Sünnə əhlİndən kİmsə İmam Əsgərİnİn (ə) övladını xİlaskar kİmİ qəbul edİrmİ?


Bəzi sünni alimləri İmam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərini yada salaq:
1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: “İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş İmamdır.” (“Kifayətut-Talib”, s. 312.)
2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: “Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, İmam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.” (“Əl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127.)
3. Nurəddin Əbdür-Rəhman Cami Hənəfi deyir: “O yer üzündə ədaləti bərpa edər.” (“Şəvahidun-nübuvvə”,s. 104.)
4. Qazi Bəhlul Behcət Әfəndi deyir: “On ikinci İmam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”. (“Əl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246.)
5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: “Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.” (“Fəraidus-sitmin”, c. 2, s. 132.)
6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:
Minlərlə övliya əl açıb göyə
Mehdini istərlər “ya Allah” deyə.
Ya Rəbb, göndər gəlsin böyük xilaskar,
Ədalət dünyada görünsün aşkar.
7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:
Kişilər sərvəri Əliyə salam,
Ərənlər hünəri Əliyə salam...
Haqqı yer üzündə bərpa edəsi
Mehdi adlı diri vəliyə salam.
8. Sədrəddin Qunəvi şagirdlərinə belə vəsiyyət etmişdir: “Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə “la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.
9. Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi deyir: “Höccət Muhəmmədin, Saleh Xələfin atası dünyadan köçəndə onun 5 yaşı vardı. Allah-tәala Yəhyaya uşaq yaşında hikmət öyrətdiyi kimi, ona da az yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi (ə) dünyanın sonunda zühur edəcək qaimdir...”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .