Aşura mərasİmlərİ bİzə Səfəvİlər dövründən qalma adətdİrmİ?


Hər il qurulan Aşura mərasimləri bizə Səfəvilər dövründən qalma adətdirmi?

Keçən sualların cavabında məlum oldu ki, Məhəmməd peyğəmbər (s) və digər məsumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər. Hətta bəzi mənbələrə görə Aşura hadisəsindən sonra Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil olunmuşdur(1). Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə) yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur. Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də buna sübutdur(2).
Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün məsum İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını söyləmək olar(3).
Bu əza məclisləri bəzən gizli və bəzən də, aşkar şəkildə qurulurdu.
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından etibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir «Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və başqaları öz kitablarında məlumat vermişlər.
Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu, ... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.(4)»
Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.(5)»
Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı(6).
Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər(7). Belə məclislər Qahirə cümə məscidində də, qurulurdu(8).
Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu(9).
Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını söyləməyə əsas vermir.
Bu əzadarlıq mərasimləri hətta keçmişdə əhli-sünnə tərəfindən də, qeyd olunurdu.
Əbdülcəlil Razi h. q. tarixi ilə 560-cı ildə «Kitabu-nəqz» adlı kitabında məlumat verir: «Hər kəsə məlumdur ki, Hənəfi və Şafei (sünni) firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər....»
Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q. vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h. q. vəfat) Bağdadda; Əmir Əbbadi Qütbuddin (562 h. q.vəfat) Bağdadda; Əbu Mənsur Ümdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də, hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir(10).
Bu barədə bəzi kitablarda da geniş məlumat verilmişdir: «Silsilətüz-zəhəb», «Rəşəhat», «Məqamati-Cami», «Məqtəli-Xarəzmi», «Tarixi-Təbəri», «İthafüs-süəda fi mənaqibi seyyidüş-şühəda», (Əfiduddin Hənəfi), «Cövrül-əşqiya» (Qadirbəxş Hənəfi), «Məqtəl» (Mahmud ibn Osman Hənəfi), «Məqtəl», (Əli Ənbər Hənəfi), «Rövzətuş-şühəda», (Molla Hüseyn Kaşani).
Necə ki, İbn Sirin deyir: «Yəhya ibn Zəkəriyyədən sonra səma əhli Hüseyn ibn Əlidən (ə) başqasına ağlamadı.(11)»

-------------------------
(1)İbn Cövzi, «Məqtəl», c. 1, səh. 164; Xarəzmi «Məqtəl», c. 1, səh. 88; Hafiz Təbəri, «Zəxairül-üqba», səh. 119.
(2) «Tarixün-nihayə», səh. 132 və 190; İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 240;
(3) «Kamilüz-ziyarat», səh. 174; «Tarixün-nihayə ələl-Hüseyn», səh. 157, “Biharül-ənvar», c. 44, səh. 257 və 284; Hürr Amili, «Vəsailüş-şiə», c. 10, səh. 468; «Səhifeyi-nur», c. 10, səh. 217
(4) «Əl-müntəzəm fi tarixil-muluki vəl üməm», c. 7, səh. 15; «Təkmilətü-tarixit-Təbbi», səh. 183.
(5) «Miratül-cinan», c. 3, səh. 247; «Suallar və cavablar», səh. 31
(6) «Ən-Nücumuz-zahirə fi muluki Misir və Qahirə», c. 4, səh. 15.
(7) Məqrizi, «Əl-Xütüt», c. 2, səh. 289; «Ən-Nücumüz-zahirə», c. 4, səh. 126; Məqrizi, «İttiazül-hünəfa», c. 2, səh. 67.
(8) Həmin mənbələr.
(9) Müəlliflər qrupu, «Suallar və cavablar», səh. 174-175.
(10) Rəsul Cəfəri, «Aşura qiyamında diqqətli araşdırma», səh. 314-340
(11) «Tarixi-İbn Əsakir», c. 4, səh. 339.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .