməsi o deməkdir ki, həmin duanın bu anda həyata keçməsi həmin şəxs üçün bəyənilən və xeyirli deyildir. Əlbəttə, İmamın (ə) hərəmində edilən dualardan əvvəl, zəvvarın əsil hədəfi ziyarət olmalıdır. Çünki ziyarət qəsdi ilə bu pak məkana ayaq basmışdır.
Beləliklə deyə bilərik ki, əgər dualarınızın İmam Hüseyn (ə) qübbəsinin altında qəbul olmasını istəyirsinizsə, gərək bəzi şərtlərə əməl edəsiniz. Bu şərtlər: duanın edildiyi zaman, məkan və həmin şəxsin paklığı, duanı ixlasla etməsi və mahal olan dualardan çəkinməsidir.


Camaat namazında iştirak etmək üçün hansı 6 mühüm nöqtəyə fikir verməliyik?!


Səhabələrdən bir nəfər nəql edir: “Peyğəmbərin (s) məscidinə daxil oldum və ancaq camaat namazında iştirak etmədim.
Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”. Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”. Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın...


İbadətdə ifrat -həddi aşmaq olmaz?! İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) nəql edir: “Bəni-İsrayildən olan abid o qədər ibadət edir ki, çox arıqlayır. Allah da zamanın peyğəmbərinə vəhy edir ki, ona de: “İzzət və Cəlalıma and olsun ki, əgər mənə elə ibadət etsən ki, daxili yağların suya çevrilər, səndən qəbul etmərəm. Məgər o halda ki, Mən müəyyən etdiyim şəkildə mənə ibadət edəsən və əmr etdiyim qapıdan daxil olasan”. Həqiqi ibadət – o ibadətdir ki, Allahın verdiyi əmrlərə əsasən möhkəm olsun. Əmr olunmamış ibadət, bidətdir. Bidət isə zəlalətdir və bidət əhli – atəşdədir”.


Dualarımız qəbul olunandan sonra hansı üç məsələyə diqqət yetirməliyik?!


Əgər duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən və deməyəsən ki, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi. Təkəbbür şeytanın (lən) qələbə çalmasına və əməlin məhv olmasına gətirib çıxardar.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən. Əgər bacarsan, 2 rükət şükür namazı qılasan.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən. Yenə də Allahın evinə və dərgahına gedib, Onu unutmayasan, Onunla söhbət edəsən.
Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan. Ola bilsin ki, duanın yerinə yetməsinə mane olan günahlar vardır. Ona görə də çoxlu tövbə edəsən...


Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “«Həmd» surəsinin fəziləti – ərşi həml edənlərin fəziləti kimidir. Hər kim onu oxuyarsa, ərşi həml edənlərin savabı kimi savab ona verilər”.
Hərarəti yüksək olanlara yardım edər. İmam Sadiq (ə) buyurur: “Hər kim imanla «Həmd» surəsini 40 dəfə ixlasla, Allaha diqqət edərək su qədəhinə oxuyarsa, həmin suyu hərarəti olan şəxsin üzərinə səpərsə – hərarəti düşər”.


İnsan bu üç müsibətin fikrində olsa, maddi çətinliklər onun üçün dəyərsiz olar?!


Bir nəfər İmam Səccadın (ə) yanına gəlir və halından, dünyasından şikayət edir. İmam (ə) buyurur: “Çarəsiz insan hər gün üç müsibətə düçar olar ki, heç birindən ibrət götürməz. Əgər ibrət götürsəydi, dünya müsibətləri onun üçün asan olardı.
1. Ömründən keçən hər gün ömründən azaldar. Əgər malından nəyisə azalmış olsaydı, əvəzini vermək olardı. Ancaq ömrün azalmasının əvəzi yoxdur.
2. Hər gün ona çatan ruzi əgər halaldan olarsa, hesabı vardır. Əks halda cəzası vardır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .