HZ Peyğəmbər (s) buyuruqlarının rəvayətçisi BİLAL VƏ AZANÇISI HAQQINDA...


Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.


Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal,həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: \"Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum.

Camaat başımıza toplandı və hamı ağladı. Bilal məndən hansı şəhərdən gəldiyimi soruşdu. İraq əhli olduğumu bildirdim. Dedi: Bəh, bəh, afərin − bir qədər susub sözünə davam etdi − ey iraqlı qardaş yaz:
\"Rəhman və Rəhim Allahın adı ilə!

Azançılar möminlərin etimad etdiyi şəxslərdir. Möminlər namaz və oruclarını, cisim və canlarını azançıya etibar etmişlər. Onlar əta ediləndən savay bir şey istəməzlər. Bir şey haqqında şəfaət edərlərsə, qəbul olunar.”
Dedim: Allah sənə rəhmət buyursun, yenə də de.
Dedi: \"Yaz, Allahın adı ilə! Peyğəmbərdən (s) belə bir buyuruğunu eşitdim: \"Hər kəs qırx il Allah və Onun mükafatı üçün azan desə, Allah qiyamət günü ona qırx pak siddiqin əməl mükafatını əta edərək qaldırar.”
Dedim: Yenə de.
Dedi: \"Allahın adı ilə! Peyğəmbərdən (s) eşitdim ki, hər kəs iyirmi il azan desə, Allah qiyamətdə onu səmanın nuru kimi parlaq halda gətirər.”

Haqq eşqinin nuru damsa qəlbinə,
Günəş də həsrətlə boylanar sənə.

Dedim: Allah sənə rəhmət etsin, yenə de.
Dedi: \"Peyğəmbər (s) buyurdu: \"Hər kəs on il azan desə, Allah onu öz dərgahında İbrahim dərəcəsində məşhur edər.”
Dedim: Yenə də desənə.


Dedi: \"Peyğəmbər (s) buyurdu: \"Hər kəs bir il azan desə, Allah onu qiyamətdə Ühüd dağı qədərincə günahı olsa da, bağışlanmış halda gətirər.”
Dedim: Yenə de.

Dedi: \"Dediyimi yadda saxla, ona əməl et və Allaha ümidvar ol. Peyğəmbər (s) buyurdu: \" Hər kəs Allah yolunda, imanla ilahi mükafat üçün, Allaha yaxınlıq məqsədi ilə bir namazın azanını desə, Allah onun ötən günahlarını bağışlayar, gələcək xətalardan qoruyar, behiştdə şəhidlərlə qonşu edər.”
Dedim: Eşitdiklərinin ən yaxşısını de.


Dedi: \"Vay olsun sənə, ey cavan! Könlümün telini qırdın! − Sonra ağladı. Mən də ağladım, qəlbim yandı. O davam etdi − yaz, Allahın adı ilə. Peyğəmbər (s) buyurdu: \"Allah qiyamət günü hamını bir yerə toplayacağı vaxt mələkləri bayraqlar və nur nişanələrlə azançılara doğru göndərəcək. Azançılar qiymətli daşlarla bəzədilmiş atlara süvar olub, azan deyərlər.”


Bilalı yenidən ağlamaq tutdu. Mən də ona qoşuldum. Sakitləşdikdən sonra ağlamağının səbəbini soruşdum. Dedi:
\"Həbibim Məhəmməddən (s) azan, azançının savabı, onun behiştdəki yeri haqqında eşitdiyim sözləri yadıma saldın. Sonra mənə baxıb dedi: \"Əgər azançı ola bilsən, ölənədək bu işi davam etdirə bilsən bu vəsflə dünyadan gedə bilsən, işə başla...”/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .