Nİyyət əməldən yaxşıdırsa, gecələrİ oyaq qalıb İbadət nİyyəti etsək, əmələ ehtİyac qalmırmı?


Cavab:

Əvvəla, niyyət dedikdə əməl üçün həqiqi iradə və qəti qərar nəzərdə tutulur. Beynimizdə ani olaraq meydana çıxıb hələ icrasına tərəddüd etdiyimiz fikirləri niyyət adlandırmaq olmaz, çünki niyyətlə xəyal arasında fərq vardır. Bəzən insan namaz, oruc, həcc və s.-ni niyyət edir, amma bu işləri yerinə yetirmək üçün heç bir ciddi qərara gəlmir. Yaxud biri gecə namazı, döyüş meydanı, cihad və şəhid olmağı təsəvvürünə gətirir, ancaq özünü gecə namazı qılmağa, cəbhəyə getməyə hazırlamayıb heç bir tədbirə əl atmır. Şübhəsiz, belə təsəvvürlər ilğım və xəyaldan başqa bir şey olmayıb heç bir dəyərə malik deyildir. Allah-təala bu cür təsəvvür və xəyallara görə heç kimə mükafat vermir.
Savab və əzabın meyarı insanı əmələ sövq edən ciddi düşüncə və qəti qərardır. Uca Yaradan insan iradəsini çalışmaq şərtilə dəyərləndirərək qiymətləndirmişdir.

Allah-təala buyurur:
“Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19).
Allah-təala iman və saleh əməllə birgə olan istəyi qiymətləndirmişdir.
Qəti qərar əmələ çevrilərkən iki cür təzahür edir: bəzən müvəffəqiyyətlə qurtarır və bəzən də məğlubiyyətə uğrayır. İnsan öz niyyətini həyata keçirmək üçün həmişə müvəffəq olmur. Bəzi hallarda obyektiv səbəblər üzündən niyyət həyata keçməsə də, hər iki surətdə (müvəffəqiyyət və məğlubiyyət) niyyət ciddi olduğundan dəyərlidir. Bu isə əməldən daha yaxşı hesab edilən elə həmin niyyətdir.
Üçüncüsü, möminin niyyəti səmimi olduqda əhəmiyyət kəsb edir. Başqa sözlə, icraçı gözəlliyi əməl gözəlliyindən yaxşıdır. Çünki icraçı gözəlliyinin iki xüsusiyyəti vardır: əməli gözəl, icraçını isə əməlisaleh edir. Əməl gözəlliyi isə bunun əksi olaraq icraçıya heç bir təsir bağışlamır, yəni hər kim qeyri-səmimi gözəl bir iş görərsə, niyyətinin səmimiyyəti olmadığından həmin xeyir əməlin ona heç bir faydası yoxdur. Buna görə də Allah-təala “Qurani-Kərim”də buyurur:
“Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19).
Peyğəmbər(s) buyurmuşdur:
“Hər kim Allahdan sidq ürəklə şəhadətə yetməyi diləyərsə, Allah-təala onu evində vəfat etsə belə, şəhidlər məqamına yüksəldər.”
Həzrəti-Əli(ə) buyurur:
“... Allah-təala bəndələrindən kimi istəyərsə, saf niyyəti və təmiz ürəyinə görə behiştə daxil edər.”
İmam Sadiq(ə) buyurur:
«Fəqir mömin bəndə deyər: «İlahi! Xeyir işlər görmək üçün mənə bir vasitə göndər.» Əgər Allah-təala onun bu diləyinin saf niyyətlə olduğunu görərsə, o xeyir əməlin əcr və savabını onun əməllər kitabçasına yazar. Həqiqətən, Allah-təala ehtiyacsız və kərimdir.”
Bu şərtlər bir yerdə cəmləşdikdə möminin niyyətinin niyə görə əməlindən yaxşı olduğunu bir daha sübut edir:
1)niyyət əməlin təməli və qayəsidir. Səbəb isə bir şeyin nəticəsindən daha əsas və üstündür;
2)niyyət əməlin canı və ruhudur. Ruh isə cisimdən irəlidir;
3)niyyətdə riya ola bilməz, lakin əməldə riyanın olması mümkündür;
4)möminin əməli səhv olduğuna görə özünə, yaxud başqalarına zərər yetirə bilər. Bu halda əməlin ona heç bir xeyri olmaz, amma niyyəti saf olduğu üçün mükafat və savab qazanar;
5)mömin çalışdıqca öz qüdrətindən artıq şeylər istəyir. Demək, möminin niyyəti hər cəhətdən əməlindən üstündür.
Bir gün Zeyd Şiham İmam Sadiq(ə)-in hüzuruna gəlib soruşdu:
-Ağa, sizdən eşitdim ki, niyyət əməldən daha yaxşıdır. Bu necə ola bilər?
İmam Sadiq (ə) buyurdu:
-Bəzən insan riyakarlıq edərək tərif xatirinə bir işi görür. Ancaq saf niyyətin əsasında ilahi eşq və ulu Tanrıya sonsuz məhəbbət olduğundan riyaya bulaşmır. Nəticədə isə Allah-təala insana əməlinə görə vermədiyi neməti niyyətinə görə əta edir. Ola bilsin ki, bəndə gecənin son saatlarında gecə namazı qılmaq niyyətilə yatıb yuxuya qalsın. Allah-təala isə gecə namazının savabını onun əməllər kitabçasına yazar, yuxuda olduğu zaman onun nəfəsini zikr, yuxusunu isə sədəqə hesab edər.
Allahdan başqa heç kim başqasının niyyətindən xəbərdar deyildir. Demək, niyyətdə heç vaxt riya ola bilməz. Niyyət əmələ çevriləndə onun riyaya qarışması mümkündür. Buna görə də deyiblər: «Möminin niyyəti əməlindən daha yaxşıdır.»
Amma kafirin niyyətinin əməlindən daha pis olmasının səbəbi yerinə yetirmiş olduğu işin əslində yaxşı və faydalı olmasındadır. Lakin yaxşı işlər görərkən onun niyyətində hiylə, maddi mənfəət, riya və kələk olduğundan niyyəti əməlindən pisdir. Çünki onun əməlindən başqalarına xeyir dəyir, amma özü günahdan başqa bir şey qazanmır. Deməli, kafirin niyyəti hər cəhətdən əməlindən daha pisdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .