ABDULLAH İBNİ SӘBA KİMDİR VƏ NƏDƏN O ŞİƏ MƏZHƏBİNİN YARADANI KİMİ QƏLƏMƏ VERİLİR?


Bəzi qərəzli alimlər iddia edirlər ki, şiə məzhəbi üçüncü xəlifə Osman ibni Әfvanın dövründə Abdullah ibni Səba adlı bir şəxs tərəfindən yaradılmışdır.
Әslən yəhudi olan Abdullah ibni Səba müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq üçün belə bir məzhəbin bünövrəsini qoymuş və bütün şiələr öz əqidələrində onun fikir və ètiqadına tabe olmuşlar.
Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya məlumdur ki, şiə etiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mötəbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.
Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tərif və sitayiş olunmalıdır.
Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tərif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lənət yağdırılmışdır.
Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məlun bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mötəbər sənədlərlə göstərilir:
“Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.
Həmin kitablarda İmam Cəfər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:
“Allah Abdullah ibni Səbaya lənət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”
İbni Babəveyh «Әqaidi Səduq» kitabında İmam Cəfər Sadiq (ə)-ın səhabəsi ibni Әyundan nəql edir:
«Bir gün İmam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»
Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lənətləyən yüzlərlə hədisə rast gələrik.
Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lənət yağdırmalı idilər?!
Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.
Yuxarıda qeyd etdiyimiz hədislərdən məlum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yəni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qurani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna etiqad bəsləyirlər.
Şiə məzhəbində etiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.
«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).
Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tərif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.
Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.
Bu batil məzhəbi lənətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.
Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.
«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».
Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .