ZİKR DEDİKDƏ MƏQSƏD NƏDİR?


Allahı zikr etmək böyük bir ibadət, insanın özünü qurmasında, nəfsini təkmilləşdirməsində və onun Allah dərgahına doğru seyr etməsində ən yaxşı yoldur. İndi ayə və rəvayətlərdə qeyd olunan «zikr»in mənasının nə olduğunu aydınlaşdırmalıyıq. Görəsən, məqsəd \"sübhanallah”, \"əlhəmdu lillah” və \"la ilahə illəllah” kimi tələffüz olunan zikrlərdirmi, yoxsa məqsəd başqa şeydir? Bu kimi sözlər batini diqqət olmadan belə bir mühüm təsirə malik ola bilərmi?
Lüğətdə \"zikr” tələffüzdə deyilən zikrlər mənasında gəlmişdir. Həm də qəlbən diqqət yetirməyə və hüzuri-qəlbə də aid edilir. Hədislərdə bu iki mənanın hər biri işlədilmişdir. Hədisdə qeyd olunur ki, Həzrət Musa (ə) münacat edərkən belə dedi: \"Pərvərdigara, dili və qəlbi ilə Sənə ah-zar edən şəxsin mükafatı nədir?” Cavab gəldi: \"Ey Musa! Onu qiyamətdə ərşin sayəsində və Öz pənahımda qərar verərəm.”
Gördüyünüz kimi bu hədisdə zikr həm dildə olan zikr, həm də qəlb vasitəsilə olan zikr mənasındadır. Çoxlu rəvayətlərdə də hər iki mənada gəlməsi qeyd olunur. Amma əksər hallarda qəlbən diqqət yetirmək və hüzuri-qəlb mənasına işlənib. Həqiqi və kamil zikr də bundan ibarətdir. Allahı zikr etməkdə məqsəd budur ki, Allahı ruhani bir məqamda görəsən, dünyanın batininə diqqət yetirsən, özünün hər bir hal və əməllərinə yalnız Allahı hazır və nəzarətçi görəsən. Allahı belə yad edən şəxs Onun göstərişlərinə əməl edər, vacibatı yerinə yetirər və haram işlərdən çəkinər. Buna görə də Allahı zikr etmək çox da asan deyildir. İmam Cəfər Sadiq (ə) buyurur: \"Hər bir kəsin əlindən gəlməyən ən çətin üç əməl var: 1.İnsanlarla özün-özünlə olduğun kimi insafla davranmaq. Yəni, özün üçün bəyəndiyin şeyləri onlar üçün də bəyənəsən. 2.Var-dövlət yolunda möminlə bərabər olasan. (Yəni olduğunu onlarla paylaşasan). 3.Bütün vəziyyət və hallarda Allahı yad etməkdə məqsəd \"sübhanallahi vəlhəmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbər” demək deyil. Bu mənadadır ki, vacib bir iş irəli gələrsə onu yerinə yetirəsən, haram iş qarşıya çıxdıqda onu tərk edəsən.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əmirəl-möminin Əliyyibni Əbitalibə (ə) buyurdu: \"Üç şey mənim ümmətimin imkanı xəricindədir (yəni, onlara çox çətindir): 1.Mal-dövləti mömin qardaşlarla paylaşmaq (və onlarla bu sahədə bərabər olmaq). 2.Özün üçün istədiyini camaat üçün də istəyib, özün üçün bəyənmədiyini onlar üçün də bəyənməmək. 3.Hər vaxt və bütün hallarda Allahı zikr etmək. Zikr dedikdə məqsəd təkcə \"sübhanəllah”, \"vəlhəmdu lillah”, \"la ilahə illəllah”, \"əllahu əkbər” kəlmələri deyil. Əksinə, həqiqi zikr bundan ibarətdir ki, haram bir iş qarşıya gəldikdə Allahı yad edərək Ondan qorxub həmin işi tərk edəsən.”
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: \"Subhan Allaha səhv və qəflət üzündən zikr demə və Onu unutma. Allaha kamil zikr de. Belə ki, qəlbinlə dilin bir-birilə uyğun olsun, batinin zahirinlə uyğun gəlsin. Allahı yalnız o halda həqiqi zikr edərsən ki, zikr halında özünü unudasan və işi yerinə yetirərkən özünü görməyəsən.”
İmam Cəfər Sadiq (ə) buyurur: \"Hər kəs Allahı doğrudan yad etsə Ona müti olacaqdır. Hər kəs Allahdan qafil olsa günaha mürtəkib olar. Allaha itaət etmək hidayət, günaha düşmək azğınlıq əlamətidir. Zikr itaətin, qəflət isə günahın mənşəyidir. Belə isə öz qəlbini qiblə qərar ver. Dilini yalnız qəlbinin göstərişləri, əqlinin müvafiqliyi və imanın razılığı ilə hərəkət etdir. Çünki Allah sənin zahir və batininə agahdır. O kəs kimi ol ki, ruhu qəbz olunma halındadır, yaxud əməllərin hesabını vermək üçün Allahın hüzurunda dayanmışdır. Öz nəfsini özün üçün mühüm olan ilahi təkliflər, yəni əmr və nəhylərin yerinə yetirilməsi, və”d və qorxutmalardan başqa şeylə məşğul etmə. Hüzn suyu ilə qəlbini yuyub pakla. Allah səni yad etdiyi üçün, sən də Onu yad et, çünki O səndən ehtiyacsız olduğu halda səni yad edir. Deməli, Allahın səni yad etməsi sənin Onu yad etməyindən daha dəyərli, ləzzətli, kamil və sabit olacaqdır. Sənin Allah zikri ilə tanış olmağın Onun müqabilində xüzulu, həyalı olmağına və bəndəlik etməyinə, nəticədə Onun sabiq fəzl və mərhəmətini müşahidə etməyinə səbəb olacaqdır. Bu zaman sənin itaətlərin çox olsa da belə, Allahın əta etdiyi nemətlər müqabilində kiçik və əhəmiyyətsiz olacaqdır. Belə isə əməllərini yalnız Allah üçün yerinə yetir. Əgər öz zikrini (böyük) hesab etsən riyakarlığa, xudbinliyə, cəhalətə, camaatla kobud xasiyyətli olmağa, ibadətləri böyük hesab etməyə, Allahın kərəm və mərhəmətindən qafil olmağa səbəb olar. Belə zikrin Allahdan uzaq olmaqdan başqa bir faydası olmaz, dövranın keçməsilə qəm-qüssədən və vəhşətdən başqa bir təsiri olmaz. Allahı zikr etmək iki cürdür: biri xalis zikrdir və qəlb onunla uyğundur. Digəri isə Allahdan başqasının yadını inkar edən zikrdir. Belə ki, Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: (Pərvərdigara,) Mən Səni layiqincə məhd edə bilmirəm, Sən elə Özünü təriflədiyin kimisən.” Deməli, hətta Allahın Rəsulu da öz zikri üçün heç bir dəyər görmür. Çünki bu mətləbə diqqət yetirmişdir ki, Allahın Öz bəndəsini zikr etməsi bəndənin Onu zikr etməsindən irəlidir. Rəsuli-Əkrəmdən (s.ə.v.v.) aşağı mərtəbədə olanlar isə öz zikrlərini əhəmiyyətsiz hesab etməyə daha layiqlidirlər. Allahı zikr etmək istəyən bir şəxs bilməlidir ki, Allah Öz bəndəsini yad etməyincə, ona müvəffəqiyyət və tövfiq verməyincə bəndə Onu zikr etməyə qadir olmaz.”
Gördüyünüz kimi, bu hədislərdə qəlbən diqqət yetirmək və batini hüzur zikrin nümunəsi kimi təqdim olunmuşdur. Özü də, onlar qəlbdən keçən xəyallar və təsirsiz zehni təsəvvürlər kimi deyil, əksinə elə batini və təsirli hüzurdur ki, Allahın əmr və nəhylərinə əməl etmək onun nişanələri kimi tanınmışdır. Lakin bu sözdən \"la ilahə illəllah”, \"subhanəllah”, \"vəlhəmdu lillah” kimi tələffüz olunan zikrlərin zikrin həqiqi nümunələri olmaması təsəvvür olunmamalıdır. Əksinə, bu kəlmələrin özü də Allahı zikr (yad) etməyin müəyyən mərtəbələridir. Bundan əlavə, tələffüzdə olan bu zikrlərin mənşəyi qəlbdir. Dildə bu zikrləri deyən şəxs qəlbən də (az olsa belə) bu sözləri dediyinə diqqət yetirir ki, İslam nəzərindən bu kəlmələrin, zikrlərin dildə deyilməsi, oxunması belə, bəyəniləndir, onların savabı vardır, amma bu şərtlə ki, Allaha yaxınlaşmaq qəsdi ilə deyilmiş olsun. Belə ki, namazın zahiri də həmin hərəkət və kəlmələrdən ibarətdir ki, biz eynilə bunları yerinə yetirməyə vəzifəliyik. Amma buna baxmayaraq, yenə də, hüzuri-qəlb namazın məğzi, ruhudur.
Bütün hüquqlar qorunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .